1329
17:32
12 Avqust 2019

“Kimsə şəhid olanda deyirdi, “allah mənə də qismət eləsin” – Şəhid anasından ürəkdağlayan xatirələr...

Bu gün aprel şəhidlərimizdən olan Təbriz Musazadənin doğum günüdür.

Lent.az -ın əməkdaşı Təbrizin anası və yaxınları ilə görüşüb, söhbətləşib. Şəhid anasının oğlunun ömür yolu barədə dedikləri ürəkdağlayan fikirləri təqdim edirik.

Əvvəlcə Təbrizlə bağlı qısa haşiyə:

Təbriz Musazadə 12 avqust 1981-ci ildə Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunda anadan olub. 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2003-cü ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini, 2004-cü ildə uçuş texniki hazırlığın təlim mərkəzini, 2011-ci ildə Türkiyə Respublikasında Uçuş Təhlükəsizliyi kursunu bitirib.

24 iyun 2004-cü ildən etibarən Hərbi Hava Qüvvələrində xidmət edib. 2 aprel 2016-cı ildə isə Ermənistan-Azərbaycan qoşunlarının cəbhə xəttində gedən döyüşlərdə iştirak edib. Xidmət müddəti ərzində Azərbaycan Prezidenti adından və Azərbaycan Müdafiə nazirinin əmri ilə 4 döyüş medalı ilə təltif edilib. Mayor rütbəsinədək yüksələn hərbçi 2016-cı il aprelin 2-də qəhrəmancasına şəhid olub.

Təbriz Musazadə göstərdiyi qəhrəmanlığa görəAzərbaycan RespublikasınınPrezidentiİlham Əliyevinsərəncamı ilə"Azərbaycan Bayrağı" ordeniilə (ölümündən sonra) təltif edilib.

Heykəl

Gün çoxdan əyilmişdi. Deyilən ünvana, daha doğrusu, xeyir-şər evinin yanına çatıb, ətrafa göz gəzdirirəm. Qarşımda dörd yol var. Hansı istiqamətə gedəcəyimi kəsdirə bilməyib, telefondakı son nömrəni təkrar yığıram. Yaşlı, nisgilli, bir az da toxtaq qadın səsi dillənir: “Haracan gəlmisən, orda qal, indi gəlib səni götürəcəklər”.

Səbrimi basa bilmirəm. Dörd yoldan birini tutub gedirəm. Hər ehtimala qarşı, yaxınlıqdakı cavanlardan gedəcəyim ünvanı soruşuram: “Küçənin başındadı onların evi. Qapının qarşısında Təbrizin heykəli də var”.

Küçə qapısının ən hündür yerində batan günəşin qızılı şüaları Təbrizin heykəlini parıldadırdı. Rəngli qapının dəstəyinə göz gəzdirdim. Görəsən, Təbriz bir zamanlar bu qapıdan evlərinə girəndə hansı sevinclərlə, hansı arzularla valideynlərinin qoynuna atılıb, onları bağrına basıb. Yəqin ki, Təbrizin əllərinin izi hələ bu qapının dəstəyindən silinməyib, nəfəsinin istisi evinin divarlarından çəkilməyib. Axı bəzən əşyalar insanlardan daha etibarlı olurlar... Bir az sevgi, bir az ümid, bir az da təşvişlə sonuncu dəfə çıxdığı bu qapıya Təbriz bir də gecə yarısı, gözü yolda qalan bütün əzizlərinin üstünə bayrağa bükülü tabutun içində çiyinlər, əllər üzərində gəlib. Özünün dəfələrlə arzuladığı kimi, şəhidlik zirvəsinə qalxa bilib.

Başımı qaldırıb, ətrafa məğrur-məğrur baxan, ömrünün xeyli hissəsini göylərdə keçirən, son nəfəsində isə torpağa baş qoyan yaraşıqlı oğlanın büstünə baxıram. Baxışlarımız toqquşur... Sonra başımı əyərək, daş heykəlin altından keçib, sükutla həyətə girirəm.

