777
20:30
23 Avqust 2019

100 illik sirr: Radio qanlı müharibədə necə qalib gəldi? – TARİXİN SANDIĞINDAN

Hələ 1892-ci ildə Peterburqda Fransa və Rusiya arasında hərbi konvensiya imzalanmışdı. O sənədə əsasən, “Üçlər ittifaqı”na daxil olan dövlətlərin hansınınsa hücum edəcəyi təqdirdə, iki ölkə, yəni Fransa ilə Rusiya bir-birinə yardım etməyə borclu idi.

Müharibə başlansa, Rusiyanın 15 gün ərzində alman cəbhəsinə 800 minlik ordu çıxarıb, təcili hücuma başlamaq kimi bir öhdəliyi vardı. Az sonra, hətta Almaniya əleyhinə əsas zərbənin istiqaməti də müəyyənləşdirildi: Şərqi Prussiyada Narevdən Aldenşteynə tərəf. Hücuma 15-ci gün keçmək öhdəliyi o demək idi ki, əməliyyatda rus ordusunun yalnız 30 faizi iştirak edə bilərdi; ordunun tam toplanması üçün 40 gün lazım idi.

Haşiyə: Üçlər İttifaqı – 1882-ci ildə yaranmış, Almaniya, Avstriya-Macarıstan və İtaliyanın daxil olduğu hərbi-siyasi blok; Avropanın düşmən düşərgələrə bölünməsinin əsasını qoyub, Birinci Dünya müharibəsinin başlanmasında müstəsna rol oynayıb. Üçlər İttifaqının əsas təşkilatçısı 1879-cu ildə hərbi ittifaqa girmiş Almaniya və Avstriya-Macarıstan olub. 1882-ci ildə Almaniya, Avstriya-Macarıstan və İtaliya məxfi müttəfiqlik sazişi imzaladı. Onlar tərəflərdən birinə qarşı yönələn heç bir razılaşmada, müqavilədə və sazişdə iştirak etməmək; siyasi və iqtisadi məsələlər barədə bir-birilə məsləhətləşmək; bir-birinə yardım göstərməyə dair 5 illik öhdəlik götürdülər. Müqavilə 1912-ci ilədək dəfələrlə uzadılıb.

Sonradan hərb tarixinin tədqiqatçıları bunun çox səhv qərar olduğu barədə qənaətə gəlmişdilər. Tarixçilərin diqqətindən yayınan başqa bir səhv də bu idi ki, ordu şifrləmə bürosunun rəisi polkovnik Andreyev müharibə zamanı istifadə etmək üçün nəzərdə tutulan yeni şifrəni birləşmələrə qabaqcadan göndərməkdən ehtiyat edirdi. Polkovniki başa düşmək olardı: o, şifrin Almaniya və Avstiya-Macarıstanın əlinə keçəcəyindən qorxurdu və bu şübhəsi qəti əsassız deyildi. Hər necə olsa, onun gördüyü bu ehtiyat tədbiri sonradan çox acınacaqlı nəticələrə səbəb oldu.

Almaniya Rusiyaya 1914-cü il avqustun 1-də, Fransaya isə avqustun 3-də müharibə elan etdi və ertəsi gün Paris üzərinə hücuma başladı. Vəziyyət fransızlar üçün çox dramatik idi. Avqustun 5-də fransız hökumətinin təcili kömək barədə müraciəti Rusiya rəhbərliyinə təqdim olundu. Fransa səfiri Paleoloq Rusiya idarələrinin kandarını sökür, Şərqi Prussiyada hücumun tezləşdirilməsi üçün Fransanın necə ağır vəziyyətə düşdüyünü müxtəlif ranqlı məmurlara söyləyirdi.

Avqustun 10-da Baş qərargah Şimal-Qərb cəbhəsinə ilk direktivini göndərir: “Əldə olan səhih məlumatlara əsasən, Almaniya bizim cəbhədə məhdud sayda qoşun saxlayaraq, əsas qüvvələrini Fransaya qarşı yönəldib... Müttəfiqlik öhdəliyimizdən çıxış edərək, biz də fransızlara yardım göstərməliyik... Ali Baş komandan belə hesab edir ki, Şimal-qərb cəbhəsinin orduları təcili olaraq, hazırlığa başlamalıdırlar ki, ən yaxın zamanda xaç çəkib, sakit və planlı hücuma keçməlidirlər”.

