608
writer1

Günel Natiq

Məqalə sayı

11
15:15 20 Avqust 2019

Özünü döydürən qadınlar

Yenə bir qadın əri tərəfindən amansızcasına döyülüb, üzü-gözü şişmiş, dodağı partlamış zərərçəkmişin şəkilləri sosial şəbəkələrdə yayılıb.

Kimi qınayır, kimi kinayə edir, kimi də kişinin hərəkətlərinə haqq verir. Çünki hər kişinin içində “lazım gəlsə döyərəm” deyən bir Məşədi İbad gizlənib. Belə anlarda həmin o məşədi ibadlar özünü büruzə verir, istər-istəməz həmcinslərinə dəstək olmaq fürsətini əldən vermirlər.

Əminəm ki, yüzlərlə digər qadın kimi bu qadın da ərinin hərəkətlərinə bəraət taparaq onu bağışlayacaq və münasibətlər heç nə olmamış kimi davam edəcək.

Deyəsən azərbaycanlı qadınlar bu fikrə alışmağa başlayıblar ki, şiddət, zorakılıq ailə həyatının ayrılmaz hissəsidir.

Cəzasız qalacağına əmin olan kişi isə zorakılığa davam edir.

Hətta psixoloqlar deyir ki, qadınının ona müqavimət göstərmədiyini, susduğunu görən kişi öz hərəkətinin doğruluğuna o qədər əmin olur ki, “susursa deməli günahkardır” fikrinə düşür.

İndiyə kimi ağlı başında hesab edilən daha bir kişi keçən gün arvadını ölümcül döyüb. Səbəb də bu olub ki, qadın qonşu kişiylə baxışıb. Bu baxışmadan şübhələnən kişi evə keçəndən sonra arvadını sorğu-suala tutub. Qadın and-aman edib ki, kişiylə baxışmağımız təsadüfi olub. Bəzən insanın baxışı axıb gedir, ya da kiminsə üzündə donub qalır. Qısası, ərini başa salmağa çalışıb ki, bu “baxışmada” alt niyyət yoxdu.

Kişi inanmayıb, arvadını yumruqlayıb, təpikləyib. Normal insan necə bu qədər vəhşiləşə bilər, heç cür ağla sığmır.

İnsan yeganə canlıdır ki, problemini dil vasitəsilə yoluna qoya bilər. Əgər bu vasitə ağlına gəlmirsə, demək insan olduğunu da unudub.

Tanışlarımızın qonşuluğunda bir ailə yaşayır. Tez-tez o qadının fəryad səsləri eşidilir. Hətta bəzi əcaib səhnələr qonşuların gözü önündə baş verir. Qadın özünü balkona atır və pəncərənin barmaqlıqlarından tutaraq köməyə çağırır. Onun ardınca kişi balkona çıxır və arvadını içəri dartır. Arvad isə müqavimət göstərərək daha çox bağırır. Kişi yenə güc nümayiş etdirir, qadın isə söyür. Amma heç bir qonşu olanlara reaksiya vermir. Ya öyrəşiblər, ya da əlavə problem istəmirlər.

Elə bir dövrdə yaşayırıq ki, nəinki insanlar bir-birinə, hətta insan özü-özünə də yadlaşıb. Sosial şəbəkələrdə həvəslə ünsiyyət qururuq, bir-birimizə çiçək, ürək göndəririk, sərhədsiz sevgimizi göstəririk, amma real həyatda döyülən qadının harayına səs vermirik. Amma işdir, əgər qadın o zərbələrdən dünyasını dəyişsə, yenə facebook səviyyəsində fəallaşıb “qadın şiddətinə son” deyəcəyik, hətta profil şəkillərimizi də bu sloqan əvəz edəcək.

Bizdə hər şey əksinədir, real həyatda passivik, virtual həyatda aktiv. Çünki belə rahatdır, təhlükəsizdir. Çünki həqiqət qorxuncdur. Hər halda əksəriyyət belə hesab edir.

Keçək döyülən qadınların məsələsinə. Qadın nə üçün döyülür? Səbəblərdən biri kişinin öz atasından əxz etdiyi davranış tərzidir. Vaxtilə atasının ananı döydüyünü görən oğul üçün bu, davranış normasına çevrilib.

