157
12:23
07 Avqust 2019

Azərbaycan Televiziyasında tamaşaçıları daha böyük yeniliklər gözləyir

Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmiz irimiqyaslı və hərtərəfli islahatların yeni mərhələsinə daxil olmuşdur. Xüsusən sosial paketə daxil olan islahatların nəticəsini hər bir Azərbaycan vətəndaşı öz rifahının yüksəlməsində hiss edir. Dövlət başçısı siyasi sahədə və məhkəmə-hüquq sistemində də islahatların dərinləşdirilməsi və onun yeni mərhələyə keçidinin anonsunu verib. İslahatlar ölkəmizin teleradio məkanına da təsirsiz qalmayıb. Xüsusilə son zamanlar Azərbaycan Televiziyasının həyatında həm forma, həm də məzmunca müsbət proseslər baş verməkdədir. Prezident İlham Əliyevin sərəncamı ilə AZ.TV-nin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə 3 milyon manat vəsait ayrılmasından sonra müasir televiziya standartlarına uyğun studiyaların yaradılması və tamaşaçı zövqünü oxşayan proqramların hazırlanması prosesi yeni məzmun almağa başlayıb. Daha dəqiq desək, Azərbaycan Televiziyasında bir sıra mühüm istiqamətlər üzrə ciddi islahatlara start verilib:
- Azərbaycan Televiziyasına peşəkar kadrların cəlb olunması prosesi ardıcıl xarakter alıbdır;
- Ölkəmizdə xüsusi nüfuzu ilə seçilən İnformasiya Proqramı Studiyasının təqdim etdiyi "Xəbərlər” studiyası dünyanın aparıcı televiziya kanalları ilə müqayisə ediləcək səkildə yeni dizaynda təqdim edilib. Nəticədə informasiyaların dinamik, operativ və canlı olmaqla daha çevik şəkildə auditoriyaya ötürülməsi təmin etilib;
- "Xəbərlər”in "Xüsusi reportaj” layihəsi çoxmilyonlu tamaşaçı auditoriyasının böyük marağına səbəb olub. Bundan savayı, dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ işıqlandırılmasında qısa zaman ərzində ciddi uğurlara imza atılıb. Bu sətirlərin müəllifinin də iştirak etdiyi tədbirlərin: xalqımızın milli sərvəti olan Novruz bayramı şənliyinin işğaldan azad olunan torpaqlarımıza tarixi qayıdışın simvoluna çevrilən Cocuq Mərcanlıda böyük coşqunluqla qeyd olunmasının, Quba şəhəri Soyqırımı Memorial Kompleksində Azərbaycanlıların soyqırımının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi və konfransının keçirilməsinin, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə Füzuli rayonunun Horadiz şəhərində "Aprel Zəfəri" adlı konsert proqramının məhz AZ.TV-nin canlı efirində ölkə və dünya ictimaiyyətinə çatdırılması böyük ictimai-siyasi əhəmiyyəti olan hadisələrdir və Azərbaycan Televiziyasında yaşanan keyfiyyət dəyişikliklərinin bariz nümunəsi kimi qiymətləndirilə bilər.
- Artıq cəmiyyətdə böyük əks-səda yaradan tok-şoular ("Əsas məsələ”, "Nəsillərin debatı” və s.) və proqramlar (“Planet”, "Gunun nəbzi" və s.) yeni formatda geniş auditoriyanın müzakirəsinə təqdim olunub və qısa zamanda böyük hüsn-rəğbət qazanıb.
Bir sözlə, Azərbaycan Televiziyası tam fərqli obrazda 3 peyklə yeni formalı və məzmunlu verilişləri ilə bütün dünyaya yayımlanır. Əlimizdə olan məlumata görə, qarşıdan gələn payız mövsümündə tamaşaçıları daha böyük yeniliklər gözləyir. Ayrı-ayrı redaksiyalarda, yaradıcı qruplarda yeni layihələr, maraqlı proqramlar və intellektual verilişlərin hazırlanması üzərində qızğın iş getməkdədir.
Azərbaycan Televiziyasının bütün rəhbər və yaradıcı kollektivinə dövlətçiliyimizin müdafiəsi və möhkəmləndirilməsi naminə apardığı uğurlu informasiya siyasətində yeni-yeni nailiyyətlər arzu edirəm.
Elman Nəsirov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
siyasi elmlər doktoru, professor