Xaç çəkmək məsələsi asan idi, onu ruslar yaxşı bacarırdılar deyə, hücuma tez keçdilər. Hərçənd ki, Rusiya Baş qərargahının rəhbərliyində çalışan Yanuşevski və Jilinski avqustun 13-də belə bir bəyanat vermişdilər: “Şərqi Prussiyaya tələsik hücum uğursuzluğa məhkumdur, çünki qoşunlar çox dağınıqdır, daşınma isə bir yığın əngəllə qarşılaşır”.

O vaxt alman qüvvələrinin, xüsusilə də topların sayı bir dəfə yarım artıq idi; bu üstünlük silah-sursat sarıdan daha çox hiss olunurdu. Lakin almanların strateji kəşfiyyatı çox bəsit fəaliyyət göstərirdi. Faktiki olaraq, ilk böyük toqquşmayadək alman ordusunun komandanlığı düşmən barədə heç bir məlumata malik deyildi.

Avqustun 17-də sübh çağı Rennenkampfın komandanlıq etdiyi ordu 70 kilometrlik bir cəbhə ilə Şərqi Prussiyaya girdi. Avqustun 20-də isə say və artilleriya baxımından üstünlüyə malik olan alman diviziyaları rus ordusunun Qumbinendəki qruplaşması üzərinə hücum etdi. Almanların qoşunu sıx dəstələrlə, mahnı oxuya-oxuya irəliləyir, lap ön sırada at belində zabitlər gəlirdi. Təbii ki, bu özünə arxayınlığın cəzası çox gözlətmədi – ruslar əla atıcılıq məharətlərini göstərməyə fürsət tapdılar.

Qumbinen yaxınlığındakı döyüşdə almanların 8-ci ordusu darmadağın edildi. Ordu komandanı fon Pritvits Şərqi Prussiyanı qoyub, Visla çayından o üzə keçmək, baş komandanlıqdan kömək istəmək qərarına gəldi. Vəziyyət həqiqətən gərgin idi: rus ordusu Şərqi Prussiyadan birbaşa hücuma keçsəydi, Berlinə kimi gedəcəkdi.

Pritvits və onun qərargah rəisi Valderzeyeni istefaya göndərirlər. İstefadan geri çağırılan general Gindenburq və 8-ci ordunun yeni qərargah rəisi Lüdendorf təcili olaraq Şərqi Prussiyaya yola düşür. Ən başlıcası isə səhra baş qərargahının rəisi və alman ordusunun faktiki rəhbəri fon Moltke şərq cəbhəsini qərbdəki qoşunlar hesabına gücləndirməyə qərar verir. Ora daha iki korpus və süvari diviziyası göndərilir, ehtiyatda olan daha bir korpus isə hazır vəziyyətdə hadisələrin inkişafını gözləyir. Bütün bunlar qərb cəbhəsinin həlledici döyüşü – Marna döyüşü ərəfəsində baş verir.

Bu prosesin nəticələri sentyabrın əvvəlində, “Marna” möcüzəsi baş verəndə aydın oldu: almanlar Parisin darvazası qarşısına yetişmişdilər, lakin son zərbəni endirmək üçün cəmi iki korpus çatmadı.

Uinston Çörçill 1930-cu ilin mayında “Deyli Teleqraf” qəzetində dərc etdirdiyi məqaləsində yazırdı: “Qumbinen barədə çox az adam eşidib və heç kəs bu misilsiz qələbənin oynadığı rolu layiqincə qiymətləndirə bilməyib. Rusların əks-hücumu, Makenzenin verdiyi ağır itkilər almanların 8-ci ordusunda panika yaratdı və bu ordu yaralılarını da ölülərini də meydanda buraxıb geri çəkilməklə, Rusiyanın gücü qarşısında əzildiyini etiraf etdi...”

Bəs, bu vaxt Şərqi Prussiyanın özündə nə baş verirdi?

