2276
writer1

Ayxan Ayvaz

Məqalə sayı

46
14:04 19 Sentyabr 2019

Ərli qadınla sevgili olan şair

Mən o kişini atamla bir yerdə olanda görmüşdüm. Ayaqqabı satırdı. Atamı görən kimi çiçəyi çırtlayırdı, düşürdü yanına, başlayırdı söhbətə. Özü də ədəbiyyat söhbətinə.

Sonralar bu kişinin yumurta, stəkan da satdığını gördüm. Və yenə də atamı görən kimi yanına düşüb ədəbiyyatdan söhbət edirdi.

- Sənin filan hekayəni oxudum. Açığı, o posmodernist hekayə deyil.

- Yafəs, mən postmodernizm-zad hərləmirəm.

Hə, açığı onun adını istəyirdim sona qədər gizli saxlayım və siz oxucular tapsın. Amma atam faş elədi.

Yafəs Türksəsi mən belə tanımışdım... Şeir yazdığını bilmirdim... Qəzetlərin birində onun bu misraları ilə qarşılaşanda sözün həqiqi mənasında şok olmuşdum:

Doğrayır gecənin bal sükutunu,
Sübhədək ehtiyac qovan taksilər

Şəklinə baxdım, inanmadım. Gözümü yumub təkrar nəzər yetirdim. Yenə də dedim, ola bilər, bənzətmişəm. Axırı, atama göstərdim.

- Hə, o ayaqqabı satan kişidir.

Atam gülümsündü...

Yafəs haqqında niyə indi, bu məqamda yazmağa başladım, bilmirəm. Əslində bu yazı çoxdan yazılmalıydı.

Sadəcə onun çimərlik fotosu, ardınca yeni sevgilisi haqda məlumat...

Sonra yeni sevgilisindən imtina etmək məcburiyyətində qalması...

Bir dəqiqə... Yeni sevgili demişkən, günlərin birində təkcənə bulvarda gəzişirdim ki, Yafəslə rastlaşdım.

- Sənətkar, salam!

Sən demə, enli çiyinlərinin arxasında bir qadın varmış. Çəkiləndə gördüm. İndi Yafəsin mənə o qadını tanıtmasına fikir verin:

- Bura bax e... Bu qız sevgilimdi... – bura qədər normal, dalına qulaq asın... – Əri də var.

Və ardınca “hihahaha!”

Bu yaxınlarda mənə zəng edib. Qarışıq bir yerdəydim, səs-küydən qulaq tutulurdu. Səssiz yerə keçib telefonu qulağıma tutdum:

- Sənətkar, təzə sevgilim var, adı... Onu sayta xəbər kimi qoy da...

Məni gic bir gülmək tutdu.

Sevdiyim qızların heç birini ala bilmədim
əlim çörəyə çatanacan uçub getdilər.

Başa düşdüm ki, Yafəs o uzaq gəncliyində onu bəyənməyən, kasıbçılığına görə ondan üz döndərən qızların qisasını alır.

Bəlkə də Yafəsi atıb gedən, yaxud Yafəsə gəlməyən qızların indi ona ürəyi yanır, yox deyə bilmirlər şairə.

Ən dəqiqini isə bilirəm: Yafəs gəncliyini yaşaya bilməyib. Bəlkə heç uşaqlığını da. Müharibə illəri, ailə faciəsi, uçulmuş ev, Bakı, 90-lar... Hər cür işin altına girmək... Yıxılan gənclik binası...

Yafəs unikal adamdı.

Və bədbəxtdi.

Bəzən onun kim olduğunu bilməyən adamların Yafəsi doladığını görəndə içimdə nələrsə qırılır. Uşaqlığım yadıma düşür. Ayaqqabı satan o kişi gözümün qabağına gəlir.

Yafəsin atası müharibədən kontuziya ilə qayıdıb, bədəni para-para olub. Ona vəzifə təklifi gəlib, rədd edib, yerini başqa müharibə əlilinə verib. Deyib, mənim əlim-ayağım tutur, bənna işləyərəm.

Kasıbçılıqdan xilasımıza
yeganə ümüdümüz olan
Son kurs tələbəsi qardaşımın
Qəfil vəfatından sonra
Uçdu bu dünyanın bənnasına
bəslədiyim inam divarı!

Yafəs 4-cü sinifdən atasız böyüyüb. Böyük qardaşı saxlayıb onu. Dörd qardaş, bir bacı olublar. Bu şeir həmin günlərin ağrısından doğub. Yafəs o günləri mənə danışanda bir detal xüsusilə təsir eləmişdi. Anası ilə bacısı lampa işığında xalça toxuyurlarmış...

Oxumaq üçün “sinov” gedirlərmiş. Böyük qardaşlarına yaman inanıblarmış. Yafəs düşünüb ki, onları bu kasıbçılıqdan, çətinlikdən çıxarsa-çıxarsa qardaşı çıxaracaq.

Və qəfil qardaşı sətəlcəm olub ölür...

Hamısı sarsılıb. Balaca qardaşı oxuya bilməyib. Bacısını istədiyi adam da tərk edib. Havalanıb bacısı. Aparıb psixi xəstəxanaya qoyublar...

Yafəs o vaxtlar şeir yazmayıb. Dərdlər yığılıb-yığılıb daşdığı vaxt qələmə sarılıb.

İndi o ağrılı-acılı günlərin qisasını çıxır Yafəs. Ona görə belə qeyri-adi şeylərə qol qoyur. Kədəri birmənalı həyatından uzaq tutur. Bir qızdan ayrılıb zülüm-zülüm ağlayan və sentimental sicilləmə yazan gənc şairlərə qəzəblənir həmişə:

- Pozitiv olun! Pozitiv!

O, hamını pozitiv şeirlərə, pozitiv anlara səsləyir.

Yafəsin bir cümləsi uzun müddət yaddaşımdan çıxmamışdı:

“Həyatda həmişə özümdən zəiflərə uduzmağın taleyini yaşamışam”.

Ancaq mən onu zırıldayan, ağlayan görməmişəm. Sentimentallıqdan çox-çox uzaqlardadır...

Mən Yafəs qədər səmimi adam görməmişəm. “Yazar” jurnalında hekayəmi çap etmişdi. “Xalqlar dostluğu” metrosunun çıxışında görüşdük. Qonorarımı uzatdı: məbləği deməyəcəm. Ardınca:

- Jurnalı alıbsan?

- Yox!

- 5 manatı ver görüm.

Qonorarın üstündən 5 manat da götürb mənə bir jurnal uzatdı və çantasını qoltuğuna vurub getdi...

Yafəs dərdli adamdı...