“Qarabağ” İtaliya klublarını arxada qoydu, “Neftçi” 14 pillə irəlilədi
02 avqust 2019 10:11 (UTC +04:00)

“Qarabağ” İtaliya klublarını arxada qoydu, “Neftçi” 14 pillə irəlilədi

Avrokubokların II təsnifat mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.
 
APA-nın məlumatına görə, siyahıda son 5 ildə qitə kuboklarında çıxış etmiş 421 klub yer alıb.
 
Bunlardan yeddisi Azərbaycan təmsilçisidir. Ölkəmizin ən yaxşı komandası “Qarabağ”dır.
 
Çempionlar Liqasında III təsnifat mərhələsinə adlayan Ağdam klubu hesabını 19,500 xala çatdırıb. Qurban Qurbanovun yetirmələri 69-cu pillədə qalsa da, bu yerə şəriklərini arxada qoyaraq mövqenin yeganə sahibi olub. Bu matçlaradək “Qarabağ”la eyni xala malik “Milan”, “Fiorentina” (hər ikisi İtaliya) və “Selta” (İspaniya) arxada qalıb. 
 
Aktivində 7,500 xal olan “Qəbələ” isə 139-140-cı yerləri Xorvatiya “Hayduk”u ilə bölüşür.
 
Bunadək yalnız bu iki klubumuz şəxsi göstəriciyə malik idisə, artıq “Neftçi” də onlara qoşulub. Avropa Liqasının II təsnifat mərhələsində Rusiya “Arsenal”ını mübarizədən kənarlaşdıran bakılılar şəxsi əmsala yiyələnib. Artıq aktivində 3,750 xal olan Azərbaycanın ən titullu klubu 266-272-ci yerləri bölüşən komandalar arasındadır. 14 pillə irəliləyən bakılılar “Linfild” (Şimali İrlandiya), “Şemrok Rovers” (İrlandiya), “Torpedo” (Gürcüstan), B-36 (Farer adaları), “Milsami” (Moldova) və “Spartak” (Latviya) ilə şərikdir.
 
Digər təmsilçilərimiz “Səbail”, “Keşlə”, “Zirə” və “Kəpəz” isə ölkə reytinqinə görə siyahıda yer alıblar. Onların aktivində 3,425 xal var. 282-285-ci yerləri bölüşən komandalar iki pillə geriləyiblər.
 
Avrokuboklardakı növbəti rəqiblərimizə gəlincə, “Qarabağ”la qarşılaşacaq APOEL (Kipr) 23,000 xalla 58-ci yerə şərikdir. “Neftçi” ilə görüşəcək “Bney Yehuda” (İsrail) 3,775 xalla 261-cidir.
 
Qeyd edək ki, siyahıya İspaniya klubları başçılıq edir. “Real” 121,000 xalla 1-ci, “Atletiko” 109 xalla 2-ci, “Barselona” 108 xalla 3-cüdür. 
# 746
avatar

Oxşar yazılar