1605
12:26
09 Sentyabr 2019

“Kəsilən namizədlər belə narazı deyildi” - Sədr imtahandan danışdı

“Şəffaflığın ən pik nöqtəsidir, bundan o yana şəffaflıq ola bilməz”

Məlum olduğu kimi dünən vəkil olmaq istəyənlər Vəkillər Kollegiyasının DİM-lə birgə təşkil etdiyi imtahandan keçdilər. Bu imtahanın nəticələri ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Lent.az -a açıqlama verib. Kollegiya sədri bildirir ki, imtahan uğurlu alındı və şəffaflıq tam qorundu:

“Bu imtahan bir daha onu göstərdi ki, ölkədə vəkillik peşəsinə maraq çoxdur. Son illər ərzində məhkəmə-hüquq sistemində aparılan islahatların nəticəsidir ki, hüquqşünaslar vəkil olmaq istəyir, vəkillik peşəsi güclənir, nüfuzu artır. Vəkilliyin ölkədə inkişafının bariz nümunəsi imtahanda iştirak edən namizədlərin çoxluğudur. Belə ki, 340-dək namizəd arasından 189 nəfər uğur qazandı. İmtahan suallarının dəqiq, düzgün olmasının sübutu odur ki, iştirakçılardan bir nəfər belə suallardan şikayətlənməyib. Biz imtahandan çıxan namizədlərlə maraqlanan zaman bunu gördük. Təsəvvür edin ki, hətta kəsilən namizədlər belə suallardan narazılıq etmirdilər".

Onu da qeyd edək ki, dünən Azərbaycanda bir ilk yaşandı. Bu yeniliklə bağlı A.Bağırov bunları söyləyir:

"İlk dəfə olaraq Vəkillər Kollegiyası hüquq peşələri sırasında bu imtahanı Dövlət İmtahan Mərkəzi ilə birgə mərkəzin kompüter otaqlarında keçirib. Şəffaflığın da gözəl nümunəsi odur ki, namizədlər elektron qaydada imtahan verir və dərhal sonra da cavablar onlara təqdim olunur. Bu vəziyyət bizi də qane edir. Şəffaflığın ən pik nöqtəsidir, bundan o yana şəffaflıq ola bilməz. Yoxlama aparan yerli və xarici mütəxəssislər də razılıqlarını bildirdilər. Namizədlərin 60%-i 40 yaşına qədər olan şəxslər idi. İştirakçıların 51%-i 46 şəhər və rayonu təmsil edib. Bu imtahanlar nəticəsində regionlarda və həmçinin ölkədə vəkillərin sayı artacaq. Ümid edirik ki, növbəti ayda da imtahan keçirəcəyik. Artıq bizim 180 namizədimiz növbəti imtahanı gözləyirlər. Növbəti imtahan da baş tutacağı təqdirdə ilk dəfə olaraq bir ildə 3 imtahan keçiriləcək. Həmçinin əvvəlki illərdən fərqli olaraq “Vəkillik və Vəkillik Fəaliyyəti haqqında” qanuna edilən dəyişikliyə əsasən, yazılı imtahandan kəsilən namizəd bir il gözləməyəcək, dərhal növbəti imtahanda iştirak edə biləcək. Dövlət başçısı tərəfindən vəkilliyə göstərilən diqqət və qayğı, yeni vəkil qurumlarının yaradılması, maddi-texniki bazanın yaxşılaşdırılması, kollegiyanın fəaliyyətini şəffaf şəkildə qurmağı, məlumatların ictimaiyyətə mütəmadi verilməsi vətəndaşlarda vəkilliyə inamı artırır. Bu da onu göstərir ki, tutduğumuz yol doğrudur və biz bu istiqamətdə işlərimizi illərlə davam etdirəcəyik”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 9 noyabr 2017-ci il tarixli sərəncamına əsasən, Vəkillər Kollegiyasına vətəndaşların keyfiyyətli hüquqi yardım alması məqsədilə vəkilləri sayının artırması tövsiyə olunub. Həmin tövsiyə ilə bağlı 9 dekabr 2017-ci ildə Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə sənəd qəbul prosesi bərpa olunmuş və Vəkillər Kollegiyası tarixində ilk dəfə olaraq imtahana hazırlıq proqramı namizədlərə təqdim edilib. DİM-lə birgə yazılı qaydada keçirilən ilk imtahan 28.01.2018 tarixində 2000-ə yaxın namizədin iştirakı ilə baş tutub.

Mehman Nəbiyev