457
15:21
26 İyul 2019

Bakıda ilk süni mayalanma edən həkim komandası ilə birgə getdi

Azərbaycanda uzun illərdir çalışan məşhur türkiyəli reproduktoloq-süni mayalanma mütəxəssisi Ərsadıq Turan çalışdığı, həm də baş həkimi olduğu “Azər-Türk Med” Klinikasından uzaqlaşaraq Türkiyəyə dönüb. Onun daha Azərbaycanda çalışmayacağı bildirilir. e-tibb.az-a verilən məlumata görə, Azərbaycanda ilk süni mayalanma edən həkim kimi tanınan Ə.Turan klinikadan komandası ilə birgə uzaqlaşıb, klinika isə artıq bir aya yaxındır ki, fəaliyyət göstərmir.
Onunla birgə çalışan mütəxəssislər hazırda Bakıdakı ayrı-ayrı klinikalarda işləyirlər.
“Azər-Türk Med” Klinikasından e-tibb.az-a bildirilib ki, tibb müəssisəsi təmirə bağlanıb, sentyabr ayından fəaliyyətini davam etdirəcək, amma Ə.Turan bir daha həmin tibb müəssisəsində çalışmayacaq.
Ə.Turan isə e-tibb.az-ın suallarına cavab olaraq yalnız məzuniyyətdə olduğunu deyib. O, klinikadan hansı səbəbdən çıxması, bundan sonra Azərbaycanda çalışıb-çalışmayacağı barədə suallara cavab verməyib.
“Azər-Türk Med” Klinikası 2007-ci ilin sentyabr ayından fəaliyyət göstərir. Ə. Turan 2008-ci ildən klinikanın baş həkimi kimi çalışıb.
Qeyd edək ki, Azərbaycanda ilk süni mayalanma 2004-cü ildə həyata keçirilib. Bu proseduru ölkədə ilk tətbiq edən türkiyəli reproduktoloqlar olub, onlardan biri də Ə. Turandır.
e-tibb.az