97
14:28
20 İyul 2019

“Gilan Holding” KİV nümayəndələri üçün təlim keçirir

Azərbaycanda müxtəlif uğurlu layihələrin həyata keçirilməsinə dəstək göstərən “Gilan Holding”, proaktiv və öz işini sevən KİV nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunan “Breaking News!” Media Weekend 2019 adlı təlim proqramı təşkil edib.
Lent.az -ın məlumatına görə, təlimin aparıcısı beynəlxalq media üzrə ekspert və konsultant Fil Vordmandır. O, “Sky News”, “BBC”, “Thomson Reuters”, “ITV News” media qurumlarında 30 ildən çox müxtəlif rəhbər vəzifələrində çalışaraq, dünya səviyyəsində tədbirlərin planlaşdırılmasını və işıqlandırılmasını həyata keçirib. Bir çox ölkələrdə peşəkar media təlimləri keçirən Fil Vordman, “Gilan Holding”-in dəvəti ilə ilk dəfə Azərbaycan jurnalistləri ilə öz təcrübəsini bölüşüb.
“Pullman” otelində baş tutan təlimdə dünya səviyyəsində irimiqyaslı tədbirlərin, biznes və iqtisadiyyat xəbərlərinin işıqlandırılması, məlumatların yoxlanılmasında tətbiq olunan alətlər, mediada rəqəmsal texnologiyaların istifadəsi üzrə ən son həllər müzakirə olunub. Bundan əlavə, müxtəlif tipli xəbərlərin ən effektiv formada yayımlanması, həmçinin aktual hadisələr barədə daima xəbərdar olmağın sirləri və digər maraqlı yeniliklər Fil Vordmanın təqdimatında açıqlanıb.
Təlim iki gün davam edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.