Halbuki uşağa hələ körpəlikdən aqressiyanın öhdəsindən necə gəlməyi öyrətmək lazımdır. Ata-ana həm də hansısa mənada psixoloq olmalıdır. Ana oğluna qızlarla necə rəftar etməyi, onları incitməməyi başa salmalıdır.

Amma çox vaxt əksinə olur.

Filmlərin birində əsəb xəstəliyindən əziyyət çəkən kişi yeni evləndiyi həyat yoldaşını amansızcasına döyür. Qızın fəryadını eşidən qayınana yuxarı mərtəbədə gizlənir. Sevmədiyi gəlininin döyülməyi yaşlı qadının ürəyincə olur. Bütün bunların nə kimi fəsadlara yol açacağı barədə isə düşünmək belə istəmir. Həyatda da belə qayınanalar var. Gəlindən oğluna şikayət edib nəticəni səbirsizliklə gözləyən qayınanalar... Bütün bunlar mənəviyyat aşınmasından xəbər verir.

Kişilər aqressiyasını müxtəlif cür büruzə verir. Məsələn, yazıçılardan birinin həyat yoldaşı rəfiqəsinə şikayət etmişdi ki, əri əsəbiləşəndə onu dişləyir. Bu adamın yazı-pozusuna baxanda onun qadını dişləyə biləcəyini heç cür təsəvvür etmirdim. Nədənsə kitab müəlliflərini həmişə müsbət baş qəhrəman hesab edirik, onun əsərdə gizlənən hansısa mənfi obraz ola biləcəyi ağlımıza gəlmir.

Psixoloqlar arvadlarına əl qaldıranların əsasən işdə uğursuzluğa düçar olan kişilər olduğunu deyir. Karyera qura bilməyən kişi evdə fiziki gücünü göstərərək özünü təsdiq etdiyini sanır. Harada olmasından asılı olmayaraq “özündən zəiflərin” də mövcud olduğu fikri ona bir növ təsəlli olur.

Yenə psixoloqlar deyir ki, sağlam düşüncəli adam qadına əl qaldırmaz. Ya spirtli içkinin, narkotik vasitənin təsiri altındadır, ya da əsəb xəstəsidir, hansısa psixoloji travmaları var. Məsələn, əri tərəfindən döyülərək xəsarətlərə məruz qalan, hətta görmə qabiliyyətini itirən bir qadın deyirmiş ki, ərim məni qan çıxana qədər döyürdü, yalnız qan çıxandan sonra rahatlaşırdı. Belə bir adam normal ola bilərmi? Və belə ailə zorakılığına məruz qalan qadın nə vaxta qədər səbir və dözüm göstərə bilər? Əgər vəziyyət bu dərəcəyə çatıbsa, vaxt itirmədən psixoloqa, psixoterapevtə müraciət etmək lazımdır. Dünyanın hər yerində problemləri belə çözməyə çalışırlar.

Döyülərək öldürülən qadınlar haqqında saysız-hesabsız faktlar var. Belə çıxır, qadınlar daim təhlükə altındadır, hər an təsadüfi bir zərbənin qurbanına çevrilə bilərlər. “Qadın şiddətinə son verin” sloqanları təsadüfdən yaranmır.

“Özünüzü əzdirməyin”, qonşu Türkiyədə ərə gedən qızlara belə bir tövsiyə edirlər. Yəni öz mənliyini qoru, özünü alçaltma və s. Məlumdur ki, qardaş ölkədə də kişilər şiddətə meyllidir, xüsusilə kənd yerlərində.

Kişi zərbəsinə alışmış bəzi qadınlar özlərinə belə təsəlli verirlər ki, döyürsə, deməli sevir. Bu ifadəni uyduranların psixoloji cəhətdən normal olduğuna şübhəm var. “Kişi döyər də, sevər də”. Bu ifadə də yanlışdır.

Hər şey düşüncədən başlayır. Şiddət görən qadın əvvəlcə öz düşüncə tərzini dəyişməlidirlər. Ərin arvadı döyməsini normal hesab edən qadın əlbəttə ki, şiddətə məruz qalacaq.

Ona görə də vəziyyətin qlobal həddə çatmasına imkan verməyin, elə “ilk simptomlardan” məsələni çözməyə çalışın.