Həyətdə xeyli qələbəlikdir. Üç-dörd qadından hansının Təbrizin anası olduğunu aydınlaşdırmağa çalışıram. Daş səkidə əyləşən qadınların içərisindən ən hündürboylu olanı, qarapaltarlı bir qadın mənə tərəf gəlir. Yaxınlaşdıqca dərdin gözlərindən boy atıb hər yerə yayıldığını hiss edirəm. İlk yaxınlaşan o oldu. Deməli, Təbrizin anası da odur deyə öz-özümə düşünürəm. O, əllərini mehribanlıqla boynuma dolayıb, məni qucaqlayır: “Xoş gəlmisən, qızım. Çox sağ olun. Balamı yadınıza saldığınız üçün allah hamınızdan razı olsun”.

Təbriz 2016-cı il aprel döyüşlərində həlak olan ilk şəhidlərimizdən bir idi. Ekrandan onun rəsmini görəndə dərin təəssüf hissi yaşadığımı yaxşı xatırlayıram. Yaraşıqlı, rütbəli və çox cavan baxışlar ekrandan, fotodan adamı alov kimi yaxıb-yandırırdı. Tovuz xanım məni evə keçirəndə sol tərəfdəki otağın yanında ayaq saxlayır: “Ora sonra baxarsan. Oğlumun bəy otağı idi. İndi gündə 3-4 saat gedib orda, onun şəkillərinin, paltarlarının arasında otururam. Onun qoxusu hələ də həmin otaqdan çəkilməyib”.

Divanda yanaşı əyləşirik. Tovuz xanım gözündəki eynəyi bir kənara qoyub, asta-asta danışır: “Təbriz ağıllı oğul idi. Bir dəfə artıq-əskik hərəkətini nə gördüm, nə də eşitdim. Evimin həm ağası, həm də fəhləsi idi. Biz bu evdə 30 ilə yaxındır ki, yaşayırıq. Təbriz elə burda məktəbə getdi. Doqquzuncu sinifdən sonra dedi ki, hərbçi olacam. Bacımın ərinin hərbçi olması onu bu sahəyə həvəsləndirdi. Hərb sahəsində irəlilədikcə irəlilədi. Dürüst, qoçaq uşaq idi. Canından yana heç bir qorxusu yox idi. Özünü dost, yoldaş yolunda fəda etməyi bacarırdı. Amma yaxşı dostlar da qazandı. İndinin özündə belə məni axtarırlar, gəlirlər. ELə bilirəm, hər rayonda bir evim var. Onunla xasiyyətimiz yaxşı tuturdu. Ana-bala bir-birimizi yaxşı tanıyırdıq. O, çöl qapıya yaxınlaşanda ayağının səsindən, izindən bilirdim ki, gələn Təbrizdi. Məhəlləyə girib evimizə gələnə qədər Təbriz kimin qapısını açıq görsə, örtərdi. Hara qonaq gedərdiksə, hamı onun başına yığışardı.

Saçlar

Təbrizdən sonra onsuz da ürək xəstəsi olan atası ancaq bir il yaşamağı bacarır. Bir ildə həm oğlunu, həm də ərini itirən Tovuz xanımın yanında övlad sarıdan simsarı qalmır. Qızı illər əvvəl ailə qurub, Rusiyada yaşadığından anasına yaxın ola bilmir. Gəlini Pərişan xanım isə Təbrizin yasından bir müddət sonra övladları ilə başqa evə köçüb. Tovuz xanım, təsəllini Təbrizin məzarında, bir də oğlunun şəkilləri, əşyaları ilə əhatələnmiş otağında tapır: “Kimsə şəhid olanda deyirdi, “allah mənə də qismət eləsin”. Deyirdim, ay bala, elə demə. Deyirdi “burda qorxulu nə var ki. Hamımız bir gün öləcəyik. Amma şəhid kimi ölmək, şərəfli ölümdür”. Hərbçi kimi nə qazanmışdısa, hamısını ağlı, zəhməti, yuxusuz gecələrinin hesabına idi. O ağır geyimləri, çəkmələri daşıya-daşıya gəlib bu rütbəyə çıxmışdı. Oğlum sevdiyi qızla ailə qurdu. Onlar altı il bir-birlərini istəmişdirlər. Qızın yaşı az olduğuna görə evlənə bilməzdilər. On birinci sinfi bitirəndə Təbriz onu qaçırtdı. 2005-ci ildə toyları oldu. Pərişan elə bu evə gəlin gəldi, Təbriz həlak olana qədər burda bizimlə birlikdə yaşadılar. Ailə qurandan sonra iki oğlu dünyaya gələn Təbriz qızı olmasını istəsə də, zəmanədən, ömürdən ehtiyat edir. “Elə bu iki oğlanı böyüdüm, bir tərəfə çıxarım bəsdir” deyirdi. Onun yoldaşının, Pərişanın gözəl, uzun saçları vardı. Təbriz həmişə ona deyirdi ki, səni o saçlarına görə sevmişəm. Heç vaxt saçlarına toxunma”.

