156
17:33
30 İyul 2019

Azərbaycanda maşınlardan atmosferə atılan zərərli maddənin həcmi AÇIQLANDI

"Son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələrinə tez-tez rast gəlinir. Qeyd edirik ki, belə nəqliyyat vasitələrinin istismarı atmosfer havasını çirkləndirməklə insanların həyat və sağlamlığına mənfi təsir göstərir".
Bu barədə APA -ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Qeyd olunub ki, bu gün respublikada atmosfer havasına atılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür. Hesablamalara görə, ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.
Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə avqust ayının 1-dən 31-dək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) respublika ərazisində "Təmiz hava" aylığı keçirəcək.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sürücülərindən istifadələrində olan avtomobilləri texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir. Əks təqdirdə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.