114
17:22
06 Avqust 2019

XI sinfi bitirənlər qonşu dövlətlərin orduları haqda məlumatlara malik olacaq

Azərbaycanda tam orta təhsil səviyyəsini (XI sinif) bitirən şagirdlər qonşu dövlətlərin orduları haqqında məlumatlara malik olduğunu nümayiş etdirməlidir.
APA -nın məlumatına görə, bu, Təhsil Nazirliyinin ictimai müzakirəyə çıxardığı “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” layihəsində əksini tapıb.
Sənədə əsasən, tam orta təhsil səviyyəsində tədris edilən “Çağırışaqədərki hazırlıq” fənni üzrə təlim nəticəsində şagird Azərbaycan xalqının qəhrəmanlıq tarixi haqqında təqdimatlar etməyi də bacarmalıdır.
Bu, Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında” 3 iyun 2010-cu il tarixli qərarında "Çağırışaqədərki hazırlıq" fənni üzrə tam orta təhsil səviyyəsində məzmun standartlarında əksini tapmayıb.
Bununla belə, Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli qərarında əksini tapan "Çağırışaqədərki hazırlıq" fənni üzrə tam orta təhsil səviyyəsində məzmun standartlarının bir qismi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” layihəsində əksini tapmayıb. Bura şagirdlərin topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirməsi, qeyri-müəyyən şərait və hallarla əlaqədar yaranmış vəziyyətlərdə problemləri həll etmək üçün üsul və vasitələrdən istifadə etməsi, mülki müdafiə, sıra təlimi və fiziki hazırlığa aid normativləri yerinə yetirilməsi zamanı qrup və komanda tərkibində əlaqəli fəaliyyət göstərmək daxildir.
Ümumilikdə, “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” layihəsində tam orta təhsil səviyyəsində "Çağırışaqədərki hazırlıq" fənni üzrə təlimin nəticəsində şagirdlər aşağıdakı bacarıqlara malik olmalıdırlar:
- “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində təsbit edilmiş əsas müddəaları şərh edir;
- hərbi texnikaları, silah və sursatları fərqləndirir, onlardan istifadə qaydalarını və bunlarla təhlükəsiz davranış qaydalarını izah edir;
- sıra təlimi, taktiki hazırlıq, mülki müdafiə və tibbi yardım üzrə bacarıqlara yiyələndiyini nümayiş etdirir;
- Azərbaycan Respublikasının Silahlı Qüvvələri, Azərbaycan xalqının qəhrəmanlıq tarixi haqqında təqdimatlar edir;
- Azərbaycanın hərb tarixi, ənənələri, qonşu dövlətlərin orduları haqqında məlumatlara malik olduğunu nümayiş etdirir.