187
19:12
19 İyul 2019

Bakıda binaların eyvanlarındakı zivələr kəsilib - VİDEO

Bu gün paytaxtın estetik görünüşünün pozulmaması üçün mərkəzi prospektlərdə olan binaların eyvanlarından paltar asmaq üçün təyin edilən zivələr kəsilib.
APA TV-nin xəbərinə görə, Xətai Rayon Polis İdarəsinin və ərazi üzrə mənzil istismar sahələrinin əməkdaşları bir neçə binada eyvanlarda paltar qurutmaq üçün asılan ipləri söküblər.
Mərkəzi prospektlərə baxan binalarda paltar asmaq qadağan edilsə də, buna məhəl qoyan yoxdur.
Xətai Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru Nofəl Əliyev bu cür tədbirlərin daim nəzarətdə saxlanıldığını bildirib:
“Bugünkü tədbirimiz nəticəsində şəhərdə üzü prospektə baxan binaların estetik görünüşünə xələl gətirən iplər tərəfimizdən kəsilir. Bu cür tədbirlər daima nəzarətdə saxlanılır. Bu gün demək olar ki, Xətai rayonunun inzibati ərazisində 60-a yaxın evdə tərəfimizdən bu cür tədbirlər keçirilib. Hazırda tədbirlərimiz davam etdirilir”.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları aidiyyəti qurumlarla birgə bu cür tədbirləri mütəmadi olaraq davam etdirəcək.