1351
writer1

Aliyə

Məqalə sayı

32
14:15 12 Sentyabr 2019

Professor düz deyir: universitetlərimiz yalnız oğlan tapmaq üçündür

Giriş

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Şahlar Əsgərov təhsillə bağlı konfranslardan birində deyib ki,gənc qızlar üçün universitet gələcək həyat yoldaşını tapmaq üçün ideal məkandır.

 

Zavyazka (düyünlənmə)

Bu sözlər maarifçi yoldaşlarda qəzəbə səbəb olmuşdur, halbuki müəllim olduqca haqlıdır. Universitet Azərbaycan qızları üçün valideynlərin razılaşdığı azad bir mühitdir. Məktəbdən sonra yeganə yerdir ki, naməhrəm sayılan əks cinsi ilə bu qədər bir yerdə ola, söhbət edə, əylənə bilər. Ölənə kimi uşaqlarının azadlığını tanımayan valideynlər də yalnız universitetdə uşaqları sarıdan arxayın olurlar -necə olsa, oxumuş uşaqlarla bir yerdə olacaq - universitet də təhsil ocağıdır, müəllimlər var. Müəllimsə keçmiş sovet sakinləri üçün mayak kimi bir işıqdır.

Üstəlik, ən azı kəndlərdə əvvəlki kimi oğlanla qızların işləyə biləcəyi kollektiv iş yerləri yoxdursa, əlac ancaq əmidostunun məsləhətinə, yəni görücülük üsuluna, toylarda baxışmalara, mahnı sifariş edib mesaj göndərməklərə qalırsa, ki buna da ideal tanışlıq demək olmaz, universitet ən yaxşısıdır.

Bununla toyda, bulaq başında, küçədə göz-gözə gələndə, hətta yuxuda bir-birini görüb aşiq olanların ittifaqını aşağı rəfə qoymuruq. Eşq bir ruh azadlığıdır və bu azadlığı olan adamlar üçün məkan zaman fərq etmir.

Zavyazka (Düyünün açılması)

Amma Şahlar müəllimin fikirlərini təpki ilə qarşılayanları da anlamaq lazımdır. Ola bilsin ki, onlar Şahlar müəllimin nitqində etiraf, ümid notları duyublar. Universitetlərin keyfiyyətli təhsil vermək, peşəkar mütəxəssis yetişdirmək məsələsində artıq bir işə yaramadığı, barı yüksək səviyyəli tanışlıq üçün məkan olduğu fikrini tutublar:

“Bizim qızlar kafe, restoran gəzib özünə ər axtarmaz. Onu valideynlər etməlidir. Düşünürəm ki, qızlarımız elə universitetlərdə öz gələcək həyat yoldaşını tapsa, daha yaxşı olar. Ona görə həmişə deyirəm ki, universitetlər giriş qapılarını geniş açmalıdır, çıxış qapılarını bağlamalıdır".

Deməli, Şahlar müəllimi qınayanlar, daha düzü, onun fikirlərindən məyus olanlar da haqlıdırlar. Universitetə evlənmək üçün gediriksə, bəs sabah bu nikahlardan doğulacaq uşaqlara yaxşı həkimi hardan tapaq?

Kulminasiya - açıq final

Bircə “çıxış qapılarını bağlamalıdır” cümləsini izah edə bilmirəm. Yəni ordaca evlənməli, kurslarda qalmalı, ömrünün sonunadək tələbə olmalıdırlarmı, yoxsa nə?

Müəllim tutub universitetə hazırlaşan və daxil olan uşaqların sayı ilbəil artır. Əgər çıxış qapılarını bağlasalar xalq olaraq universitetdə qalacağıq. Məncə azadlığa dəyər vermişkən, bu məqama da pozitiv yanaşmalı, hər yerdə - teatrda, avtobusda, eləcə də universitetdə çıxış qoymalı, həm də çıxış sözünü iri-iri yazmalıyıq. Hər məsələdə bir çıxış yolu olmalıdır.

ÇIXIŞ

P.S. Yazıda “Dram nəzəriyyəsi” kitabına istinad olunmuşdur.