139
15:01
24 İyul 2019

Alkoqolsuz içkiləri çirkli butulkaya dolduran sex aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Gəncə şəhərində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexinə baxış keçirib.

Agentlikdən Lent.az -a bildirilib ki, baxış zamanı fiziki şəxs Azad Mirzə oğlu Aslanova məxsus “Əmirvar” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexində texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərin pozulduğu aşkarlanıb.

Sexdə məhsul istehsalında mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi, hazır məhsulların analizlərinin aparılmadığı, istehsal prosesində istifadə olunan suyun müvafiq filtrdən keçirilmədiyi, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu, məhsul istehsalında istifadə olunan xammalın və köməkçi materialların düzgün şəraitdə saxlanılmadığı müəyyən edilib.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sexin fəaliyyəti məhdudlaşdırılıb.

İstehsal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Faktla bağlı araşdırmalar davam edir.