225
16:12
13 Avqust 2019

FHN-dən əhaliyə MÜRACİƏT: “Qadağan olunmuş yerlərdə çimməyin!” - VİDEO

Yay aylarında insanların istirahətini təmin etmək üçün çimərliklər ideal istirahət zonası hesab edilir. İsti havalarda sərinlənmək həvəsi insanları daha çox çimərliklərə üz tutmağa vadar edir. Bu zaman çimərlik ərazilərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə də ciddi ehtiyac yaranır.
Son günlər çimərlik ərazilərində ardıcıl olaraq baş verən boğulma halları əhalini, o cümlədən Fövqəladə Hallar Nazirliyinin xilasedicilərini də ciddi narahat edir. Təcrübə göstərir ki, sularda baş verən boğulma hadisələrinin səbəbi vətəndaşların çimərlikdə davranış qaydalarını bilməməsi, eləcə də çimərlikdə fəaliyyət göstərən xilasedicilərin tələblərinə məhəl qoymaması ilə bağlıdır. Bəzən insanlar istirahət və əyləncəyə o qədər aludə olur ki, gözlərinin önündəki təhlükəyə fikir vermirlər.
Fövqəladə Hallar Nazirliyinin Kiçik Gəmilərə Nəzarət və Dövlət Sularda Xilasetmə Xidmətinin baş məsləhətçisi Müvəssil Allahverdiyev APA -ya bildirib ki, sutkanın 24 saatını növbətçilik sistemi ilə fəaliyyət göstərən xidmət çimərliklərdə ciddi nəzarət tədbirləri həyata keçirməklə insanların rahatlığını və təhlükəsizliyini təmin edir. Lakin çimərliyə gələn insanların heç də hamısı yaxşı üzə bilmir və yaxud üzməyi bacarmır. Bu da öz növbəsində arzuolunmaz hadisələrə səbəb olur. Vətəndaşlar bilməlidir ki, dəniz sahili ərazilərdən qeyri-qanuni şəkildə çimərlik kimi istifadə edilməsi qadağandır. Yalnız müşahidə qülləsi, xilasetmə məntəqəsi, peşəkar xilasediciləri və avadanlıqları olan çimərliklərdən istifadə olunmalıdır: “Çimərlik ərazisində uşaqları nəzarətsiz qoymayın! Çimmək üçün ayrılmamış yerlərdə çimmək qadağandır! 13 yaşına çatmamış uşaqlara yalnız valideynlərin və yaxud yaşlı adamların müşayiəti ilə çimərlikdən istifadə hüququ verilir! Çimmə zonasının işarələnmiş sərhədlərindən kənarda çimmək qadağandır! Sahil sahəsini və suyun dibini müxtəlif cisimlərlə (şüşə və konserv bankaları, plastik kütlə və ərzaq tullantıları və s.) zibilləmək qadağandır! Çimərliklərin ərazisinə su nəqliyyat vasitələrinin: qayıqların, kiçik gəmilərin və s. (xilasedici üzgü vasitələri istisna olmaqla) daxil olması qadağandır! Spirtli içkilər gətirib içmək, sərxoş halda çimərlikdə gəzmək və çimmək qadağandır!”
M.Allahverdiyev qeyd edib ki, çimərliyə ev heyvanlarının gətirilməsi, ətraf ərazilərin zibillənməsi, suda kobud hərəkətlərə yol vermək, çimərlik zonasında balıq ovlamaq da qadağalara daxildir: “Fövqəladə Hallar Nazirliyinin nəzarət etdiyi ərazilərdə ilk növbədə işarə qülləsi, maarifləndirici lövhələr və xilasedicilərlə təmin edilib. Bundan başqa, dənizin bir neçə metr içərisində nəzarət işarələri ilə qarşılaşa bilərlər. Vətəndaşlar bu kimi halları gördükdə, bilməlidirlər ki, bu ərazi nəzarətdə olan çimərlikdir və burada təhlükəsiz çimə bilərlər”.
O, həmçinin bildirib ki, qadağan olunmuş su hövzələrində həm mövsümi, həm də daimi fəaliyyət göstərən kafe və restoran sahibləri ixtisaslaşmış xilasedicilərlə təmin olunmaq üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna müraciət etməlidirlər: “Təəssüf ki, nəzarət olunmayan ərazilərdə fəaliyyət göstərən iaşə obyektləri var ki, onlar da öz nəzarət etdikləri ərazilərdə qanunvericiliyin tələbinə uyğun olaraq xilasedicilərlə həmin əraziləri təmin etməlidirlər. Bununla yanaşı, maarifləndirici tablolardan istifadə etməklə FHN ərazidə təhlükəsizliyi necə təmin edirsə, eləcə də onlar müvafiq qaydada öz ərazilərini təmin etməlidirlər. Ancaq bir çox obyekt sahibləri səhlənkarlığa yol verirlər, ərazini xilasedicilər və ya lövhələrlə təmin etmirlər”.