396
11:44
26 İyul 2019

"Polisdən bu əmələ göz yumulmasını tələb etmək..." - Elşad Hacıyev

Bu günlərdə küçə ticarəti ilə bağlı məsələlər bir daha gündəmə gəlir.

Toz-torpağın içində, isti hava şəraitində küçədə satılan ərzaqlar nə qədər yararlıdır? Küçə ticarətinin xoşagəlməz üzü bir daha ortaya çıxır.

Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az -a bildirib ki, küçə ticarətinə qarşı ictimai baxış dəyişməlidir. Onun sözlərinə görə, ictimai fikir qanunsuz küçə ticarətini ümumi qəbul olunan davranış normaları çərçivəsində görə bilməz: “Polisin küçə ticarəti ilə mübarizə tədbirlərinin keçirilməsində əsas məqsədi cəmiyyəti bu məsələdə həssas olmağa səfərbər etməkdir. Çünki konkret səbəblər var. Küçə ticarəti insan sağlamlığına zərər vurur, ətraf mühitin çirkələnməsinə, epidemoloji təhdidə, vergidən yayınmaya şərait yaradır. Bununla bağlı suallara bu sahənin mütəxəssisləri cavab verməklə, cəmiyyəti məlumatlandıra bilərlər”.

Xidmət rəisi əlavə edib ki, küçə ticarəti ilə bağlı polisin tədbirlərini ictimai müzakirəyə çıxaran bəzilərinin subyektiv fikirləri ziddiyyətli yanaşmanın nümunəsidir və ənənəvi populizmdir: “Sağlam məntiq, sağlam düşüncə, polisin qanunla üzərinə düşən vəzifələrinin yerinə yetirməsini ictimai qınaq obyektinə çevrilməsinə çalışa bilməz. Polisdən bu əmələ göz yumulmasını tələb etmək ictimai məsuliyyətsizliyi təşviqdən başqa heçə nə deyil".

Qeyd edək ki, sosial şəbəkələrdə bəzi vətandaşlar küçə ticarətinə qarşı mübarizənin doğru olmadığını bildiriblər.