Medianın dini tolerantlığın qorunmasında rolu
15 iyul 2019 10:52 (UTC +04:00)

Medianın dini tolerantlığın qorunmasında rolu

"Bu gün dünyanın müxtəlif yerlərində  müsəlmanlar məzhəb ayrı-seçkiliyi, ekstremizm, dini radikalizm və terror kimi ciddi problemlərə qarşılaşır və islam adı altında gizlənən, dinimizlə heç bir əlaqəsi olmayan qüvvələr tərəfindən həyata  keçirilən terror hadisələri müsəlmanlara qarşı ən böyük haqsızlıq, ədalətsizlikdir. Bu gün dünyada törədilən terror hadisələri   qurbanlarının əksəriyyəti də məhz müsəlmanlardır. İslam dünyasındakı müharibə və münaqişələrə rəvac verən məzhəb ayrı-seçkiliyinin, dini ekstremizm və terrorun, getdikcə güclənən islamofobiyanın, müxtəlif ölkələrdə müsəlmanların qətliamlarının qarşısını almaq, islam aləminin inkişafına və rifahına nail olmaq üçün islam həmrəyliyi zamanın çağırışı və tələbidir. Şərqlə Qərbin qovşağında yerləşən qədim Azərbaycanda müxtəlif dinlərin, ayrı-ayrı mədəniyyətlərin nümayəndələri tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşayıblar. 2016-cı ilin ölkəmizdə multikulturalizm ili, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan edilməsi bütün dünyada, xüsusilə islam aləmində sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgə yaşayışa çağırış və töhfədir ".

 

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin  İstanbulda keçirilən “Türkiyə-Azərbaycan timsalında islam həmrəyliyi” konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunda yer alıb. Dövlət başçısı bu qısa mesajı Azərbaycanda hökm sürən dini tolerantlıq və Azərbaycanın İslam həmrəyliyi yönündə fəaliyyətinin məğzini əks etdirir. Əhalisinin mütləq əksəriyyəti müsəlman olan və telorantlığı ilə dünyaya nümunə göstərilən Azərbaycanın islam həmrəyliyi fonunda dünyada dini həmrəyliyə  nail olmağa çalışır.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da APA-ya müsahibəsində bildirib ki, Azərbaycanda möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik mövcuddur. Təbii ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar bu sabitliyi şərtləndirir. Bununla yanaşı, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Bu baxımdan Azərbaycan ən sabit ölkələrdən sayıla bilər. Dövlət Komitəsinin sədri bildirib ki, ölkədə dövlət-din münasibətləri qanunlara, ən əsası, ölkə Konstitusiyasına əsaslanır. Azərbaycanda dini azadlıqlar, o cümlədən vicdan azadlığı təsbit edilib. Vətəndaşlar “Dini etiqad azadlığı haqqında” Qanunun onlara verdiyi azadlıqlardan qanunlar çərçivəsində sərbəst istifadə edə bilirlər. Bu isə ölkədə dini konfessiyalar arasında heç bir ziddiyyət və qarşıdurmanın meydana çıxmasına imkan vermir. Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda dini nöqteyi-nəzərdən heç bir qarşıdurma ehtimalı gözlənilmir. Azərbaycan tolerantlıq nümunəsidir və ölkədə dini icmalar arasında münasibətlərdə tam sabitlik hökm sürür.

 

İslam sivilizasiyasının əsas mərkəzlərindən biri

 

 

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub, İslam dininin yayılmasında və Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir.  Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-dən çoxdur. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunub, Bakıda Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilib.

 

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradıb.

 

Bütün bunları nəzərə alaraq, Azərbaycan prezidenti İlham Əliyev 10 yanvar 2017-ci il tarixdə “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında”a sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 2017-ci il 10 fevral tarixli nömrəli sərəncamı ilə “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair tədbirlər planı” təsdiq edilib. Tədbirlər Planı çərçivəsində müxtəlif qurumların xarici filial və nümayəndəliklərində, İƏT, YUNESKO, İSESKO və digər beynəlxalq təşkilatların qərargahlarında, eləcə də aparıcı müsəlman ölkələrinin paytaxtları və şəhərlərində “İslam Həmrəyliyi İli” və IV İslam Həmrəyliyi Oyunlarının elan edilməsi ilə əlaqədar təqdimatlar, reklam çarxları və ingilis, ərəb, fransız dillərində nəşrlərin təqdimatları keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İslam həmrəyliyi ili” çərçivəsində 150-dən çox ölkədaxili və bir neçə beynəlxalq tədbir keçirilib. Bu tədbirlərdə çatdırılan mesaj da aydın idi.

