295
13:00
08 Avqust 2019

Azərbaycanlı zəvvarlar bu tarixdə qurban kəsəcəklər

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanında olan zəvvarların ümumi vəziyyəti yaxşıdır, sağlamlıqları ilə bağlı narahatlıq yoxdur.

Lent.az -ın məlumatına görə, bu gecə zəvvarların bir qismi Tərviyəyə (Tərviyə günü hacılar Məkkə şəhərindən bir neçə kilometr məsafədə olan Mina çölünə getdikləri üçün, o günə səfərlə bağlı olan ad verilib. Tərviyə günü günortadan sonra Məkkədən çıxıb Minaya getmək və gecəni Minada qalmaq savabdır) çıxacaqlar.

Zəvvarların digər yarısı isə avqustun 9-dan 10-na keçən gecə Ərafat çölünə gedəcəklər. Onlar sübh namazına kimi Ərafatda yerləşdiriləcək. Tərviyədə olanlar da Minadan Ərafata qayıdacaq.

Avqustun 10-u səhər saatlarından axşama kimi bütün zəvvarlar Ərafatda qalacaqlar.

Qeyd edək ki, Ərafat Həcc ziyarətinin əsas ayinlərindən biridir.

Qurban bayramından bir gün öncə Ərafat çölündə durmaq, ibadət etmək Həccin əsas stünudur.

Avqustun 10-dan 11-nə keçən gecə zəvvarlar müzdəlifəyə gedəcək. Müzdəlifədə gecədən səhərə kimi ibadət edən zəvvarlar axşam saatlarında Minada olan çadırlarına dönəcək.

Bundan sonra böyük şeytanın daşlanması üçün gedən zəvvarlar Minaya qayıdıb qurban kəsəcəklər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında Qurban bayramı avqustun 11-də qeyd olunduğu üçün zəvvarlar qurbanı həmin gün kəsəcəklər.

Qurban kəsildikdən sonra hacılar saçlarını kəsib ehramdan çıxacaqlar. Bu il Azərbaycandan Həcc ziyarətinə 1440 nəfər gedib.