472
10:05
22 İyul 2019

Syun Yatseninin oğurlanması əhvalatı

Dul qadın, üç Çin imperatorunun anası və bibisi, 1835-ci ildə anadan olmuş imperatriça Tsı Si həm regent, həm taxt-tacın ortağı, həm də, hökmdar olmuşdu. Onun zamanında, yəni 1890-cı ildən sonra Çin imperialist dövlətləri – Yaponiya, Almaniya, Fransa və İngiltərə - tərəfindən kölə halına salınırdı. Bu dövlətlər bir zamanlar güclü olan bir məmləkəti nüfuz dairələrinə bölürdülər və ölkə getdikcə, daha çox müstəmləkəyə bənzəyirdi. Yadellilər hələ 70-ci illərin əvvəllərindən Çinin 26 limanına azad giriş hüququna malik idilər və həmin limanlarda özlərini tam sərbəst, oraların əsl sahibi kimi aparır, nəzarətdən kənar qalırdılar. Beləliklə, XIX əsrin axırlarında Çində imperator hakimiyyəti yavaş-yavaş əvvəlki kəsərini itirməyə başlamışdı...

Çinin imperialist dövlətlər tərəfindən qarəti xalq arasında böyük narazılıq doğursa da, Tsin sülaləsi və xüsusilə də, imperatriça Tsı Si tərəfindən faktiki olaraq, dəstəklənirdi. Tsin sülaləsinə (1644–1911-ci illər arasında haklimiyyətdə olub) çinlilər lap nifrət edirdi. Ölkənin mancurlar tərəfindən geniş işğalı da əslində, bu sülalə ilə bağlı idi və işğal zamanı əzəmətli Çin xalrı uzun illər ərzində, olmazın zülmlərə məruz qalmışdı. Ölkədə bir liderə ehtiyac vardı və bu şəraitdə gənc inqilabçı-demokrat Sun Yatsen milli-azadlıq və monarxiya əleyhinə hərəkatın təcəssümünə çevrildi.

Haşiyə: Sun Yatsen (12 noyabr 1866 – 12 mart 1925) məşhur Çin inqilabçısı, konservativ Çjunqo Qomindan (“Çin Milli Partiyası”) partiyasının banisi, Çin xalqının bütün dövrlərdə əın çox pərəstiş etdiyi siyasi xadimlərdən biri. 1940-cı ildə, dünyasını dəyişəndən sonra “Millətin atası”tituluna layiq görülüb.11 mart 1925-ci ildə, ölümündən bir gün qabaq “Sovetlər İttifaqına müraciətnamə”sində belə yazırdı: “Gün gələcək, Sovet İttifaqı ən yaxşı dost və müttəfiq kimi, güclü və azad Çini alqışlayacaq və onda hər iki dövlət dünyanın istismar olunan millətlərinin azadlığı uğrunda son döyüşdə əl-ələ tutub irəliləyəcək, qələbə qazanacaq”.

Sun Yatsen 1866-cı ildə Quançjou (Kanton) yaxınlığında, kəndli ailəsində anadan olmuşdu. O, 1890-cı ilin əvvəllərində Honkonqdakı ingilis tibb institutunu bitirərək, özünü büsbütün siyasi fəaliyyətə həsr etdi. Az sonra, Havay adalarında məskunlaşıb, ordakı çinlilərin üzv olduğu “Sin Çjun Xoy” (“Çinin intibahı cəmiyyəti”) təşkilatını qurdu. Təşkilat ölkədə monarxiya quruluşu ilə mübarizəni özünə hədəf seçmişdi. Cəmiyyətin ilk əməli addımı Quançjouda qiyam qaldırmağa yönəlmişdi, lakin. ilk cəhdi uğursuz olmuşdu. Onun bir çox üzvləri həbs edilmiş, bəziləri dar ağacından asılmışdı. Sun Yatsen isə təsadüf nəticəsində həbsdən can qurtara bilmişdi. Hadisələrdən az sonra o, Amerikaya mühacirət etmiş, sonralar bir müddət Avropada yaşamışdı.

