813
writer1

Oğuz Ayvaz

Məqalə sayı

6
19:41 11 Sentyabr 2019

Səssiz sevişən yataqxana əhli

Keçənlərdə yataqxanada yaşayan dostumla görüşdüm. Binaları uçuq-sökük, gəmi kimi yorğun görünürdü. Ağacların kötüklərində oturub adama bir siqaret alovladıq. Bu an qarabuğdayı bir uşaq pişiklərə daş atırdı. Yerimizdən sıçradıq...

10-12 yaşlarımda, qarabuğdayı, sısqa uşaqdım. Yataqxananın həyətində çoxlu pişiklər, küçüklər olardı. Məhəlləmizdə daha çox qaçqın ailələr vardı. Onların uşaqları da it oynadanın biri. Hansı daşın altını qaldırsan, altından onlar çıxardı. Aliminumdan tutmuş alça oğurluğuna qədər...

İtlər saxlayar, onları çoxaldardıq. Eynən yataqxanamızdakı ailələrdə də hər ay bir uşaq doğulardı.

Bizim məhəllə kiçik ada ölkələrinə bənzəyirdi. Binamızın qarşısından keçən yolu Nil çayına bənzədərdim. O yolu keçmək üçün anamızdan mütləq icazə alardıq.

Keçək yataqxanamızın içinə. Pillələr köhnə, çirkli, zibil qoxulu. Mən hərdən buralara gəlirəm. Uşaqlığımın şəhərinə. Dəhlizimiz uzun, darısqaldır. 2000-ci illərdə hər mərtəbədə 12-13 ailə qalardı. Hər dəhlizin öz hekayəsi olardı. İnsanlar bir-biri ilə elə qaynayıb-qarışırdılar ki, deyərdin az qala qohum olacaqlar. Amma biz qohumlardan da yaxın, doğma idik. Yadımdadır, işıqlar sönəndə qonşuların birində mütləq qaz balonu olardı. Hamı yeməyini o balonda bişirər, elə dəhlizin şam işığında yeməyimizi bəh-bəhlə yeyərdik.

Pəncərədən vuran küləyin uğultusu içimizi üşütməzdi. Onda işıq sönəndə hamı bir olurdu, işıq yananda da.

Nazim Hikmət demiş, yaşamak bir ağaç gibi tek ve hür ve bir orman gibi kardeşçesine. Şairin dediyi kimi yaşayırdıq. Dedim axı, işıqlar sönərdi tez-tez. Oturub söhbət edər, işığın yanmasını gözləyərdik. Uşaqlar qaçışardı ora-bura, oyunlar oynanılardı... Elə ki işıqlar yanırdı, hamı bir ağızdan “urraa” deyib sevinirdi.

Dostum kürəyimə toxunur. Silkələnirəm.

- Qaqa, nə oldu, özündəsən? Siqaretin külü üstünə düşüb e...

Onun üzündəki donmuş ifadəyə baxıb gülümsünürəm.

Yataqxanamızda yay ayları dəhşətli keçərdi. Gecələr dözülməz istilər üstümə hücum çəkəndə özümü dəhlizin qaranlığına atardım.

Uzun qaranlıq yol. Saat 2-3 olardı, yuxum ərşə çəkilərdi. Belə olanda qonşulardan xəfif iniltilər, pıçıltılar eşidərdim. İlk dəfə sevişmənin səsini duyurdum. Ürəyim az qalırdı yerindən tullanıb düşsün. Nəfəsim daralır, bədənimin titrədiyini hiss edirdim. Dünyada eşitdiyim ən ehtiraslı səslər idi. Ancaq kədərli bir tərəfi də vardı. Böyüyəndə bunu başa düşdüm. Cütlük çox sakit, aramla sevişir, uşaqların oyanmasını istəmirdilər. Dörd uşaqları vardı. Ona görə qadın tez-tez “yavaş, sakit” deyirdi ərinə.

Dostum nəsə danışır. Onu dinləmirəm. Yalandan pantomim hərəkətlərlə yola verirəm. O isə buna inanır. Mənsə xatırlayıram. Elə durmadan pişikləri tutmaq istəyən qarabuğdayı oğlana tamaşa edirəm.

Yadıma düşür, qonşudakı kişilər bizim evə atamla şahmat oynamağa gələrdilər. Biz uşaqlar da kirimişcə onları seyr edər, aradabir qımışardıq. Hərdən arvadlar qeybət üçün dəhlizin gözdən-könüldən uzaq bir küncünə yığılar, pıçıltı ilə kimdənsə danışar, tez-tez də pıqqıldaşardılar.

- Əslində mən də özümü iki dövrün adamı hesab edə bilərəm... – dostumun üzünə baxıb dilə gəldim.

- Bunun söhbətə nə dəxli? Mən deyirəm aşağı məhəllədə bir qızdan xoşum gəlir. Sən nə deyirsən? – kişmiş rəngli gözləri parıldayırdı dostumun.