1463
14:26
09 Avqust 2019

Qəzəbli tanrı, alt dodağın sirri, ərini zorlayan və öldürən gözəlçələr – Lent.az-da yeni LAYİHƏ

VƏHŞİ QƏBİLƏLƏR
Bu yazımızda söz açacağımız vəhşi qəbilə “Mursi” adlanır. Mursilər Afrikada, Efiopiya ərazisinin cənubunda yerləşən Omo vadisində məskunlaşıb. Bu qəbiləni dünyada məşhur edən, əsasən, Mursi qadınlarının qeyri-adi görünüşüdür. Belə ki, Mursi qadınları 15-16 yaşına çatdıqdan sonra alt dodaqlarını deşərək, orada dəlik açır, həmin kəsilmiş dəliyə çubuq taxıb gəzirlər. Zaman keçdikcə həmin çubuqları daha böyükləri ilə əvəz edir, dartıldıqca cadarlayıb çatlayan yerlərə yara sağaldan bitki yağları sürtür, bununla da alt dodaqlarını ağlagəlməz dərəcədə böyüdürlər. Bir müddət sonra dartıb böyütdükləri dodaqlarına ağac budağından kəsilmiş dairəvi taxta lövhəcik taxırlar. Böyütmə prosesində bu da müvəqqəti dönəmdir. Taxta lövhəcikdən sonra dodaq əməlli-başlı genişlənib, daha böyük gil lövhəciklə əvəzlənir. Lövhəciklər yaxşı yerləşsin deyə Mursi qadınları alt dişlərindən ikisini çıxarmalı olurlar. Onlar həmin gil lövhəcikləri təkcə dodaqlarına yox, həmin üsulla dartıb genişləndirdikləri qulaqlarının sırğa yerlərinə də taxırlar. Gili bişirməzdən əvvəl isə onu müxtəlif dini inanc və ayin naxışları ilə bəzəyirlər. Bu da ağzında gil lövhəcik gəzdirən qəbilə qadınlarının ekzotik görünüşünə qeyri-adi rəng qatır. Mursi qadınlar həm də saçlarını tamam keçəl qırxdırmağı sevirlər.
Gil lövhəciklərin sirri
Mursilərin tədqiqatçılara söylədiyinə görə, dodağı yırtaraq uzatmaq ənənəsi qədimlərə gedib çıxır. Vaxtilə düşmən qəbilələr biri-birinə hücum edib ailələri əsir götürərək, cəngəllik bazarlarında uzaq qəbilələrə satırlarmış. Həmin bazarlarda əsasən, fiziki sağlam adamlara üstünlük verilirmiş. Bazarda satılıb uzaq qəbilələrə aparmasınlar deyə, bir mursi ata həddi-buluğa çatmamış qızının alt dodağını çaparaq ora ağac çubuğu taxır. Beləliklə, dodağı deşilmiş qızı heç kim götürmür və ata onu hara getdi özü ilə aparır. Zaman keçdikcə Mursi atanın bu xilaskar hərəkəti qəbilədə müqəddəsləşərək, özəl ayinə çevrilir. Ona görə indiyədək yetkinlik yaşına çatan hər bir Mursi qızın alt dodağını çaparaq çubuq, yaxud lələk taxırlar.
İkinci versiyaya görə isə, bu ayin mursilərin tarixi keçmişinin ağrılı izidi. Belə ki, qəbiləyə hücum edib əsir tutduqlarını qolubağlı qul kimi yedəkləyərək cəngəllik boyu aparan düşmən qəbilənin adamları, əsirlər qaçmasın deyə, onların dodaqlarını deşib biri-birinə bağlayırlarmış.
Əfsanəyə görə, qul aparılan bir Mursi qadını dodağına taxılmış bağın möhkəmliyinə baxmayaraq, yolboyu azadlığa dartınmış və axırda dodağını cıraraq qaçmağa nail olmuşdu. Bunlar Mursi qəbiləsinin müqəddəs inanca çevrilmiş rəvayətləridir. Həmin inanclar öz xurafatı ilə qəbilədə bu gün də yaşamaqdadır. Odur ki, alt dodağında bacardıqca böyük lövhə gəzdirən qadın Mursilərdə hələ də ən gözəl qadın sayılır.
Mursi kişiləri
Onlar bir qayda olaraq, müasir geyimlərdən imtina edir. Əsas məşğuliyyətləri ovçuluq və maldarlıqdı. Mursilərin əcdadları vəhşi inəkləri əhliləşdirərək təsərrüfat yaratmış, qəbilədə maldarlığın əsasını qoymuşlar. Mursi kişilər olduqca cəsur və qorxmaz xarakterə malikdirlər. Onlarda ölümü sınmaqdan üstün tutma kimi sərt xarakter var.
Mal-heyvanın sayının çoxluğu hər bir Mursi kişi üçün başlıca şərtdir. Çünki oğlunu evləndirmək istəyən ata, yaxud evlənmək istəyən oğlan qızın ailəsinə ən azı on baş inək miqdarında, bizim dillə desək, “başlıq” verməlidir. Ona görə Mursi ailəsində qız uşağı dünyaya gələndə onu var-dövlət simvolu kimi sevinclə qarşılayırlar.