İmperatriça Tsı Si isə, ölkəni faktiki olaraq, özü idarə edir, yaxınları, etibar etdiyi insanlar vasitəsilə Sun Yatsenin hər addımını izləyirdi. Çox hiyləgər, qəddar bir qadın idi. Bir fransız tarixçisi onun barəsində belə yazırdı: “Bu qadın son zamanların bütün dövlət çevrilişlərinin baiskarıdır. O, çox mürəkkəb kombinasiya ilə bütün istədikləırinə nail oldu və bununla, Şərqin nəinki ən ağıllı, hətta məqsədə çatmaq üçün bütün vasitələri məqbul sayan qadın hökmdarları arasında görkəmli yer tutdu. Ağlı və törətdiyi cinayətlərin ağırlığı sarıdan Tsı Sini Çinin bütün tarixi ərzində, yalnız VII əsrdə yaşamış imperatriça U-xou ilə müqayisə etmək olar.”

1896-cı ilin payızında Tsı Si bu qənaətə gəlir ki, Sun Yatsen ancaq xarici işğalçılar üçün deyil, Çindəki monarxiya üçün və şəxsən onun özü üçün böyük təhlükədir. Ona görə də özünün yaxın adamlarına belə bir tapşırıq verir ki, harda olsa belə, Sun Yatseni tutub Çinə gətirsinlər və “qiymə-qiymə doğrayıb paxla ilə qovursunlar.”

Beləliklə, “sanşi”lər, yaxud başqa ifadə ilə desək, “kometa elçiləri” qorxulu cani elan edilmiş şəxsi tapmaq üçün yola çıxırlar.

Haşiyə: “Kainat imperiyası” adlandırılan Çində “sanşi” xüsusi agentlərə deyilirdi. Bu agentlər bütün ölkədə imperiya qanunlarına camaatın da, iri məmurların da necə riayət etdiyinə göz qoyurdu. Şansiləri yalnız imperator ailəsinin inanılmış adamları sırasından seçirdilər; Onların kəsdiyi başa sörğu-sual olmazdı...

Sin Yatseni tapmaq elə asan iş deyildi: gənc siyasi xadim daim başqa adlar altında gizlənirdi. Bundan başqa, agentlərin əlində onun fotoşəkli də yox idi. Odur ki, çox intensiv axtarışlar bir nəticə vermirdi. Lakin, təxminən, elə o vaxtlar Sun Yatsen San-Fransisko şəhərində gizlin yaşayan siyasi xadim üçün yolverilməz bir yanlışlığa yol verdi: inqilabi ideyalarını daha geniş yaymaq üçün yerli qəzetlərin birində onun müsahibəsi çıxdı; həmin müsahibədə onun həqiqi adı yazılmış, şəxsi fotosu dərc olunmuşdu. İnqilabçının şəkli agentlərin əlinə belə düşdü. Lakin doktor Sun Amerikada çox qalmaq fikrində deyildi. Müsahibədən bir-neçə gün sonra, o, məşhur “Majestik” gəmisində İngiltərəyə yola düşür və 1896-cı il sentyabrın 23-də Dumanlı Albiona çatır.

Çinin Londondakı dioplomatik missiyası təhlükəli qonağın gəlişindən tez xəbər tutur və səfir Qun Çaoyun Sun Yatseni məhv edəcəyinə and içir. Çox sonralar inqilabçı öz xatirələrində yazırdı: “Mənimlə görüşən müəyyən dostlarım dedi ki, Çinin İngiltərədəki nümayəndəsi mancurdur və çinlilərə, xüsusilə də, yenilikçi gənclərə dərin nifrət bəsləyir deyə, mən çox ehtiyatlı olmalıyam”.

