172
12:22
29 İyul 2019

6 minə yaxın abonentin problemi HƏLL OLUNDU

Təqribən bir həftə öncə Sabunçu rayonunun Sabunçu qəsəbəsində 6 minə yaxın abonentin qaz təchizatında yaranan problem barədə məlumat yaymışdıq.
Bu barədə Lent.az -a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəsəbə yaxınlığındakı bataqlıq ərazidən keçən qaz kəmərinə birləşmiş sənaye müəssisənin xətlərində korroziya baş vermiş və həmin zədəli hissələrdən daxil olan su kəmərə dolmuşdu. Baxmayaraq ki, gün ərzində 12 tondan çox su ərazidən çəkilərək çıxarılmışdı, lakin bu heç də problemin həllinə köməklik göstərmədi. Müvəqqəti olaraq sakinlərin qaz təchizatı alternativ xətlə təmin edildi. Su dolan kəmərin isə yenisi ilə əvəz olunması qərara alındı.
Beləliklə, artıq təqribən 1000 metr uzunluğunda 315 mm diametrində olan polietilen kəmər hazırdır və bu gündən istifadəyə veriləcək. Bununla da 6 minə yaxın abonenti əhatə edən Sabunçu qəsəbəsinin Q.Vəzirov, Natəvan, S.Aydınbəyov, İ.Əfəndiyev, Musabəyov, M.Qasımov küçələrində, eləcə də bir neçə çoxmərtəbəli binada qaz təchizatı normal şəkildə təmin olunacaq.
Onu da qeyd edək ki, yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar bu gün səhər saat 10:00-dan qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.