123
09:49
26 İyul 2019

Bakı-2019: Danimarkalı idmançı tibbi yardım üçün müraciət edib

Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına ümumilikdə 4 müraciət olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, müraciət edənlərdən biri 16 yaşlı danimarkalı idmançı sağ budun travması diaqnozu ilə Heydər Əliyev adına İdman Sarayından KTM-ə çatdırılıb. İdmançıya lazımı yardım göstərildikdən sonra buraxılıb.
Digər müraciət edən 3 nəfər yarışlar keçirilən ərazidə xidmət aparan əməkdaşlar olub. İkisi baş ağrısından, bir nəfər isə arterial təzyiqin artmasından şikayətlənib. Müraciət edən polis əməkdaşlarına həkimlər yerində yardım göstəriblər.
"Olimpiya Gənclər Festivalı 2019" keçirilən ərazilərdə Təcili Tibbi Yardım briqadaları növbə çəkməkdə davam edir.