363
15:27
08 Avqust 2019

"Qurbanlıq" ətini agentlik nəzarətindəki məntəqələrdən alın, əks halda...

“Qurban bayramı ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən çox əhəmiyyətli tədbirlər görülür”.

Bu sözləri Lent.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O bildirib ki, vətəndaşlar ət alarkən çox diqqətli olmalıdır:

“Məsləhət görərdim ki, agentlik tərəfindən yoxlanılan və nəzarət edilən yerlərdən ət alınsın. Bundan başqa vətəndaşlar ət alarkən mütləq öyrənməlidirlər ki, satış məntəqəsinə agentlik nəzarət edir və ya etmir. Əgər agentlik sözügedən yerə nəzarət etmirsə, o zaman həmin əti almaq məsləhət deyil. Çünki hazırda ölkədə təhlükəli, mənşəyi bilinməyən və ölmüş heyvanların ətləri kifayət qədər satılır.

Həmçinin son vaxtlar qarayara xəstəliyi də bir nəfərin ölümünə, bir nəfərin vəziyyətinin pisləşməsinə səbəb oldu. Ona görə ət alarkən, bütün bunlar nəzərə alınmalıdır”.

Qeyd edək ki, Qurban bayramı münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə bayram yarmarkası keçiriləcək. Sosial dəstək mahiyyəti daşıyan “Kənddən Şəhərə” yarmarkasının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bayramla əlaqədar bazarlarda yaranacaq süni qiymət artımının qarşısını almaqdır.

Bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək. “Kənddən Şəhərə” satış yarmarkasına 20 000-ə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənləşdirilib.

Bundan başqa Qurban bayramı günlərində respublika üzrə 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək.

Vətəndaşlar bayram günlərində əvvəlcədən seçim edərək, qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə, təşkil olunan xidmətlərdən yararlana bilərlər.

AQTA bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edərək, paytaxtın küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli icra orqanları ilə birgə təşkil olunmuş çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır.

Qurbanlıq heyvanların satış və kəsim məntəqələrinin ünvanları ilə isəlinkə keçid etməklə tanış ola bilərsiniz.