Ehsan

“2016-cı ilin mart ayında qayınatam rəhmətə getmişdi. Rəhmətlik yoldaşımla rayona getməliydik. Ona tapşırdım ki, uşaqları tək qoyub çox uzağa getməsin. Amma sonra eşitdim ki, təlimə gedib. Qayıdanda dedi ki, - ana, getdim də, sağ-salamat qayıtdım da. Bax, heç bir yerimə heç nə olmayıb. Sonrakı günlərdə onda hansısa gərginlik hiss etmirdim. Həmişəki kimi müharibədən çox danışırdı. Son vaxtlar çox şən olmuşdu. Hamı ilə gülüb-danışırdı. Biz rayondan gələndən sonra Təbriz dedi ki, babama ehsan verək. Ehsan süfrəsi hazırladıq, halva çaldım. Məclisdən bir boşqab halva qaldı, onu Təbrizə saxladım. Elə həmin halva onun öz ehsan payı oldu”.

“Toy”

Martın axırı Təbriz evdə son günlərini keçirir. Üç gündən sonra şəhid olacağını ağlına gətirməyən mayor qəfildən gecənin bir vaxtı anasından rayondan gətirdiyi almalardan qalıb-qalmadığını soruşur. Tovuz xanım ömrünün ən son, ən xoşbəxt gecəsini xatırlayır: “Hərdən deyirdim ki, ay Təbriz, atan da xəstədi. Çox uzaqlara getmə. Atana bir şey olar, biz iki qadın təklənərik. Deyirdi, “ay ana sən həmişə mənim arxamda durdun, dedin, get, hərbçi ol. Amma indi yaman qorxaq olmusan”. Onunla bağlı məni yandıran məqamlar çoxdur, bala. Amma sonuncu dəfə evdə keçirdiyi gecəni heç unuda bilmirəm. Aprelin 30-da axşam tərəfi mənə dedi ki, - ay mama, rayondan gətirdiyiniz almalardan qalıbsa, doğra yeyim. Ürəyim mer-meyvə istəyir. Meyvələri gətirdim, doğradım, hamımız nuş etdik. Təbriz başını dizimin üstünə qoyub, uzanmışdı. Başı söhbətə o qədər qarışmışdı ki, doğradığım almalardan ona çatmadı. Əl atıb qabdan bütöv bir almanı götürüb, iştahla yedi. Dedi, elə ən ləzzətlisi belə yeməkdir. Balamın evdə yediyi son tikə elə o alma payı oldu”.

