428
16:09
31 İyul 2019

Sakinlər şikayət etdi: İcra Hakimiyyəti CAVAB VERDİ

“Bizim yollar çiçəklənən Azərbaycanda ən ucqar kənd yolu kimidir”.
Bu barədə Lent.az -a şikayətində Binəqədi rayon Rəsulzadə qəsəbəsi, Qasımbəy Hacıbabayev küçəsinin sakini Qasımlı Elman bildirib. O qeyd edib ki, yolların vəziyyətindən təkcə özü yox, bir çox sakin narazıdır:
“Bununla bağlı Binəqədi rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Onlar da bunu Binəqədi bələdiyyəsinə göndəriblər, bələdiyyə isə bizə deyir ki, büdcə yoxdur, vaxt gələndə yol təmir ediləcək. Ancaq illərdir ki, o vaxt yetişmir. Mən 16 ildir burada yaşayıram, ancaq heç bir dəyişiklik yoxdur”.
Şikayətçi əlavə edib ki, ərazidə yerləşən 5 mərtəbəli binaların həyətləri asfaltlanıb:
“Bizim həyət evlərinin yollarına isə baxan yoxdur. Elə bil ancaq bina evlərində yaşayanlar insandır. İllərdir ki, 100 metr yola asfalt çəkə bilmirlər”.
Mövzu ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətindən Lent.az -a bildirilib ki, son bir ildə Binəqədi rayonunda abadlıq işləri həyata keçirilir:
“Məlumat üçün bildiririk ki, rayon ərazisində asfalt örtüyünün çəkilməsi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən deyil, aidiyyəti qurumlar tərəfindən müəyyən edilmiş tədbirlər proqramına uyğun olaraq mərhələli aparılır.
Adıçəkilən ünvan tədbirlər planına salınıb və həmin ərazidə yol örtüyünün salınması nəzərdə tutulub”.