597
17:31
29 Sentyabr 2019

3 əsrə şahid piano - ABŞ-DAN ASTARAYA NECƏ GƏTİRİLİB?

Əntiq əşya həvəskarları klassik zövqləri ilə fərqlənir. Onların səliqə-sahmanı evlərindəki əşyaları necə qorumalarından bəlli olur.
APA TV-nin məlumata görə, Ehtiram Dadaşovun da evində belə bir əşya var. Daha doğrusu musiqi aləti.
Söhbət bu pianodan gedir. 3 əsrə şahidlik edən Qərb mədəniyyətinə aid musiqi aləti.
Astaranın Şiyəkəran kəndində yaşayır Ehtiram Dadaşov. Bu “səs sandığı” isə ulu babası ilə yaşıddır, 100-dən çox yaşı var. Onu nəsildən-nəsilə keçən qiymətsiz sərvət də adlandırmaq olar. Okean adlayıb, ölkələr keçib, nəhayət Astaraya gəlib: “Piano həyat yoldaşıma babası tərəfindən hədiyyə olunub. Yoldaşımın 3 yaşı olanda babası ona bağışlayıb. Bunu yoldaşım cehiz gətirib, 25 ildir buradadır. Bu piano 1888-ci ildə ABŞ-ın Çikaqo şəhərində hazırlanıb. İçində hər şey yazılıb”.
Bu illər ərzində pianoda rahat ifa etmək mümkün olub. Musiqiçilər də, həvəskar ifaçılar da onun səsinin daha fərqli - gur və aydın eşidildiyini deyib: “3 əsrlik bir musiqi aləti indiyə kimi köklənməyib. Necə yığılıb, elə də qalır, təmir olunmayıb. Heç ehtiyac da olmayıb”.
Bu ailədə musiqiçi yoxdur. Elə qəribə də budur. Musiqiçilərin dili ilə desək, istənilən alətə bir müddət toxunmadıqda, o, insandan “küsür”, “danışmaq” istəmir.
Bu alət isə başqalarına bənzəmir. Bəlkə də məcburdur, çox gəzməkdən yorulub, buna görə adamlarla mehribandır, yalandan sevinir adam görəndə...
Adındakı məna qədər diqqətlə yanaşır pianoya Ehtiram. Lakin bunun kifayət etmədiyini deyir. Yaşlı adamın dava-dərman xərcləri necə artırsa, bu aləti də qorumaq üçün əlavə pul lazım olur. Şərait məsələsi də var - daha doğrusu şəraitsizlik. Alətin səsi insan səsindən də həssasdır. İsti, soyuq, havasızlıq, nəmişlik onun “boğaz”ına daha tez təsir edir. Ev sahibləri isə günün çox hissəsini işdə-gücdə olur.
Hə, darıxır deyəsən bu piano. Bəlkə də dillərində barmaq izlərinin yeri qalan, şən, kədərli sədalarla cavab verdiyi, indi dünyada olmayan kiminsə xiffətini çəkir. Yaxud, tərk edilmiş qoca, ya da küncə qoyulmuş uşaq kimi darıxır.
Bu dəyərli alət bezib intihar da edə bilər bir gün. Əsl piano kimi - özünü kökdən salıb, lal-dinməz qalmaqla...