120
11:06
20 İyul 2019

Azərbaycanın regionlarında uşaqlar üçün bərpa müəssisələri tikiləcək - RƏSMİ

Bu ildən başlayaraq Azərbaycanın bir sıra regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq.
APA -nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya xidmətlərinə baxış keçirərkən qurumun kollektivi və buradakı uşaqların valideynləri ilə görüşü zamanı bildirib.
S. Babayev görüşdə reabilitasiya sisteminin qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi, bərpa infrastrukturunun respublikamızın bölgələri üzrə genişləndirilməsi üçün aparılan işləri qeyd edib.
Uşaq Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. Mərkəzdə qəbul və qeydiyyat, tibbi reabilitasiya, sosial reabilitasiya ve tədris şöbələri fəaliyyət göstərir. Uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb edilirlər. Burada il ərzində 2 mindən çox sağlamlıq imkanları məhdud uşağa 40 növdə reabilitasiya xidmətləri göstərilir.