Rennenkampf Qumbinendə general Makenzeni darmadağın edəndən sonra, 17-ci korpus möhkəm artilleriya atəşi altında qaldı və şəxsi heyətin 30 faizini itirəndən sonra panika içində geri çəkildi. Sonra da, Makenzeni təqib edib, Şərqi Prussiyadan çıxarmaq əvəzinə, qətiyyətsizlik göstərib, dayandı.

Cənub tərəfdən süvari generalı Samsonovun 2-ci ordusu hücuma keçməli idi. Baş qərargahın fikrinə görə, onlar Rennenkampfın ordusu ilə birlikdə mühasirə halqasını qapayaraq, alman ordusunu tamam məhv etməli idilər. Plan gözəl idi, amma reallıqda necə oldu? Samsonovun ordusu operativ hazırlıq olmadan döyüşə atılmalı oldu. Rennekampfın ordusu ilə heç bir rabitə olmadığından ordular öz addımlarını koordinasiya etmək imkanından məhrum idilər.

Ordular arasında radio əlaqəsi yarananda da, bəlli oldu ki, Rennenkampfın ordusu artıq yeni şifr aldığından, köhnəsini məhv edib. Samsonovun ordusunda isə yalnız köhnə şifr vardı. Beləliklə, birlikdə hərəkət etməli olan orduların hərəsi “öz dilində” danışırdı deyə, axırda rabitədə rus dilinə keçib, açıq mətnlə danışmalı oldular.

Haşiyə: XX əsrin əvvəllərində, radio ixtira edilən kimi, kəşfiyyat aparmağın yeni üsulu radiotexniki kəşfiyyat yarandı. 1904-cü il martın 21-də Sakit okean eskadrasının komandanı vitse-admiral Makarovun əmri ilə gəmi rabitəçilərinə tapşırılırdı ki, yabançıların radio vasitəsilə ötürdüyü bütün siqnallar qeyd edilsin, gəmilərdə radio rabitəsi qurulsun. Həmin gün Rusiyada radiokəşfiyyatın yarandığı gün hesab olunur. Lakin radio və radiokəşfiyyat donanmanın kəşfiyyat xidmətinin bir orqanı kimi, Dəniz işləri Nazirliyinin 1909-cu ilin noyabr ayında verdiyi əmrlə təsis edilib.

Bax, bu yerdə Şərqi Prussiyadakı əməliyyatın yeni iştirakçısı – almanların radio kəşfiyyat xidməti iş başına keçdi. Rus ordusunun radio-rabitə vasitələrilə pis təchiz olunması buna səbəb oldu ki, radio rabitəsindən yalnız ordu və korpus qərargahları istifadə edirdi. Daha kiçik bölmələrdə isə yalnız telefon əlaqəsi yaradılırdı. Burda da naqillər o qədər az idi ki, rus zabitləri çox vaxt bir-birilə Şərqi Prussiyada az qala hər evdə olan adi telefonlar vasitəsilə danışırdılar. Korpuslar arasındakı rabitə də yarıtmaz idi. Məsələn, Samsonov ordusunun 13-cü korpusunun qonşuluqdakı 6-cı korpusun şifroqramlarını oxunmaq üçün açarı yox idi. Müharibə artıq iki həftə idi ki, davam edirdi, rus radistləri isə hələ də açıq mətnlə işləyirdilər.

Rennenkampfın çaşqınlığını hiss edən almanlar iki korpuslarını onun ərazisindən Samsonov ordusunun ərazisinə atdılar. Lüdendorf Rennenkampfın qarşısında qoşunun heç yerə tərpənmədiyini göstərmək üçün kiçik süvari dəstəsi saxladı; həmin dəstə həm də, rusların hərəkətinə göz qoyurdu.

Məhz elə o vaxt Köniqsberq (indiki Kalininqrad şəhəri) qalasının radiostansiyası rusların iki radioqramını ələ keçirdi. Onların hər ikisi general Samsonovun ordusundan, açıq mətnlə göndərilmişdi. Radioqramlarda hərəkət planı, korpusların nə vaxt, hansı istiqamətdə hərəkət edəcəyi göstərilirdi. Bu radioqramların məzmunu həlak olmuş rus zabitinin çantasından çıxan əmrin məzmunu ilə eyni idi. Bəlkə ruslar blef edirdilər? Lakin Gindenburq və Lüdendorf riskə gedir. Samsonova qələbə üçün onlar almanların bütün qüvvəsini onun ordusu üzərinə göndərirlər.

Ertəsi günün səhəri komandanlığa daha bir ələ keçirilmiş sənəd daxil olur – Rennenkampfın özünün 4-cü korpusuna açıq mətnlə göndərdiyi əmr. Onun məzmunundan aydın olurdu ki, rus ordusu irəliləməsini davam etdirəcək və göstərilən məntəqələrə çatacaq. Rennenkampfı müəyyən mənada başa düşmək olardı: Samsonov ordusu ilə əlaqə olmadığından, nə qədər ki, qalan qüvvələr gəlməyib, o, müdafiə istehkamları quraraq, almanları Şərqi Prussiyadan sıxışdırıb çıxaracaq hücuma başlamaq istəmirdi. Gindenburq və Lüdendorf isə artıq sol cinahlarından nigaran qalmayıb bütün güclərini Samsonova qarşı çıxara bilərdilər.

Lakin həmin gün bütün hərb tarixi üçün görünməmiş bir hadisə baş verdi. Samsonovun 13-cü korpusa göndərdiyi şifrəsiz radioqram ələ keçdi. Radioqramda vəziyyətin tam mənzərəsi verilir, general Samsonovun 2-ci ordusunun gələcək addımları müfəssəl şərh olunurdu. Bu, almanlar üçün görünməmiş hədiyyə idi. Şəxsən düşmən ordunun komandanı öz birləşmələrinin dislokasiyası, gücü və niyyətləri barədə geniş məlumat verirdi! Belə bir addımı yalnız bəd niyyətdən, yaxud, çıxılmaz vəziyyətdə atmaq olardı. Samsonovun bəd niyyəti ola bilməzdi, deməli, səbəb çarəsizlik idi.

Təbii ki, almanlar bu “hədiyyəni” lazımınca dəyərləndirdilər. Avqustun 26-da əsas döyüş başlandı və dörd gündən sonra Samsonovun ordusu mühasirəyə düşdü. Onlar qəhrəmancasına döyüşürdülər: 6-cı və 70-ci landver briqadaları, Qoltsun landver diviziyası, 3-cü ehtiyat diviziya, 41-ci, və 37-ci piyada diviziyaları darmadağın edildi. Amma, Samsonovun ordusu da demək olar ki, qalmamışdı. Mühasirədən yalnız iki min nəfər çıxa bildi, general Samsonovun özü isə intihar etdi. Tarixçi G.S. İsserson bu barədə belə yazırdı: “Müharibədə ləyaqətlə, intihar etmədən ölməyin yolları çoxdur. Əgər general Samsonov mühasirədən mütəşəkkil çıxmaq məqsədilə qoşunu birləşdirmək üçün özündə güc tapa bilsəydi; əgər mühasirədən heç olmasa, bir polkla döyüşə-döyüşə çıxsaydı... tarixə belə yazılardı: bəli, Samsonovun ordusu obyektiv səbəblərdən ağır məğlubiyyət yaşasa da, onların misilsiz komandanı vardı”.

Heç Gindenburqla Lüdendorf da bu qələbədən bəhrələnə bilmədi. Onların qarşısında yalnız Şimal-Qərb cəbhəsini deyil, həm də, Cənub-Qərb cəbhəsini darmadağın etmək kimi geniş perspektivlər açılmışdı. Lakin onlar rusları Şərqi Prussiyadan sıxışdırıb çıxarmaqla qane oldular.

Yaxşı, bəs bu döyüşdə kim qələbə çaldı? General Hofman özünün “İtirilmiş imkanlar müharibəsi” kitabında yazırdı: “ Rusların radiostansiyası əmri şifrəsiz ötürdü və biz onu ələ keçirdik. Bu, rusların müharibə zaman etdiyi yüzlərlə səhlənkarlıqdan biri idi... Belə səhlənkarlıq bizim Şərqdə apardığımız müharibəni asanlaşdırdı; biz yalnız elə bu səhlənkarlığın hesabına döyüşə bildik.”

Deməli, Birinci Dünya müharibəsinin ilk savaşının qalibi almanların radiokəşfiyyatı idi...