Ertəsi gün - martın 31-də Təbriz evlərindən həmişəlik gedir. Sonuncu döyüşə yollananda isə hərbçi dostları ilə cənub rayonlarından birində toya gedəcəyini deyir. Lakin Təbriz şəhid olandan sonra ailəsinə məlum olur ki, heç bir toy məsələsi olmayıb. O, gedəcəyi döyüş əməliyyatının adını “toy” qoyubmuş: “Martın 31-də səhər saat 10-da Təbriz həyat yoldaşına zəng vurub dedi ki, mənim paltarlarımı, bir də pilot gödəkcəmi hazırla, bir azdan uşaqlar gəlib evdən götürəcəklər. Zənginin üstündən heç yarım saat keçməmişdi qara şüşəli bir maşın qapının ağzında dayandı. Yolladığı əsgər hazırladığımız pal-paltar bağlamasını bizdən alıb apardı. Ürəyim səksəndi. Əsgərin ardınca çıxdım ki, bəlkə özü də maşındadı, bizim qorxutmamaq üçün düşmür. Mən çöl qapını açıb çıxanda maşın bir göz qırpımında sanki qanad götürüb uçdu. Sonralar ağlıma gəldi ki, bəlkə onda Təbriz özü də gəlmişdi. Mən tez çıxsaydım, balamı son dəfə görərdim...”

Qaqaş

Təbrizin xalası, bayaqdan bizim söhbətimizə qulaq asan, səssizcə göz yaşı axıdan Nərgiz xanım söhbətə qoşulur: “Aprelin 29-da bacımgilə gəlmişdik. Təbriz də evdəydi. Mən də özümü nəsə yaxşı hiss eləmirdim. Mənə dedi ki, totya, nəsə gözümə birtəhər dəyirsən. Dedim, qaqaş özümü yaxşı hiss eləmirəm, birdən ölüb eliyərəm. Biz ona öz aramızda qaqaş deyirdik. Gülümsədi dedi, - səni bilmirəm necə öləcəkən. Amma yadında saxla, totya, hər adama şəhidlik qismət olmur. Ürəyimə qara gəldi. Dedim, Təbriz sən niyə belə bəd-bəd danışırsan? Dedi, - şəhidlik bir qürurdu. Onun bu sözlərindən sonra şübhəyə düşdüm. Hiss etdim ki, nəsə olacaq. Son günlər də hər işdə tələsirdi. Yeməyi də tələsik yeyirdi, çayı da ayaq üstü, qaçaraq içirdi. Onun xəbərini yoldaşımdan eşitdim. Həmin günü Kamal müəllim anamgilə məni evimizə götürməyə gəldi, gördüm çox bikefdi. Neçə dəfə xəbər alsam da, dəqiq bir söz demədi. Yolda hiss etdim ki, o, ağlayır, maşını da çox pis sürür. Soruşanda dedi ki, Təbriz yaralanıb. Mən bacımgilə gəlib çatanda artıq millət hamısı bizdən qabaq eşidib gəlmişdi (ağlayır). Təbriz balalarını hədsiz dərəcədə çox sevirdi. Onları çox gözəl yetişdir. Oğlanlarının hər iksini özü ilə bərabər işlədiyi yerə aparır, vertolyotun hər sistemini onlara göstərir, başa salırdı.

Biz söhbət etdiyimiz zaman otağa Təbrizin xalasının həyat yoldaşı Kamal müəllim və yaxın qohumu Rasim gəlir. Rasim bəy Tovuz xanımla görüşəndə məlum olur ki, həmin günü dərdli ananın həm də ad günüdür. Rasim bəy, Təbrizlə tay-tuş, yaxın dost olduğunu qəhərlənərək vurğulayır:Təbriz bizim can-ciyərimiz, ürəyimiz idi. O, həm zahirən, həm də daxilən çox gözəl insan idi (kövrəlir). Bir-birimizə “bəy” deyə müraciət edirdik. Çətinliyim olan kimi ona zəng vururdum. Bəy, narahat olma, gəlirəm deyirdi. Biz qardaş qədər mehriban olmuşuq, bir qabdan çörək yemişdik. Uşaqlığımız da bir yerdə keçmişdi. Onun ölümünü, birdən birə yox olmasını gözləmirdik. Öz işinin peşəkarı, irəlini görən adam idi. İş yerində, hərbdə ondan böyüklər belə ona bəy deyirdilər. Onun hərəkətləri, həmişə gülümsəyən siması heç yadımdan çıxmır. Rasim bəy, Təbrizlə bağlı ötən günləri xatırlayıb kövrəlir, göz yaşlarını boğazından geri qaytarıb danışmağa davam edir: Uşaq vaxtı onunla əlimizdə beş kilo yağla on iki kilometr yolu avtobusun ardınca qaçmışdıq. Yağı avtobusda olan atasına verməliydik. Amma verə bilməmişdik. Uşaq ağlı. Elə bilirdik ki, avtobusun ardınca qaçsaq çatarıq.

