120
10:35
01 Avqust 2019

Özünüməşğulluq Proqramı 10 min ailəni əhatə edəcək

“Özünüməşğulluq Proqramı ötən il 6 min ailəni əhatə edib və 6 min ailəyə mikro və kiçik biznesə başlaması üçün aktivlər təmin edilib”.
APA -nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin göstərişinə əsasən, bu il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik edilib və əlavə vəsaitin cəlb olunması nəticəsində 10 min ailənin bu il Özünüməşğulluq Proqramı ilə əhatə edilməsi planlaşdırılır: “Müraciətlər çoxdur, əhalinin bu proqrama çox böyük marağı, çox böyük rəğbəti var. Cari ilin ilk 6 ayı ərzində 45 minə yaxın müraciət gəlib. Bunları nəzərə alaraq, ötən ildən növbədə qalan insanlara və bu il müraciət edənlərin arasında isə əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailələrinə və həssas kateqoriyadan olan digər insanlara üstünlük verilir. Artıq 4 min nəfər bu il təlimlərdən keçirilib, 1100 nəfər aktivlər əldə edib. Əlavə olaraq BMT-nin İnkişaf Proqramı layihəyə cəlb olunub, 1000 nəfərə yaxın ailə məhz BMT-nin İnkişaf Proqramı tərəfindən təmin ediləcək”.
Nazir qeyd edib ki, Azərbaycan Prezidentinin göstərişlərinə uyğun olaraq, Dünya Bankı ilə müzakirələr yekun mərhələyə çatıb: “Sentyabr ayında Dünya Bankı layihə təklifini Azərbaycan Hökumətinə təqdim edəcək və gələn ildən bu layihəyə qoşulacaq. Ümumilikdə, layihənin ilkin göstəriciləri çox müsbətdir. Əlbəttə, ikiillik dövrün yekun monitorinqinin nəticələrini götürmək olar, amma, ilk altı ayın göstəriciləri göstərir ki, əhalinin bu proqrama həm böyük rəğbəti var, həm də bu mexanizmdən ciddi şəkildə yararlanır”.