137
11:59
05 Avqust 2019

"Bu, ölkə təhsili üçün əhəmiyyətli hadisədir" - Ceyhun Bayramov

Avqustun 5-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunan mətbuat konfransı keçirilib.
APA -nın xəbərinə görə, konfransda çıxış edən Təhsil naziri, “IOI 2019”-un sədri Ceyhun Bayramov informatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsinin ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olduğunu vurğulayıb. Ceyhun Bayramov qeyd edib ki, beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.
Nazir istedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayı, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını da jurnalistlərin diqqətinə çatdırıb.
C.Bayramov bildirib ki, kimya, biologiya, fizika və riyaziyyat olimpiadalarından ölkəyə medallarla qayıdıblar: "Uzun fasilədən sonra şagirdlərimiz bizi doğma diyarımızda sevindərəcəklər. Yəqin ki, bunu olimpiadanın nəticələrindən sonra biləcəyik".
ADA Universitetinin rektoru, “IOI 2019”-un fəxri həmsədri Hafız Paşayev də olimpiadanın təşkilinin əsas məqsədləri barədə məlumat verib.
O qeyd edib ki, ADA Universiteti olimpiada ilə bağlı belə tədbirləri genişləndirmək niyyətindədir və bu, yalnız IT sahəsi deyil. "Planlarımız çoxdur. Gələcəkdə universitetin yaxınlığında xüsusi elm şəhərciyi yaradacağıq. Məqsədimiz keyfiyyətli müəllim yetişdirməkdir. Öz müəllimlərimizi özümüz hazırlayacağıq".
Mətbuat konfransında bildirilib ki, əsas yarış Milli Gimnastika Arenasında, açılış mərasimi Bakı Konqres Mərkəzində, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər “Atletlər şəhərciyi”ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq.