Ürək stendi haqda bilmədiklərimiz: invaziv əməliyyat
15 avqust 2019 16:24 (UTC +04:00)

Ürək stendi haqda bilmədiklərimiz: invaziv əməliyyat

 
Ürək-damar xəstəliklərinin çox geniş yayılması və ölümə səbəb olan problemlər arasında birinci yeri tutması səbəbindən bu xəstəliklərin profilaktikası, diaqnostikası, müalicəsi ilə əlaqədar hər şey aktualdır.
 
Vaxtilə kardiologiya ilə bağlı ancaq mütəxəssislərinin dilindən eşidilən xüsusi terminlərin bu gün sadə əhali səviyyəsində çox işlədilməsi də bundan irəli gəlir. Bu gün demək olar hamıya məlumdur ki, ürək müayinəsi on illər əvvəl olduğu kimi təkcə kardioqramla yekunlaşmır. Hətta heç bir savadı olmayan insanlar da həkimə gedəndə ürəyinin Exo, hətta anjio edilməsini tələb edilər.
 
Son illər anjioqrafiya və stent sözləri az qala dilimizin əzbərinə çevrilib. Bunun əsas səbəbi isə təbii ki, anjio müayinəsi aparılan və ürək damarlarına stent taxılanların sayının kəskin artmasıdır.
 
Bəs nədir anjioqrafiya və stent?
 
Anjioqrafiya – “angeion” - damar və “grapho” sözlərinin birləşməsindən əmələ gəlib, damarların rentgenoloji müayinəsidir. Bu müayinə damarların vəziyyəti, orada olan pozulmaları daha dəqiq qiymətləndirməyə imkan verir. Angioqrafiyanın özünün də müxtəlif növləri var. Ürək damarlarının anjioqrafiyası, əsasən, tez-tez təngnəfəslik və ürək nahiyəsində ağrıları olan, ürək damarların daralması şübhəsi olanlara təyin edilir.
 
Aparılan dərman müalicələrinə baxmayaraq, şikayətlər davam etdiyi halda ürək damarlarında hər hansı problemin olduğuna şübhə varsa, o zaman anjioqrafiya müayinəsi aparılır.
 
Angioqrafiyadan əvvəl xəstənin bəzi müayinələrdən keçməsi vacib sayılır. Çünki anjioqrafiya müayinəsi üçün bir sıra əks-göstəriş də var. İltihabi və infeksion xəstəliklər, ağır böyrək xəstəlikləri və s. zamanı bu müayinənin aparılması məqsədəuyğun sayılmır.
 
Ürək damarların anjioqrafiyası xəstənin qol, yaxud bud nahiyəsinə xüsusi kateter yeridilməsi ilə icra olunur. Müayinə zamanı xəstəyə narkoz verilmir, yerli ağrısızlaşdırma ilə keçirilir.
 
Anjioqrafiya təkcə ürək deyil, digər nahiyələrdən də keçən ən böyük və ən kiçik damarlarda tətbiq edilir. Ürək damarlarının anjioqrafiyasının nəticələrinə əsasən, damara stend taxılmasına, dərman müalicəsinə, yaxud cərrahiyyə əməliyyatına qərar verilir.
 
Stent isə xüsusi materialdan hazırlanmış vasitədir, mütəxəssislər onu “tel qəfəs”  adlandırırlar. Stentlər dərmanlı və dərmansız olur. Ürək damarlarına stent bilək bud nahiyəsindən damara girilərək qoyulur. Bu invaziv əməliyyat yerli anesteziya şəraitində icra olunur. Əməliyyat təxminən yarım saat davam edir.
 
Ürəkdən çıxan, yəni bədənə qan aparan arteriya damarlarında tutulma varsa və əgər bu tutulma qısa məsafəlidirsə, tutulma geri dönülməz proseslər törədə bilərsə, bu zaman stent taxılmasına qərar verilir.
 
Stent qoyulması ilə damarda qan axımı bərpa olunur. Stent ateroskleroz nəticəsində damarlarda yaranan daralmaları aradan qaldırır və çətinləşən qan axımını asanlaşdırır. Damarda olan darlıq bəzən balon ilə genişləndiriləndən sonra stent taxılır, bəzən isə birbaşa damarda darlıq olan hissəyə yerləşdirilir.
# 2805
avatar

Oxşar yazılar