312
11:52
07 Avqust 2019

Bu yay kirayə mənzil bazarında ucuzlaşma olmadı - SƏBƏB AÇIQLANDI

“Kirayə mənzil bazarında 1 kvadrat metrin qiyməti 2.28 % artaraq, 8.21 manatdan 8.40 manata qədər yüksəlib”.
Bu barədə Lent.az -a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, ay ərzində kvadrat qiymətdə artım olsa da, mənzil qiymətində qismən azalma olub:
“Belə ki, paytaxtda orta mənzilin qiyməti 496 manatdan 495 manata düşüb ki, bu da 0.11 % azalma deməkdir. Həmçinin bahalı evlərdə ay ərzində 0.48 %, il ərzində 5.3 % artım, ucuz evlərdə ay ərzində 6.35 % artım, il ərzində isə 7.13 % artım olub”.
Ekspert qeyd edib ki, ötən illərdən fərqli olaraq bu il yay aylarında kirayə bazarında ucuzlaşma qeydə alınmayıb:
“Adətən avqust ayının ortalarına qədər kirayə mənzil bazarında qiymətlər azalır, 20-dən sonra isə bahalaşmağa başlayırdı. Ancaq əvvəlki illərdən fərqli olaraq bu il azalma müşahidə edilmədi, çünki artıq tələbələrin əksəriyyəti yay tətili vaxtı kirayə götürdükləri evləri boşaltmırlar və dərslər olmasa da, yaşamağa davam edirlər”.