363
16:42
30 İyul 2019

Tələbələr köməkçi müəllim vakansiyası ilə işə cəlb edilə bilər - TƏKLİF

“2019-cu ilin fevralında ali təhsilin bakalavriat pilləsinin yeni standartları müəyyənləşdirilib və növbəti ildən yeni təsnifata uyğun kadr hazırlanacaq”.
Bu sözləri təhsil naziri Ceyhun Bayramov deyib. O bildirib ki, pedaqoji kadr hazırlığında artıq tədbirlərə başlanılıb:
“2019-cu ilin fevralında ali təhsilin bakalavriat pilləsinin yeni standartları müəyyənləşdirilib və növbəti ildən yeni təsnifata uyğun kadr hazırlanacaq. Yeni təsnifatda praktiki məşğələlərin internatura tipli təcrübələrin miqdarının əhəmiyyətli şəkildə artıb. Düşünürük ki, pedaqoji kadrların hazırlıq prosesində dərsdə olmaları önəmlidir. Odur ki, bakalavrlar təhsil aldıqları 4 ilin birini tamamilə məktəbdə olmalıdır”.
Mövzu ilə bağlı Lent.az -a açıqlama verən filologiya üzrə fəlsəfə doktoru, dosent pedaqoq Şəmil Sadiq qeyd edib ki, məktəblərimizə pedaqoji kadr seçimində Təhsil Nazirliyi son illər çox ciddi nailiyyətlər əldə edib:
“2019-cu il müəllimlərin işə qəbulu imtahanlarının şəffaf aparılması bunun bir daha sübutudur. Buna baxmayaraq, etiraf etməliyik ki, hardasa, hansısa xırda bir texniki xəta olubsa belə, bu heç bir halda görülən işə kölgə salmamalıdır. Bu gün Azərbaycanda ciddi bir inam yaranıb ki, digər sahələr kimi, müəllimliyə namizəd olan hər bir şəxs öz qabiliyyəti ilə müəllim vəzifəsini qazana bilər. Bu inam müəllim üçün çox vacib idi. Çünki müəllim qorxaq olarsa, gözükölgəli olarsa, ondan azad düşüncəli, sərbəst fikirli gənc hazırlamağı gözləyə bilmərik. Bu imtahanlar onu göstərir ki, öz haqqı ilə bu vəzifəni qazanan insanlar, zəhmətlə, fədakarlıqla peşəsinə xidmət edəcək, heç kimdən, heç nədən qorxmadan, qürurlu bir vətəndaş böyüdəcək, hansısa direktorun, direktor müavinin hədəsindən, təzyiqindən qorxmayacaq, alnıaçıq şəkildə işini görəcək. Direktor və direktor müavinlərinin də seçim prosesi ilə işə cəlb edilməsi ürəkaçan sabahlardan xəbər verir”.
Şəmil Sadiq təhsil nazirinin yuxarıdakı fikri ilə bağlı əlavə təkliflə də çıxış edib:
“Bizim dövlət məktəblərində köməkçi müəllim, təcrübəçi müəllim vakansiyası yoxdur. Universitetin pedaqoji fakültələrini bitirən müəllimlər isə birbaşa sinfə girə bilmirlər, çünki müəllimlik ilk növbədə təcrübə istəyir. Təcrübəsiz müəllim savadına görə işə götürülsə belə, ya valideynlər tərəfindən qəbul edilmir, ya da sinifdə yaşanan kiçik bir problem onun ruhunu sındırır. Özünə gəlməsi isə böyük bir zaman alır. İndiyə qədər universitetlərdən məktəblərə təcrübəyə göndərilən tələbələr isə istənilən pedaqoji təcrübəni əldə edə bilmirdilər. Bunda təhkim olunmuş məktəb də, müəllim də, universitet müəllimi də təqsirkardır. Etiraf edək ki, bu cür 2-3 aylıq təcrübə müddətləri, adətən, formal olaraq həyata keçirilir. Cənab nazirin də qeyd etdiyi kimi təcrübəçilər son ilini tam olaraq məktəblərə təyin edilsə, fənn müəlliminin köməkçisi kimi çalışsa, bir ilin sonunda biz təhsildə gənc, dinamik, həvəsli və təcrübəli müəllim qazanarıq, digər tərəfdən də, təhkim olunduğu müəlliminə asistent kimi kömək etməklə onun da müəyyən işlərinə dəstək olar. Lakin bu o demək deyil ki, təcrübəçinin təhkim olunduğu müəllim “urra, təcrübəçi gəldi, bir il kefdir” deyib bütün işi təcrübəçinin üstünə atıb qaçsın. Çünki bizim oxuduğumuz 90-cı illərdə adətən müəllimlər belə edirdi.
Mən bu mövzu ilə bağlı əlavə olaraq təklif edərdim ki, hər bir təcrübəçiyə görə dövlət büdcəsindən təhkim olunduğu müəllimə ayrılan müəyyən məvacib məhz həmin tələbələrə yönləndirilsin. Bu, onların gördükləri iş qarşısında yol xərcini qarşılayar, motivasiyalarını da artırar. Çünki təcrübəçi sayı çox olmadığından ölkənin bütün müəllimlərinə təcrübəçi düşmür və bu həm də o deməkdir ki, bütün müəllimlər bu məvacibi ala bilmirlər. Amma toplam olaraq 4-cü kurs tələbələri arasında bölünərsə, daha ədalətli olar”.
Şəmil Sadiq əlavə edib ki, digər bir tərəfdən də Nazirliyin “Məktəblinin dostu” layihəsi də bunun köməyi ilə daha təkmil, daha professional şəkildə həyata keçirə bilər:
“Hətta müəllimlərin işə qəbulu imtahanında məktəbdən gələn rəy də onun portfolyosuna yazılarsa və proses obyektiv şəkildə qiymətləndirilərsə, beş ildən sonra məktəblərimizdə ciddi kadr formalaşması olar ki, bu da ölkə təhsilinin inkişafına çox faydalı ola bilər. Nazirlikdə və məktəblərdə köməkçi müəllimlərlə iş şöbəsi açılarsa, gələcəkdə təyinat məsələsi də aktuallaşar və istedadlı kadrlar iş tapmaqda çətinlik çəkməzlər. Etiraf edək ki, universitet təhsili müəllim hazırlamağa tam cavab verə bilmir, çünki müəllim sinifdə müəllim olur. Nəzərə alaq ki, günümüzün dünyası təcrübələr üzərində qurulur və inkişaf edir, o zaman təhsil naziri Ceyhun Bayramovun bu addımı həm də dünya təhsilində gedən proseslərə qoşulması, kadr islahatlarını lap dərindən başlaması deməkdir. Təhsildə isə uzaqgörən addımların atılması çox vacib məsələdir ki, Təhsil nazirinin hazırda bu işlərə xüsusi diqqət yetirdiyi açıq-aydın görünür. Müəllim hazırlığına tələbəlikdən başlasaq, düzdür, universitetlərimiz bu işlə nəzəri məşğul olurlar, amma praktiki şəkildə də məşğul olsaq, qısa müddətdə orta məktəb təhsilindəki çatışmazlıqları aradan qaldıra bilərik”.