1145
writer1

Cavi Dan

Məqalə sayı

16
15:40 06 Sentyabr 2019

Bizi necə aldadırlar?

 

Bizdə əksinədi - bayramlar və digər mühüm məqamlar ərəfəsində endirimlər yox, süni şəkildə bahalaşmalar olur.

Elə məsələn, hal-hazırda Bakıda və universitet olan bölgələrin hər birində olduğu kimi.

Nə baş verir?

Bir kiçik haşiyədən sonra deyərəm.

 

Haşiyə: Bilənlər bilir, bilməyənlərə də deyək ki, hər ilin Novruz bayramı ərəfəsində Lənkəranda və ətraf bölgələrdə bir “balıq bazarı” yanğını baş verir. “Yanğın” (el dilində “pajar”) sözünü sadə camaat özü verir bu bazara. Belə ki, bayram süfrəsi üçün lazım olan və məhz bayram ərəfəsində od qiymətinə satılan bütün ləziz təamlardan əlavə, lənkəranlıların ilaxır çərşənbədə mütləq ziyad (kütüm) balığı yemək, bu balığı simli-simli ləvəngi edib, nişanlı qızlara xonçada, ağzında qızıl üzüklə aparmaq adəti var. Başqa bir adət də ilaxır çərşənbəyə bir həftə qalmışdan etibarən bazarlarda ziyadın qiymətinin birə beş (bəzən on) qalxmasıdır. Şəxsən bizim evə bu balığın 30 sm olanının 60 manata alındığı vaxt olub. Qiymət artdıqca camaatın təzyiqi, həyəcanı, panikası da artır, artır, artır...ta ki ilaxır çərşənbə axşamının olacağı tarixədək. Məhz bu tarixdə o balıqların qiyməti tamamilə ölür və balıq alverçiləri yeli çıxmış rezin kürə kimi fısıldaya-fısıldaya əllərində iki-iki, üç-üç ziyadlar, adamlara yalvarırlar: “Bayram axşamıdır, üç manat ver, götür, sən də sevin, mən də”.

 

İndi keçək mətləbə.

 

İyul ayının ortalarından etibarən Bakıda və universitet olan bütün digər bölgələrdə də bu cür bazar yanğını var. Əlbəttə ki, kirayə ev bazarını nəzərdə tuturam. Tələbələrin təhsil almaq üçün şəhərə axını ərəfəsində onları qarşılayan rahat və ucuz tələbə yataqxanaları deyil, dəllal və fürsətçi ev sahiblərinin od qiymətinə təklif etdiyi tozu-kiri, iyi-pası, siçovulu-tarakanı bol, əvəzində də su, qaz, işıq problemli mənzillər olur. Düzdür, daha rahat və gözəl şəraitli evlər də var, lakin onların qiyməti məhz dərs ilinin başlandığı ərəfələrdə adi od yox, “müqəddəs və əbədi od” qiymətinə olur ki, o da ancaq xaricdən gələnlərə və yüksək aylıq gəliri olan şəxslərə normal görünə bilər.

Mənim özümün tələbə vaxtlarım atəşkəsdən sonrakı ilk illərə düşüb, o zamanlara ki, tələbə yataqxanalarında məcburi qaçqın və köçkünlər məskunlaşmışdılar.

İndi vəziyyət o vaxtkı kimi ağır deyil.

Adamlar övladlarının təhsil ala bilməsi üçün iki-iki, üç-üç, dörd-dörd birləşib, kiçik ittifaqlar yaradırlar və rahat şəraitli mənzil tapıb, baha da olsa, öz aralarında ümumi məbləği bölərək, məsələni həll edirlər.

Əlavə evi olanlar da fürsətdən istifadə edərək, məsələn, vur-tut 35 kv.m-lik bir mənzilə dörd, hətta beş çarpayı atır, elanda da “ancaq tələbə qızlara” deyə vurğulayaraq, adambaşına da 100, aşağısı, 80 manat qiymət oxuyurlar. Təsəvvür edin ki, övladınız heç vaxt yaşamadığı bir şəhərə oxumaq üçün gedir və heç vaxt tanımadığı adamlarla bir otaqda, hətta bir çox elanlardakı “divan açılır, taxt ikinəfərlikdir” qeydlərini nəzərə alsaq, bir yataqda olmalıdır. Bu toyuq hini boyda olan otaqda dörd, ya beş qız necə dərs oxuyacaq, necə imtahana hazırlaşacaq, necə dincələcək? Kimsənin marağında deyil. Maraq ancaq daha çox möhtac və girinc tələbə dəvət edib, daha çox pul qazanmağa hesablanıb. Valideynlər isə daha rahat mənzilə imkan tapmayacaqlarını anlayıb, övladlarını bu darısqal, kirli və psixoloji problemlər yaratmaqdan başqa nəyəsə yaramayan evlərə etibar edib gedirlər.