Məsələn, Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “İslam dünyasında həmrəylik: dünən, bu gün, sabah” mövzusunda konfransda Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov konfransda bəyan etmişdi ki, indiyə kimi bir çox din xadimləri tərəfindən islam həmrəyliyi ilə bağlı çağırışlar edilib, təəssüf ki, bu ideya reallaşmayıb. Müsəlman ölkələrinin çoxunda islam həmrəyliyi ilə bağlı edilən çağırışlar elə o ölkələrin daxili auditoriyasına hesablanıb. Azərbaycan prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın İslam həmrəyliyi ilə bağlı çağırışı ölkənin hüdudları ilə məhdudlaşmayıb, Azərbaycanın İslam həmrəyliyi ilə bağlı çağırışı bütün islam dünyasına aiddir. Eyni zamanda  bu gün müsəlman dünyası terrorla, qanlı hadisələrlə çalxalandığı üçün islam həmrəyliyi ideyası nəinki müsəlman ölkələrində, habelə qeyri-müsəlman ölkələrində yüksək qiymətləndirilir.

 

Medianın töhfəsi

 

 

Azərbaycanda medianın ölkədə tolerantlığın, dini icmalar arasında sağlam münasibətlərin qorunması yönündə fəaliyyəti danılmazdır. Xüsusən dünyada artan dini ekstremizm və terror, getdikcə güclənən islamofobiya fonunda ölkəmizin aparıcı media orqanlarında bu kimi meyllərə qarşı yazılar işıq üzü görür, dini tolerantlıq təbliğ edilir. Müxtəlif dini icmaların rəhbərlərinin mesajları dövrü olaraq KİV-də yer alır. Bu gün ölkədəki dini icmaların rəhbərləri hər zaman ölkənin aparıcı media orqanlarında çıxış etmək imkanlarına malikdirlər. KİV-lər Dini Qurumlarla İş zürə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və digər qurumların ölkədəki dini icmalarla birgə təşkil etdikləri tədbirləri geniş işıqlandırır, hər zaman müxtəlif dini icmaların rəhbərlərinin çıxışlarına geniş yer ayırır. Xurafata qarşı mübarizə, dinin düzgün şəkildə təbliği və insanlara çatdırılması mediamızın fəaliyyətində əsas yer tutur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi dini sahədə jurnalistlərin ixtisaslaşmasını da hər zaman diqqətdə saxlayır. Ötən dövr ərzində bu istiqamətdə bir sıra seminarlar təşkil edilib, tədbirlər keçirilib. Bu tədbirlərdə jurnalistlərə dini mövzularda yazılar hazırlayarkən dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd kimi ziyanlı yanaşmalardan uzaq olmaq, xurafata, o cümlədən  sosial şəbəkələr və xaricdən idarə olunan bəzi saytlarda Azərbaycanda dini sabitliyi pozmaq, dini ayrı-seçkilik, qarşıdurma təbliğ edən müəyyən qüvvələrin çirkin niyyətlərini həyata keçirmək yönündə fəaliyyətlərinə qarşı mübarizədə aktiv iştirak etmək təlqin edilir. Çünki xaricdən idrə olunan belə saytları yaradanların məqsədləri bəllidir. Həmin qüvvələr Azərbaycanda  media-din münasibətlərindən narahatdırlar və bunu öz məqsədlərini həyata keçirmək yönündə əsas maneələrdən biri sayırlar. Azərbaycan dövləti bu cür destruktiv mənbələrə qarşı qəti və ardıcıl mübarizə aparır və dövlət və medianın bu sahədə birgə fəaliyyəti belə cəhdlərin qarşısının alınmasında rolu çox əhəmiyyətlidir.

 

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri müavini Gündüz İsmayılov da mətbuata açıqlamalarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mütəmadi olaraq çap və elektron KİV-in monitorinqini apardığını açıqlayıb. Monitorinqin nəticələrindən asılı olaraq təhlil işləri aparılır və təhlil işlərinin nəticəsində də müvafiq işlər görülür. G. İsmayılov bildirib ki, müxtəlif monitorinqlər hamanı ölkədə məzhəb, din ayrı-seçkiliyi salan, dini qarşıdurmaya rəvac verə biləcək məlumatların yer aldığı saytlar aşkarlanıb. Bu saytların əksəriyyəti dini qaynaqlı saytdır. Baxmayaraq ki, özlərini xəbər saytı, portalı kimi təqdir edir, əksəriyyəti sırf dini mahiyyət daşıyan, dini qruplar tərəfindən idarə edilən internet resursudur. Bu cür saytların əksəriyyəti, demək olar ki, xarici ölkələrdən idarə olunur. Onların domenlərinə baxanda da bunu görmək mümkündür  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həmin saytlarla bağlı müxtəlif vaxtlarda hüquq-mühafizə orqanlarına müraciət edib və  lazımi tədbirlər görülüb.

 

Domenlərini ölkə xaricindən əldə edilən, ancaq Azərbaycan dilli sayt kimi fəaliyyət göstərən bu saytları Mətbuat Şurası da diqqətdə saxlayır, izləyir. Mətbuat Şurası şikayətlər, müəyyən sübutlar əsasında bu məsələləri gündəmə gətirir. Amma sözsüz ki, ictimai qınaqlar belə məqamların aradan qaldırılmasında həlledici rol oynayacaq.

 

 Mirmahmud KAZIMOĞLU

 

Qeyd: Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəsinə təqdim olunur.

 

# 643
avatar

Oxşar yazılar