Haşiyə: Mancurlar mənşəyi Şərqi Sibirdən olan, bir xalqdır. XVII əsrdə Çini istila edib və ölkəni Tsin sülaləsinin timsalında üç yüz il (1644-1912) idarə edib. Mancur imperiyasının tərkibinə Çin, Mancuriya, Monqolustan, Sintsyan və Tibet daxil idi; Nepal, Birma, Laos, Siam (Tailand), Annam (Mərkəzi Vyetnam) və Koreya isə imperiyaya bac verirdi. Çinlilərin mancurlara həmişə nifrəti olub. Orta əsrlərdə öz dili və yazısı olan mancurların böyük əklsəriyyəti indi çin dilində danışır.

Qun Çaoyunun çox etibarlı bir ingilis məsləhətçisi vardı - ser Semyuel Holidey Makkartni. O, Çində diplomat idi, İngiltərəyə qayıdandan sonra isə, çinlilərin diplomatik missiyasında işləməyə başlamışdı. Çinli xəfiyyələrin bacarığına arxayın olmayan Makkartni səfitə məsləhət görür ki, inqilabçını tapmaq üçün Sleterin axtarış bürosuna müraciət etsin. Cənab Qun bu məsləhəti qəbul edir, amma eyni zamanda, öz köməkçiləri Kan və Tanın Sun Yatsenin izləməsini davam etdirmələrini tapşırır. İş elə gətirir ki, əməliyyatın ilkin uğurunda əsas rolu da məhz səfirin köməkçilərdən biri oynayır...

1896-cı il oktyabrın 10-da, şənbə günü Sun Yatsen öz dostlarına – doktor Kentli ilə xanımına baş çəkmək qərarına gəlir; onlar Çinin diplomatik missiyasının yaxınlığında yaşayırdılar. Məşhur inqilabçı missiyanın yanından keçəndə, qapı ağzında durmuş Tan Sun Yatseni tanıyır və onunla öz dillərində söhbətə başlayır, birlikdə çay içmək təklif edir.

Sun Yatsen də, əlinə təsadüfən düşmüş fürsətdən bəhrələnmək qərarına gəlir. O fikirləşirdi ki, Londonda daha bir dost tapmaq, Çin missiyasında işləyən birisini öz tərəfinə çəkmək çox faydalı olar. Özünü gözləyən təhlükədən isə, onun heç xəbəri yox idi. Çünki o vaxt Sun Yatsen Çen Tsayşi adı altında yaşayırdı; arxayın idi ki, düşmənləri onu tanıya bilməz. Beləcə, görkəmli konspirator çay içmək təklifinə məmnuniyyətlə razılıq verir və missiyanın binasına girən kimi, tələyə düşür.

Makkartni sevincindən özünə yer tapa bilımirdi və indi, doktor Sunu ik imkanda gəmi ilə gizlincə Çinə yollamaq üçün yollar axtarırdı. Lakin, dostunun gəlib çıxmadığından nigaran qalan doktor Kentli və Sun Yatsenin başqa tərəfdarları həyəcan təbili çalırlar. Vəziyyətin mürəkkəb olduğunu nəzərə alaraq, onu tapmaq üşün tez Sleterin axtarış bürosuna müraciət edirlər və ona Makkartninin təklif etdiyi məbləğdən daha artıq pul təklif edib, Sun Yatsenin tapılmasında yardımçı olmasını istəyirlər. Sleter də fürsəti fövtə verməyib, dostlarını hardan tapa biləcəklərini onlara dəqiq söyləyir.

Üstəlik, Sun Yatsenin özü də bayıra xəbər yollamağa müvəffəq olur. O, dostlarına ünvanladığı məktubunda yazır: “Məni aldadıb, Çinin diplomatik missiyasına gətiriblər və İngiltərədən Çinə göndərmək istəyirlər; bu isə labüd ölümdür. Yalvarıram, məni mümkün qədər tez xilas edin! Məni Çinə gedən gəmiyə mindirə bilsələr, heç birinizlə əlaqə saxlamaq imkanım olmayacaq. Kömək edin!”