 

Mənim də qızım təhsil alacaq deyə, mənzil axtarışına çıxdım. Amma özümün də onunla birlikdə qalmağım şərtilə. Qərar bu idi ki, bizə ikiotaqlı, rayondan şəhərə ağır heç nə daşımayaq deyə, içində avadanlığı olan mənzil lazımdır. Bütün kirayə elanları saytlarını dolaşdım, telefonum dəllal və ev sahibləri nömrələri ilə doldu, axtarışlara nə qədər pul və vaxt xərclədim, lakin gücümün çatacağı maksimum 350 manat dəyərində normal şəraitli bir mənzil belə tapmadım. Tapanda da zəng etdiyim makler dərhal “o ev verilib, amma o ərazidə başqası var, yüz manat baha” deyirdi (sanki bütün maklerlər sözləşmişdilər). Sonradan bildim ki, bu metod maklerlərin özünüreklamıdır, gerçək ev elanı yox. Ən pisi isə, makler kimi fəaliyyət göstərən şəxslərin bir çoxunun “ev yiyəsi burada yoxdur, ev də əldən çıxacaq, dərhal bir ayın pulunu və 100 manat da ofis haqqını verin, girin evə” deməsi idi. Aydın məsələdir ki, ofisin yerini və müqaviləni, əsasən də evin sahibini görməyi tələb edəndə söhbəti fırladır və “artıq ev verilib e, indi elə mesaj (zəng) gəldi, sağ olun” deyib aradan çıxırdılar. Hətta ev axtardığım ilk günlərdə məni belə dələduzlardan məhz həmin dəqiqə üstümdə pulumun olmaması xilas etmişdi, bunu sonra anladım.

 

Dərs ili qabağı kirayə mənzil ajiotajından şəxsi qərəzlər və hətta əyləncə, dost zarafatı üçün istifadə edənlər də olurmuş. Məsələn, sən bir elan görüb orada qeyd olunan nömrəyə zəng vurursan və “Salam, filan mənzilə görə narahat edirəm” dediyin andaca yazıq və yorğun kişi səsi az qala ağlaya-ağlaya qarğış etməyə başlayır. Çaşıb qalırsan ki, axı mən nömrəni düz yığmışam, niyə qarğış edirsiniz? Deyir ki, ay anam, ay bacım, mənim nə evim var, nə də maklerəm, dostlarım “piyanbaşına” zarafat ediblər guya, təpələrinə dəysin, allah onlara lənət eləsin, dünəndən mənim zəhləmi töküb bu zənglər, dəli olmuşam.

 

Hələ bir xanım adı və nömrəsi də vardı, iki dəfə ayrı-ayrı elanlar altında gördüm o nömrəni. Elanlar məhz mənzilin gözəlliyi və qiymətin azlığı (300) ilə cəlb edirdi, votsapa yazmağın gərəkliyi xüsusi tələb olunurdu. Votsapda da körpə uşaqla oynayan gənc qadın fotosu. Yazırsan, sonra anlayırsan ki, bu da tələdir, ya sənin üçün, ya nömrə sahibi üçün.

 

Ailə və nəsil-nəcabət tərəfindən təklif edilən tanış maklerlərin isə hamısı bir ağızdan eyni məsləhəti verirdi: Bir az gözləmək lazımdır, indi hamı tələbələr üçün ev axtarır, üstəlik, evləri plana düşən ailələr də kirayə qalırlar deyə, bu qədər bahalıqdır. Sentyabrın uzaqbaşı onundan sonra bazar öləcək, indi 450-yə olan evləri ondan sonra 300-ə tapa bilərsiniz.

 

Əslində, bu məsləhətin özü də qorxudur adamı. Axı normal şəraitli mənzillərin çox baha, ucuz qiymətli mənzillərin isə çox bərbad olduğu bu həssas ərəfədə maklerlər bütün ev axtaranlara verirlər o məsləhəti?! Bəs hamı da mənim kimi məhz həmin vaxtı gözləsə? Dərs ilinin başlamasına bir həftə qalmış hamı daha böyük kirayə bazarı yanğını yaratsa?

 

Düzdür, mən gücüm yetəcək qiymətə mənzil tapmışam. Amma aldanmaq şərtilə: kondisioner işləmirmiş, qəşəng örtüklərin altındakı yumşaq mebellər sınıq imiş və s.

 

Qiymətlərin düşməsini gözləyirəm ki, o mənzili dərhal dəyişim.

 

Siz də dəyişin, makler və əlavə mənzil sahibləri, nolar. İnsaflı olun.