184
17:57
02 Avqust 2019

İntiharlarla bağlı cinayət işlərinin 99 faizinə xitam verilir - TƏHLİL

Son iki gündə medianın və sosial şəbəkələrin gündəminin əsas müzakirə mövzusu 17 yaşlı Gülər Əliyevanın özünü öldürməsidir.
Bundan əvvəl isə intihar mövzusu 14 yaşlı Elina Hacıyeva və 18 yaşlı Aynur Məmmədzadənin özünə qəsdi ilə gündəmə gəlmişdi. Çox təəssüf ki, bu hadisələrdə intihar yaşının cavanlaşması diqqəti cəlb edir.
1960-cı ildən sonra dünyada intihar hadisələrinin sayı artmaqdadır. Ümumilikdə intihar qurbanlarının sayı müharibə və qətl nəticəsində həyatını itirənlərdən daha çoxdur. Dünyada hər 40 saniyədə bir insan intihar edir, hər il bu rəqəmdən 13 dəfə çox isə intihara cəhd olur. Hər 13 intihar cəhdindən 12-si uğursuz, biri isə ölümlə nəticələnir. İntihara cəhd edənlərin əksəriyyəti isə 15-34 yaş arasında olan gənclərdir. Təəssüflə qeyd etmək lazımdır ki, son statistikaya görə, hər il 1 milyon insan həyatına qəsd edir, 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı da proqnozlaşdırılır.
İntihar hadisələri barədə danışanda, xüsusilə sosial mediada daha çox sosial və maddi durum səbəb kimi göstərilir. Amma maddi və sosial təminatları ən üst səviyyədə olduğu Qərbi Avropa ölkələrinin intiharların sayına görə liderlik etdikləri də faktdır.
Ölkəmizdə intiharların statistikası və bu sahədə aparılan mübarizə tədbirləri barədə rəsmi məlumatlar tapmaq asan deyil. Hadisələrdən sonrakı hüquqi prosedur və istintaq araşdırmasının nəticəsi olaraq il ərzində cəmi 1, maksimum 2 nəfər məsuliyyətə cəlb olunur. Baş vermiş cinayət faktı ilə müqayisədə məsuliyyətə cəlb etmə faizi hədsiz dərəcədə azdır, yəni intihar hadisələri ilə bağlı başlanmış cinayət işlərinin 99 faizi xitam edilir. Bu isə özünü öldürmə həddinə çatdırmanın (və ya cəhdin) cəzasızlığı, Cinayət Məcəlləsindəki 125-ci maddənin işlək olmaması anlamına gəlir. Həmçinin cəmiyyətdə intihar həddinə çatdırma ilə bağlı cəzasızlıq mühiti olması fikrini yaradır. Ümumiyyətlə, özünü öldürmə həddinə çatdırma və ya özünü öldürmə həddinə çatdırmaya cəhd hansı hallarda cinayət hesab edilir?
Qüvvədə olan cinayət qanunvericiliyində (yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsində) özünü öldürmə həddinə çatdırmaya görə məsuliyyət nəzərdə tutan normanın dispozisiyasından görünür ki, şəxsin özünü öldürməsi və ya özünü öldürməyə cəhd etməsi o halda özünü öldürmə həddinə çatdırma cinayəti hesab olunur ki, zərərçəkmişin özünü öldürməsinə və ya özünü öldürməsinə cəhd etməsinə təqsirkar şəxsin ondan maddi, xidməti və ya sair cəhətdən asılı olan zərərçəkmiş şəxslə amansız rəftarı (onu döyməsi, işgəncə verməsi, ac, susuz, paltarsız qoyması, gücü çatmayan fiziki işlərə məcbur etməsi), onun ləyaqətini mütəmadi olaraq alçaltması (onu təhqir etməsi, söyməsi, məsxərəyə qoyması, haqqında rüsvayedici məlumatlar yayması, böhtan atması) və hədə-qorxu (maddi və sair yardımdan məhrum etməklə, işdən çıxarmaqla, yaşayış sahəsindən qovmaqla, barəsində rüsvayedici məlumatlar yaymaqla hədələmə) səbəb olsun.
