11324
14:10
31 İyul 2019

“Şikayət etmişdim, icra başçısı evimə gəldi... Təəccüblüdür?” - Səbail sakinindən maraqlı xəbər

Səbail rayon, Badamdar qəsəbə sakini Üzlufət Burayevanın sosial şəbəkələrdə paylaşdığı status marağa səbəb olub.
ONA -nın məlumatına görə, Ü.Burayeva sosial şəbəkədə yazdığı bir posta görə İcra Hakimiyyəti başçısının və müavinlərinin birbaşa evlərinə gəlib, onları dinlədiklərini yazıb: "İnanmayacaqsınız, amma bu gözlənilməz hadisə necə baş verdisə, olduğu kimi yazıram. Bir neçə gün əvvəl Günay Malikqızı Səbail rayon icra başçısı ilə görüşünü paylaşmışdı. Mən də şərh yazmışdım ki, Badamdara da gəlsin. Sonra icra başçısının müavini Vüqar Şıxəmmədov mənə yazdı, şikayətimin olub-olmadığını soruşdu. Mən də dedim ki, şikayətim var”.
Ü. Burayeva bundan sonra ona rayon İcra Hakimiyyətindən zəng edildiyini bildirib: “Dedilər ki, icra başçı hazırda Badamdardadır və mənimlə görüşmək, şikayətimi dinləmək istəyir. Ünvanı dedim, saat 17.30-da gələcəyini söylədilər. Sözün düzü, inanmadım. Düz saat 17:30-da qapı döyüldü və Səbail İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov gəldi. Şikayətləri dinlədi, onların həlli barədə, eləcə də İcra Hakimiyyəti tərəfindən görülən işlərdən də danışdıq"...
Ü. Burayeva qeyd edib ki, icra hakimiyyəti başçısının rayonda hər yeri tanımağı, hər bir problemdən xəbərdar olmağı, həll etdiyi və etməkdə olduğu işlər, komandası ilə səmimi və sadə münasibəti ona xoş təsir bağışlayıb: "Gedəndə xahiş etdim ki, gələcəkdə bizim ailəmizi də abadlaşdırma, ağacəkmə və sairə aksiyalara cəlb etsinlər. Gənc, müasir, səmimi, xalqın arasında olan, ən əsası, xalqdan biri olan icra başçısı. Təəccüblüdür? Amma biz bu gün bunun şahidi olduq..."