191
17:15
18 İyul 2019

Antisanitar şəraitdə pendir hazırlanan sex aşkarlandı

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi monitorinqlər zamanı Bərdə rayonu, Bəciravan kəndi ərazisində antisanitar şəraitdə fəaliyyət göstərən pendir sexi aşkarlanıb.
Agentliyin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, qanunsuz fəaliyyət göstərən sexə baxış zamanı məlum olub ki, müəssisədə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədən “saçaqlı pendir” istehsal olunur.
Sexdə heç bir soyuducu sistemdən istifadə edilmədiyi, istehsalatda laborator analiz, plasterilizasiya, dezinfeksiya, deratizasiya tədbirlərinin həyata keçirilmədiyi, qablaşdırılmanın düzgün aparılmadığı, pendirin antisanitar şəraitdə hazırlandıqdan sonra hisə verilərək satışa çıxarıldığı aşkar edilib.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər.