Hirkan Milli Parkında vəziyyət necədir? - HADİSƏ YERİNDƏN - VİDEO
21 avqust 2019 19:33 (UTC +04:00)

Hirkan Milli Parkında vəziyyət necədir? - HADİSƏ YERİNDƏN - VİDEO

 
 
Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün işlər davam etdirilir.
 
APA TV-nin cənub bürosunun xəbərinə görə, mürəkkəb relyefli dağlıq ərazidə yerləşən meşə massivində ağaclar yanır.
 
Lənkəranın Təngivan və Lerikin Bobla kəndləri arasında yerləşən meşə massivində dünəndən başlayan yanğın davam edir. FHN-in 2 helikopteri, eləcə də amfibiya təyyarəsi yanğını söndürmək üçün səfərbər olublar.
 
Yanğın təxminən 10 hektar ərazini əhatə edir. Mürəkkəb relyef ərazisində texnikaların hərəkəti mümkün olmadığı üçün yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 248 nəfərdən ibarət canlı qüvvəsi, Mülki Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.
 
ETSN-in Departament direktoru Ağaqardaş Qaraşov deyib ki, Milli Parkın ərazisi kənar təsirlərdən qorunduğuna və quru ot örtüyü, qurumuş ağaclar xeyli miqdarda olduğuna görə yanğın yayıla bilib: “Buna baxmayaraq, biz əməkdaşlarımız vasitəsilə və FHN-in əməkdaşları vasitəsilə yanğını artıq çərçivəyə götürmüşük. Qısa zaman kəsiyində yanğının söndürülməsini təmin edəcəyik. Yanğın söndürülməsi zamanı ora cəlb olunan əməkdaşlar heç bir xəsarət almayıblar və hazırda yanğının söndürülməsində iştirak edirlər.
 
Aidiyyəti qurumlar yerli sakinləri meşəlik ərazilərdə odla ehtiyatlı davranmağa çağırır. Yanğının başvermə səbəbi kimi insan faktoru istisna edilmir: “İnsanların kiçik bir səhlənkarlığı, odla ehtiyatsız davranması nəticəsində belə bir irimiqyaslı yanğın baş verə bilir. Ona görə buradan insanlarımıza bir daha müraciət edirik ki, meşə sahələrinin sərhədində, milli parkların sərhədində, qoruqların sərhədində yerləşən kənd sakinlərimizə, vətəndaşlarımıza müraciət edirik ki, odla ehtiyatlı davransınlar. Meşə sahələrinə, milli parklara daxil olarkən yanğın törədən alət və vasitələrdən istifadə etməsinlər. Belə hallar baş verdikdə, dərhal ETSN əməkdaşlarına vaxtında məlumat versinlər və özləri də bu yanğının söndürülməsində iştirak etsinlər”.
 
Qeyd edək ki, sözügedən ərazidə yanğın davam edir. Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsi ilə birgə araşdırmalara başlayıb.
 
# 422
avatar

Oxşar yazılar