293
12:12
18 İyul 2019

Sosial şəbəkələr yenə çökəcəkmi? - "Facebook" və "İnstagram" 2, “WhatsApp” isə 3 "ALDI"

Dünən dünyanın əksər ölkələrində sosial şəbəkələrdən istifadədə problemlər yaranmışdı.
Maraqlıdır ki, son vaxtlar bu cür problemlər tez-tez yaşanmağa başlayıb. Bununla bağlı isə hər dəfə müxtəlif fikirlər - kənar müdaxilələr, server problemləri və s. səslənir.
Azərbaycanda yaranmış problemlə bağlı olaraq isə dünən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilmişdi ki, sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır və yerli telekommunikasiya sistemlərindən, həmçinin mobil operatorlardan qaynaqlanmır.
Bəs istifadəçilər ən çoxhansı problemlərdən şikayətlənirlər?
Lent.az populyar internet resurslarının işini təqib edən “Downdetector” xidmətinə istinadən məlumat verir ki, son 3 ayda ölkədə ən çox istifadə edilən “Facebook”, “İnstagram” dünya ölkələrinin istifadəçiləri tərəfindən 5 üzərindən 2 ulduzla, “WhatsApp” isə 3 ulduzla qiymətləndirilib.
Məsələn, “Facebook”dan ən çox şikayət edənlərin 57 %-i şəbəkədə ümumi problemlərdən, 21 %-i əsas səhifənin yenilənməməsindən, 20 %-i isə girişdəki problemlərlə bağlı məlumat verib.
“İnstagram” istifadəçilərinin 81 %-i əsas səhifənin yenilənməməsindən, 9 %-i girişlə bağlı problemdən, 9 faiz isə şəbəkənin internet versiyasından şikayətlənib.
“WhatsApp” şəbəkəsindən istifadə edənlərin 58 %-i bağlantının zəif olmasından, 35 %-i göndərilən və alınan mesajlardan, 5 %-i isə girişdən şikayətlənib.
Xatırladaq ki, bu ilin may ayının 9-da “Facebook”un həmtəsisçisi, amerikalı sahibkar Kris Hyuz mayın 9-u “ The New York Times” qəzetində dərc olunan məqaləsində bildirmişdi ki, ABŞ hökuməti şirkət rəhbəri Mark Zukerberqi bazardakı inhisarçı mövqeyindən məhrum etməli və fotoşəkil mübadiləsi üçün nəzərdə tutulan “İnstagram” proqramı ilə “WhatsApp”ı onun əlindən almalıdır. Sahibkar qeyd edib ki, “Federal Ticarət Komissiyasının (FTK) ən böyük səhvi “Facebook”, “İnstagram” və “WhatsApp”ın Zukerberq tərəfindən əldə edilməsinə maneə olmaması olub.
Hyuz əlavə edib ki, ABŞ hökuməti vəziyyəti nəzarətinə götürməlidir və Zukerberq faktiki olaraq səhmlərin 60%-nə nəzarət edir deyə “Facebook”da istifadə ediləcək alqoritmlər, istifadəçilərin xəbər lentində görə biləcəyi dərclər, məxfilik qaydaları və məlumatlarla bağlı təkbaşına qərar verə bilir.
Bundan başqa yazını dərc edən köşə müəllifi bildirib ki, şirkətin mayın 30-na təyin edilən növbəti illik səhmdarlar iclası ərəfəsində onların bir hissəsi Zukerbergin direktorlar şurasının sədri postundan getməsini tələb edib. ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının saytında dərc edilən bəyanatda qeyd olunub ki, bir sıra səhv nəticəsində şirkət rəhbərliyi ötən ilin iyul ayından başlayaraq qiymətləndirmə dəyərinin 40%-ni itirib. Bəyanatın müəllifləri bu itkilərə görə bilavasitə Zukerberqin məsuliyyət daşıdığını bildiriblər. Onların fikrincə, Zukerberq faktiki olaraq şirkətə təkbaşına rəhbərlik edir. Onun işini optimallaşdırmaq üçün başqa variantlarla yanaşı 2012-ci ildən bu vəzifəni tutan və eyni zamanda şirkətin baş direktoru olan Mark Zukerberqin yerinə idarə şurasına müstəqil sədrin seçilməsi təklif olunsa da, bu baş tutmayıb.
Həmçinin xarici ekspertlər tez-tez “Tecnote” saytına bildirirlər ki, şirkət daxili qruplaşmalar onu göstərir ki, sosial şəbəkələr hələ çox çökəcək.