1108
writer1

Elşad Barat

Məqalə sayı

1
10:53 04 Avqust 2019

Qızım avaranın birini sevərsə...

 
Bir neçə gün öncə sosial şəbəkələrdə hesablarımı dondurdum. Məqsədim informasiyanın qaynar qazanından bir az aralı dayanmaq, təkliyə çəkilmək, özümlə baş-başa qalmaq idi. Təəssüf ki, bunların heç birini bacarmadım. Çünki informasiya evinizin içinə qədər gəlib girib. Qovmaq da olmur.
 
Səhər Günəşin yuxudan oyandığı saatlarda dostum zəng elədi. Həmişə bəd xəbərləri o mənə verir. Zalım oğlu elə bil qara xəbər ustasıdır. Qaranəfəs dedi ki, 17 yaşlı qızı zorla nişanladıqlarına görə intihar eləyib.
 
Özümü hal-hazırda Mirzə Cəlilin əsərlərində hiss edirəm. Birtəhər düşüncələrimin əl-ayağını bir yerə yığıram. Başa düşürəm ki, mən də qız atasıyam, həm də qız anasıyam, elə qız qardaşı, qız bacısı, qız rəfiqəsiyəm, olmalıyam da. Qız atası bilməlidir ki, qızı nə istəyir, arzuları nə boydadır, düşüncəsi hara qədərdir? Özümə sual edirəm, sabah qızım böyüyüb bir avara gədəni sevsə nə olacaq? Onları ayırıb qızımı hansısa dostumun oğluna nişanlayacam, yoxsa avara gədəyə dədəlik eləyəcəm? Cavabım belədir ki, əvvəla qızımıza o tərbiyəni verməməliyik, gedib avaranı sevsin. Digər tərəfdən, tutaq ki, ildırım aşqı deyilən bir şey var və qızım avara gədəyə vuruldu. O zaman iki yolum qalır; ya avara kürəkənimi müxtəlif yollarla tərbiyələndirməli, ya da özüm də avara olmalıyam. Qızımın xoşbəxtliyi üçün bunu bacarmalıyam.
 
Azərbaycan mühitində oğlan uşağını evdə sıxmalısan, yəni hər istəyini etməməlisən ki, gedib çöldə özünü tapsın, təsdiq eləsin. Qız uşağının isə bütün istəklərini yerinə yetirməlisən ki, gözü çöldə qalmasın. Məsələn, bayaq 6 yaşlı qızım zəng etmişdi ki, mənə dırnaq boyası al. Təbii ki, "baş üstə" dedim. Biz evimizdə sabahın anasını böyüdürüksə, həm də cəmiyyətin bir parçasını böyüdürük. Sabahın faciələri elə ən kiçik şeydən, adicə dırnaq boyasından da başlaya bilər.
 
Babam həmişə deyirdi ki, əsas məsələ doğub-törəmək deyil, düzgün tərbiyə verib böyütməkdir. Bu gün qız övladlarımıza verəcəyimiz ən gözəl cehiz düzgün tərbiyə və düzgün təhsildir. Çox təəssüf ki, ölkədəki təhsil sistemi ürəkaçan deyil.
 
Çəkinmədən deyə bilərəm ki, mənim qızım 17 yaşında intihar edirsə, qatil mənəm, həyat yoldaşımdır. Əminəm ki, bu gün intihar edən qızın valideynləri onunla dostcasına rəftar etsəydilər bu gün o qız yaşayardı. 72 milyon canlı içərisində yalnız insanın şüuru var və danışaraq bir-birini başa düşə bilir. Axı sən - ata niyə qızını intihar səviyyəsinə çatdırmalısan?
 
"Qız yükü duz yüküdür" deyirlər, yəni ağırdır. Mən bu fikirlə razı deyiləm. Çünki qız yükü daha çox məsuliyyət yüküdür. Belə deyək, qız uşağı ilə rəftar daha çox suyu üfürə-üfürə içməkdir. Sən valideyn olaraq universal olmalısan. Qız böyütmək, qız köçürmək, ümumiyyətlə, qız atası olmaq hər gün Comolunqma zirvəsini birnəfəsə fəth etmək kimidir.
 
Olur ki, mən də qızlarıma qarşı pis ata oluram, ideal ata deyiləm, səhvlərin çoxdur, amma çalışıram, sonradan səhvlərimi düzəldim. Elə edim ki, o səhvlərin nəticəsində böyük səhvlər yaranmasın, faciələr baş verməsin. Mən bütün qız atalarından xahiş edirəm, qızlarınızı qoruyun, onları başa düşməyə çalışın. İnanın, onlarla dost olsanız, hər şey gözəl olar. Lap əvvəldən, körpəlikdən elə edin ki, qızlarınız sizdən utanmasın, çəkinməsin, dərdini, problemini, onu narahat edən hər şeyi sizinlə bölüşsün. Biz atalar nə ediriksə edək, özümüzü oda vuraq, təki qızlarımız xoşbəxt olsun, təbəssümlə böyüsün, gülsün, sevinsin, intihar eləməsin.