300
11:09
09 Sentyabr 2019

Məktəblərdə vəzifə tutmaq istəyənlər daha bir mərhələni geridə qoydu

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilən müsabiqənin müsahibə mərhələsi başa çatıb.

İdarədən Lent.az -a bildirilib ki, ümumilikdə, işə qəbul üzrə müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim edən 488 nəfər müsahibəyə dəvət olunub. Onlardan 92-si təlim-tərbiyə işləri üzrə direktor müavini, 47-si tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 21-i gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 32-si psixoloq, 46-sı uşaq birliyi təşkilatı rəhbəri, 219-u laborant, 31-i kitabxanaçı olmaq istəyən şəxslərdir.

Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq.

Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilən “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.