620
12:04
25 Sentyabr 2019

Avtobusların gecə reysləri bərpa edildi - YENİ QƏRAR

Nazirlər Kabineti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin gecə reyslərinin bərpasına dair təklifinə razılıq verib.
Bu barədə Lent.az -a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2010-cu il may ayının 6-dan Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan (hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Tapşırığa əsasən gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub, saat 01:00-dan 06:00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyən edilib. Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yola düşmə vaxtı saat 20:00-dan sonra məhdudlaşdırılıb.
O dövr üçün bu qərarın əsaslandırılmasına dair gətirilən arqumentlər sırasında ölkə yollarında baş verən çoxsaylı nəqliyyat qəzaları nəticəsində həlak olan və xəsarət alanların sayının artması, əlaqədar qurumların bədbəxt hadisələri diqqətdə və nəzarətdə saxlama cəhdlərinin mümkünsüzlüyü, magistral şosse yollarındakı vəziyyətin ürəkaçan olmaması, bu yolla hərəkət etməyə məcbur köhnə, texniki cəhətdən istismar üçün əlverişli olmayan avtomobil nəqliyyat vasitələri ilə sərnişin daşınmasının təhlükəli olması faktları həqiqətən ehtiyatlanmağa səbəb verirdi.
Əlavə olaraq qeyd edək ki, gecə reysləri zamanı təhlükəsizlik qaydalarına tam əməl edilməsi məqsədilə hər iki istiqaməti dar hərəkət zolaqlarından ibarət olan, xüsusilə dağ relyefli avtomobil yollarında daşımaların həyata keçirilməsinə yol verilməyəcək. Uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasına dair tapşırığın icrası zəruri olacaq.
Alınan qərara əsasən NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən xidmətin həyata keçirilməsi zamanı tam təhlükəsizlik qaydalarına əməl olunması, reyslərin təşkili zamanı bütün risklərin nəzərə alınmasına dair tapşırıq Bakı Beynəlxalq Avtovağzal Kompleksinə verilib və artıq müvafiq müqavilələr bağlanıb. Oktyabrın ayının 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq.
Qeyd edək ki, test rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa prosesə yeni daşıyıcılar cəlb olunacaq.