Matriarxat
Mursi qəbiləsində, demək olar ki, matriarxal quruluş hökm sürür. Ailədə həlledici qüvvə qadınlardı. Kişilər çöl işlərindən başqa ev işləri ilə də məşğul olur. Məsələn, əşyalarını özləri yuyub təmizləyir, yeməklərin hazırlanmasında qadınlardan çox canfəşanlıq edirlər. Mursi kişi iri gil çəlləklərdə çimən həyat yoldaşının belini süngərə bənzər xüsusi ot topası ilə sürtməlidir. Məişətdə olduğu kimi, intim həyatda da üstünlük qadınlarda olur. Kişi heç bir halda öz arvadını intim münasibətə məcbur edə bilməz, lakin qadın öz kişisini zorlaya da bilər.
Mursi ailələrində yataq zamanı həyata keçirilən qorxulu ayin də var. Bu ayin zamanı Mursi qadın alt dodağındakı gil lövhəciyə narkotik tərkibli bitkilərdən əldə etdiyi yağ, şirə sürtür və ərini bu qarışımı yalamağa dəvət edir. Hallüsinasiya yaradan həmin otlar toksik maddələrlə zəngin olduğundan bəzən kişilər ölümcül zəhərlənə bilir. Bu zaman həmin kişinin taleyi qadından asılı olur. Qadın öz kişisini xilas etmək istəyirsə, ona antitoksik bitkilərin şirəsini içirdib, sağaldır. Əgər qadın kişini xilas etmək istəmirsə, ona heç bir xilasedici dərman və ya ot vermir, nəticədə kişi ölür. Kişisini qısqanclıq zəminində, yaxud başqa mənfi keyfiyyətlərinə görə öldürdükdə qadına heç bir cəza verilmir. Əksinə, kişinin ölümü qəbilədə müsbət hadisə kimi qarşılanır. Belə ki, kişinin ölməsini onun canına yığılmış bəd ruhların azadlığa çıxması və ali qüvvələrin istəyi kimi qəbul edirlər. Belə ayinlərdə kişisini öldürmüş dul qadını qəbilə içində “ölüm rahibi” adlandıraraq xüsusi nüfuza mindirirlər.
Tumvi inancı
Mursi qəbiləsinin dini inancı, təxminən, satanizmə yaxındır. Mursilərin tanrısı aqressivdir. O, vaxtaşırı ölümə və qana ehtiyac duyur. Ona görə hər bir Mursi kişisi cəngavər döyüşçü sayılır. Düşmən qəbilənin kişi üzvünü öldürərsə Mursi kişinin sağ qoluna, qadın üzvünü öldürərsə sol qoluna xüsusi tatuirovka həkk edilir. Mursi qəbiləsində qolları və kürəyi bu cür tatularla dolu olan insanlar çoxdu.
Qəbilə üzvləri həm də inanır ki, tanrıları onları aclıqdan, xəstəlikdən və təbii fəlakətlərdən də qoruyur. Mursi inancına görə, tanrı Tumvi fövqəlgücə malikdi. O, hərdən mursilərə göyqurşağı və ya səmada bəzəkli quş halında görsənir.
Qəbilədəki rahiblər Tumvi ilə insanlar arasında vasitəçi hesab olunur.
Təbii peyvənd
Mursilər cəngəlliyin zəhərli həşəratlarından və yoluxucu xəstəliklərdən qorunmaq üçün qeyri-adi peyvənd üsulu icad ediblər. Belə ki, onlar bədənlərini naxışlı düzümlə yarıb deşərək dərinin altına zəhərli böcəklərin yumurtalarını, toxumlarını qoyur. Yaranın ağzını isə gil və yarabitişdirici otlar vasitəsilə qapayırlar. Bir müddətdən sonra dəri altındakı həşərat toxumları inkişaf edərək bədənin toxumaları ilə mübarizə aparır. Bu prosesdə zəhərli həşərat toxumları boğularaq insan bədəninə məğlub olur. Dərinin altında qalan həmin toxumlar dərini azacıq qabardaraq bədən sahibinin zövqünə uyğun müxtəlif düzümdə naxışlar yaradır. Qəbilə üzvləri bu üsulla həm özlərini hər cür xəstəliyə qarşı peyvənd edir, həm orqanizmlərində həşərat və ilan zəhərinə qarşı immunitet yaradır, həm də bədənlərinə ömürlük naxış vururlar. Mursilər körpə uşaqlarını da bu üsulla peyvənd edirlər.
Həyat tərzləri
Mursi qəbiləsində xüsusi ayinlər, xəstəliklərin müalicəsi zamanı narkotik təsirə malik bitki yağlarından və narkotik tərkibli otların tüstüsündən geniş istifadə olunur.
Evlərini qamış və gildən hörürlər. Onlar həyat tərzi, adət-ənənələri ilə maraqlanan turistlərə bilgiləri pul müqabilində satırlar. Mursilər lüt vəziyyətdə, müxtəlif ayin geyimlərində poz verərək şəkil çəkdirdikdə, yaxud kollektiv rəqs edərək videoçəkilişə icazə verdikdə turist və jurnalistlərdən pul tələb edirlər. Pul onlara nə üçün lazımdı?
Sən demə, mursiləri ən çox maraqlandıran müasir sivilizasiyanın silahları imiş. Avtomat silahına malik olmaq Mursi kişisi üçün çox cəzbedicidir. Mursilər turistlərdən yığdıqları pulla qonşu Sudan ölkəsindən odlu silahlar alırlar.
Mursi qəbiləsi də digər vəhşi qəbilələr kimi, sivilizasiyaya təslim olmaq istəmir. Lakin sivilizasiya öz fantastik imkanları ilə istənilən an onların həyatına müdaxilə edə bilir...