116
15:46
18 İyul 2019

Əhalimizin 6 milyona yaxını səhralaşma təhlükəsi olan zonada yerləşir

“Azərbaycanın 36 inzibati rayonu səhralaşma təhlükəsi olan zonada yerləşir. Ölkə əhalisinin 6 milyona yaxını səhralaşmaya məruz qalmış ərazidə yaşayır”.
Bunu APA -ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib. Onun sözlərinə görə, Azərbaycanda səhralaşma ən çox düzənlik, dağətəyi və alçaq dağlıq ərazilərdə geniş yayılıb. Bunlar Ceyrançöl, Acınohur alçaq dağlığı, Kür-Araz ovalığı, Gəncə-Qazax maili düzənliyi, Böyük Qafqazın cənub-şərq hissəsi, Abşeron, Samur-Dəvəçi ovalığının xeyli hissəsidir: “Azərbaycan ərazilərində səhralaşma hətta orta dağlığa qədər gedib çatır. Məsələn, Naxçıvanda səhralaşmanın yuxarı sərhədi 2000 metrə qədər qalxır. Talış dağlarında isə orta dağlıq hissə, yəni Yardımlı, Cəlilabadın və Biləsuvarın müəyyən hissəsi səhralaşmanın intensiv getdiyi ərazilərdir”.
M.İsmayılov qeyd edib ki, səhralaşmanı yaradan 45-dən çox amil qeydə alınıb. Bunların 87%-i bilavasitə antropogen amillərlə bağlıdır:
“Keçən əsrin 50-ci illərindən sonra Kür-Araz ovalığında da səhralaşma özünü aydın göstərir. Hazırda 1 milyon hektardan artıq ərazi müxtəlif dərəcədə səhralaşmaya məruz qalıb. Bu torpaqların təmizlənib kənd təsərrüfatı dövriyyəsinə qaytarılması milyardlarla manat pul tələb edir. Səhralaşma torpağın məhsuldarlığını itirməsidir. Əgər biz şəhər salırıqsa, yaşayış məntəqələrini genişləndiririksə, əslində bunlar bilavasitə səhralaşmış sahələrdir. Hazırda Abşeronda yaşıllıq sahələrinin genişlənməsi səhralaşmanın tendensiyasını yumşaldıb. Amma bununla belə Abşeron səhralaşma təhlükəsi olan ərazidir. Abşeron yarımadasında daş karxanaları zonaları, neftlə çirklənmiş ərazilər, şoranlığa məruz qalmış sahələr var. Çirklənmiş gölməçələr xeyli sahə tutub. Bunlar hamısı səhralaşma ocaqlarıdır. Belə ocaqların vaxtında aradan qaldırılması Abşeron yarımadasında səhralaşmanı xeyli zəiflədə bilər. Abşeronda bir balaca külək qalxan kimi daş karxanalarından qalxan toz-duman xeyli sahədə toz burulğanı yaradır”.
Şöbə müdiri əlavə edib ki, orta və yüksək dağlıq ərazilərdə eroziyaya məruz qalmış torpaqlar da geniş yayılıb:
“Bəzən eroziya səhralaşma kimi başa düşülür. Böyük Qafqazda 5 kvadrat kilometrdən böyük ərazi bilavasitə zəif, orta, yüksək dərəcədə eroziyaya məruz qalmış ərazilərdir. Azərbaycan hər il səhralaşmaya qarşı mübarizə üçün kanallar çəkilir, şoran torpaqlar yuyulur, bataqlaşmaya qarşı mübarizə aparılır. Dünyada olduğu kimi, Azərbaycanda da səhralaşmaya qarşı mübarizənin aktuallığı özünü aydın göstərir. Bu sahədə elmi-tədqiqat işlərinin davam etdirilməsi vacibdir”.