5457
10:38
01 Avqust 2019

Qəzaya uğrayan təyyarənin axtarışları barədə YENİ MƏLUMAT

“Dünən günortadan sonra türkiyəli mütəxəssislər axtarış işlərinə başlayıblar”.
Bu sözləri Lent.az -a açıqlamasında Xəzər dənizində qəzaya uğrayan təyyarənin pilotu Rəşad Atakişiyevin qayınatası, tanınmış politoloq Qabil Hüseynli deyib. O bildirib ki, mütəxəssislər özləri ilə birlikdə xeyli avadanlıq və qurğular da gətiriblər:
“Axtarışlar intensiv davam edir. Axtarıcı qurğuların, gəmilərin, qayıqların, eləcə də işçi heyətinin sayı çoxalıb, ancaq hələ ki konkret bir nəticə yoxdur”.
Q.Hüseynli əlavə edib ki, bu gün Rusiyadan da mütəxəssislər gələ bilər və onlar da axtarışlara cəlb olunacaqlar.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.