Təbrizin ölüm xəbərini ilk olaraq xalasının həyat yoldaşı hərbçi polkovnik-leytenant Kamal müəllim bilir. Kamal müəllim Təbrizi və həmin günləri belə xatırlayır: Təbriz olduqca qeyrətli insan idi. Uşaqlıqdan həmişə mənim ətrafımda olurdu, hər şeylə maraqlanırdı. Həmişə deyirdi ki, vətəni sevən insan əsl hərbçi ola bilər. Yadıma gəlir hələ Naxçıvanskidə oxuyanda oğlunun hərbçi görmək istəyən bir yoldaşa demişdi ki, əmi, sizdən kiçiyəm, amma oğlunuzda vətənə torpağa məhəbbət yoxdursa, boş yerə onu bədbəxt etməyin. Onun hərbçi olmağını siz yox, özü istəməlidir. Onda hələ Təbrizin 15-16 yaşı olardı. Təbrizin ölüm xəbərini ilk dəfə mən eşitdim. O, şəhid olan kimi onun hərbçi dostları mənə zəng vurub dedilər ki, hadisə baş verib, tez gəlin. Biz Təbrizgilə gələndə həyətdə hərbçilərin olduğunu gördüm. Ancaq ona qədər artıq mən hər şeyi bilirdim. Gözlənilməz xəbər idi...

Xəbər

Həmin gedişdən sonra ana öz oğlu ilə bir də aprelin 1-də günorta saatlarında danışır, evə gec gələcəyini, Bakıda hərbi hissədə olduğunu deyir. Əslində isə Təbriz ayın 31-dən qızğın döyüşlər gedən ərazilərdə olur. Evdəkilər qorxmasın deyə yalan deməyə məcbur olur. Aprelin 2-də Tovuz xanım həyat yoldaşı ilə birlikdə xəstə qohumlardan birinə baş çəkməyə gedir. Amma elə qonaq getdiyi evdə qəfildən əhvalı dəyişir: Günorta saat üç olardı. Günorta nahar etdik. Qəfildən özümü pis hiss etməyə başladım. Bacılarım halımın dəyişdiyini görüb təşvişə düşdülər. Elə bu vaxtı anam zəng vurub dedi ki, get evə, deyirlər Təbrizin kiçik oğlu yıxılıb, ayağı əzilib. Anamın bu sözlərinə çox təəccübləndim. Çünki uşağı iki saat əvvəl salamat qoyub çıxmışdım. Anamla sağollaşsam da özümü itirdiyimdən telefonu söndürməyi unutdum. Bir də onu eşitdim ki, anam telefonda öz-özünə ağlayır ki, evimiz yıxılıb ay bala. Nə qədər elədim, anam mənə sirr vermədi. Dedi, uşaq pis yıxılıb, evinə get. Ordan evə qədər necə gəldiyimiz yadımda deyil. Qapımıza çatıb hərbçiləri görəndə gözüm qaraldı. Bildim ki, olan Təbrizə olub.

O gündən bu yana dərmanlarla yaşayıram. Hələ də onun ölümünə inana bilmirəm. O elə qoçaq oğul idi ki, bir ovuc yerdən də özünü salamat çıxarardı. Bu gün ad günümdü. Yadıma düşür ki, əlli yaşım olanda o, məni necə təbrik etmişdi. İndi təkcə qalmışam. Ürəyim qısılan kimi özümü onun otağına verirəm. Saatlarla orda oturub şəkilləri ilə danışıram. Onda bir azca səbbim alınır. Ömrümün sonuna qədər gözüm yolda, qulağım səsdə olacaq. Mən onun ölümünü ağlıma gətirə bilmərəm. Balam mənim üçün həmişə sağdır, yaşayır!