Sun Yatsenin dostu Kentli isə, yalnız özəl axtarış bürosuna deyil, həm də, Skotland-Yarda və Forin Ofisə müraciət etmişdi. Amma onlar diplomatik problem yaratmaq istəmədiklərindən, konkret iş görməyə tələsmirdilər. Vəsiyyəti belə görən Kentli “Qlob” qəzetinə yollanır, məsələni danışır və orada onu başa düşürlər.

Məşhur “Tayms” qəzetinin birinci rəqibi olan “Qlob” əlinə düşmüş sensasiyadan vaz keçmir, “Tayms”ı qabaqlamaq üçün ən yaxın sayında beş sütunluq böüyk bir yazı dərc edir. Yazıya çox cəlbedici, diqqətçəkən bir başlıq da qoyurlar: “Ağlasığmaz hadisə” Londonda gizli inqilabçı oğurlanıb!”

Səs-küylü yazıdan sonra nə London polisinin, nə Forin Ofisin bu faktı qulaqardına vurmaq imkanı yox idi; ictimai fikir buna imkan verməzdi. Beləliklə, doktor Kentli İngiltərə Xarici İşlər nazirliyinin və Skotland-Yardın nümayəndələrilə birgə Çin missiyasına gəlir. Makkartninin öz əsirini təhvil verməkdən başqa yolu qalmır. Əsiri qaytaranda, özünü hörmətdən salmamaq üçün belə bir bəyanat da verir: Cənablar, mən sizə bu şəxsi qaytarıram, lakin diplomatik missiyada sizin törətdikləriniz beynəlxalq hüquqa ziddir; suverenliyimizin və şəxsiyyət toxunulmazlığının pozulmasıdır”

Nəticədə, bu işin bütün günahı səfir köməkçisi Tanın boynunda qalır - onu insan oğurluğunda ittiham edirlər.

Azad olmuş Sun Yatsen isə, inqilabi mübarizəsini davam etdirir. O, bir müddət Avropada qalır, sonra Yaponiyaya yollanır. Orada 1905-ci ilin avqustunda “Tunmenxoy” (“Çinin İttifaq liqası”) adlı siyasi təşkilat yaradır. Vətəninin bütün iri mərkəzlərində təşkilatın qeyri-leqal şöbələrini qurur. 1905-ci ilin noyabr ayından “Minbao” (“Xalq işi”) qəzetinin dərcinə başlayıb, rus fəhlə-kəndlilərinin inqilabi təcrübəsini və üsullarını təbliğ etməyə başlayır.

Çində artıq azadlıq hərəkatı artıq geniş vüsət tapmışdı. 1911-ci ildə Cənubi Çinin bir-çox şəhərlərində üsyanlar başlanır. Əyalətlərin çoxunda hakimiyyət üsyankarların əlinə keçir. Həmin ilin dekabr ayında Nankində inqilabçı əyalətlərin nümayəndələrindən ibarət Milli məclis toplanır. Məclis ölkəni respublika elan edir və dekabrın 29-da mühacirətdən vətənə dönən doktor Sun Yatsen Çin Xalq Respublikasının müvəqqəti prezidenti seçilir. Beləliklə, üç yüz illik mancur zülmünə son qoyulur, əzəmətli Tsin sülaləsi tarixin arxivinə gedir...

Haşiyə: Bu gün Sun Yatseni hətta, Konfusi və Men-tszı ilə müqayisə edirlər. Deyirlər ki, bu iki şəxsiyyət tarixi missiyalarının Çini birləşdirmək olduğuna sidq-ürəkdən inanırdılar. Lakin nə Konfutsi və Men-tszı öz ideyalarını həyatda gerçəkləşdirə bilmədi, Sun Yatsen isə, onlardan fərqli olaraq, Çin tarixinə görkəmli siyasi xadim kimi daxil oldu və xalq onu “real siyasətin Konfusisi” adına layiqü gördü...