233
12:26
31 İyul 2019

Balakən sakininin evindən silah və narkotik tapıldı

Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olmaqda şubhəli bilinən Balakən rayon sakini, 37 yaşlı Seymur Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, hadisə şahidlərinin iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş yaş çəkisi 6 kiloqrama yaxın təşkil edən hündürlüyü 26-90 sm olan 95 ədəd çətənə kolları, yaşadığı evdən isə ümumi çəkisi 540 qram olan qurudulmuş marixuana, 5 qram həşiş, həmçinin 27 min dollar, 1 ədəd ov tüfəngi, 1 ədəd tir tüfəngi, çoxlu sayda patronlar və narkotik maddə hazırlamaq üçün istifadə olunan xüsusi qurğu aşkar edilərək götürülüb.

Dindirilmə zamanı Seymur Quliyev cinayət əməlini etiraf edib.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlanılıb.Həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.