Hazırkı Cinayət Məcəlləsinə görə, intiharla bağlı cinayət məsuliyyətinə cəlbetmə üçün zərərçəkmiş şəxs qismində yalnız təqsirkardan maddi, xidməti və sair cəhətdən asılı şəxs çıxış edə bilər. Yəni, iki eyni statuslu adam arasında amansız rəftar, ləyaqətin mütəmadi olaraq alçaldılması, hədə-qorxu və s. ilə şəxsi özünü öldürmə həddinə çatdırma halı baş versə, bu, məsuliyyətə səbəb olmayacaq. Bu halda maddənin dispozisiyasının yumşaldılması əsas şərtlərdəndir. Məsələn, istənilən müəssisədə rəhbər şəxslə əməkdaş arasında olan insident nəticəsində baş vermiş intihar hadisəsi CM-nin 125-ci maddəsinin tərkibini yaratsa da, iki eyni statuslu əməkdaş arasında yaşanmış oxşar hal özünü öldürməyə çatdırılma kimi qiymətləndirilmir.
Nəzərə alınmalıdır ki, cinayət işində obyektiv həqiqətə nail olmaq üçün məhkəmə psixoloji ekspertizası təyin edilir. Bu ekspertiza şəxsin ölməmişdən qabaqkı emosional halını, psixi davranışını və s. aydınlaşdırmalıdır. Eyni zamanda ölümdən qabaq onun özünə qarşı edilən hərəkəti necə qavradığı da müəyyən olunmalıdır. Təcrübə göstərir ki, ekspertiza adətən ümumi sözlərlə rəy verə bilir. Şəxsin davranışı, özünə qarşı edilən hərəkətə adekvatlılığı, konkret olaraq şəxsə qarşı edilən hərəkətlərin amansız rəftar, ləyaqətinin alçaldılması, hədə-qorxu gəlinməsi kimi qəbul edib-etməməsi aydınlaşdırılmır.
Azərbaycan Respublikası CPM-nin 221-ci maddəsində göstərilib ki, ibtidai araşdırmanın aparılması zamanı müstəntiq cinayətin törədilməsinə imkan yaradan halları (səbəb və şəraiti) müəyyən etməlidir. Bu halları müəyyən etdikdə müstəntiq cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərir.
Qanunvericilik cinayətin törədilməsindən sonra səbəb və şəraitin müəyyən edilməsi, aradan qaldırılması üçün tədbirlər görülməsini birmənalı olaraq istintaq orqanının üzərinə qoyur. Praktikada isə səbəb və şəraitin aradan qaldırılması üçün istintaq orqanı formal təqdimat verir, əksər halda təqdimatlar icra nümayəndəliyinə, polis orqanlarına göndərilir. Həmin təqdimatlara isə formal cavablar verilməsi ilə kifayətlənilir və cinayət işinə xitam verilir.
İntihar hallarına qarşı mübarizə aparmaq üçün ibtidai istintaqı aparan və prosessual rəhbərliyi həyata keçirən orqan cinayət işi üzrə səbəb və şəraitin müəyyən edilməsi, həmçinin, aradan qaldırılması üçün real işlər görməlidir. Eyni zamanda, ibtidai təhsildən etibarən psixoloq yardımı alınmasına təşviq edilməli və buna real şərait yaradılmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi potensial intihar qurbanlarının dairəsini müəyyənləşdirməli, profilaktik tədbirlər görülməsini təmin etməlidir.
İntihar hadisələrinin səbəbləri barədə infoqrafika təqdim edilməli, qeyri-hökumət təşkilatları vasitəsilə maarifləndirmə tədbirləri və müzakirələr aparılmalıdır.
Bütün bunlarla yanaşı, intihar edə biləcək şəxslərin yaxınları, ailə üzvləri onun yanında olmalı, mütəxəssis köməyindən istifadə etməkdən çəkinməməlidirlər.
Şamil Paşayev
Hüquqşünas