1094
16:15
13 İyul 2019

Ana südü süni yeməklərlə əvəz olunanda... – Pediatrdan ŞOK AÇIQLAMA

Uşaqlarda piylənmə halının baş verməsi bir çox ölkələrdə, eləcə də Azərbaycanda geniş yayılmış problemə çevrilib. Son zamanlar körpələrdə piylənmə halının artması BMT-nin hesabatında da qabarıq şəkildə öz əksini tapıb.
Bəs uşaqlarda piylənmənin körpə yaşlarından başvermə səbəbləri hansı zərurətdən doğur?
Bu və ya digər suallara aydınlıq gətirmək üçün pediatr Günay Rəsulovaya müraciət etdik.
O, mövzu ilə bağlı Lent.az -a açıqlamasında bildirdi ki, uşaqlarda piylənmə halı əsasən qida rejiminin pozulması və fiziki aktivliyin azalması nəticəsində baş verir.
Onun sözlərinə görə, ölkəmizdə son illərdə 5 yaşadək artıq çəkidən əziyyət çəkən uşaqların sayı artıb:
“Azyaşlılarda piylənməyə səbəb körpələrin ana südü ilə qidalanmamasıdır. Çox təəssüf edirəm ki, ana südü ilə qidalanan körpələrin statistik rəqəmi ildən-ilə aşağı düşür. Analar özləri üçün rahat olsun deyə, övladlarına süni yeməklər verirlər ki, bu da artıq çəkinin yaranmasına səbəb olur. Ana südü bağırsaqlarda rahat həzm olunduğuna görə piylənmənin qarşısını alır. Lakin bəzi uşaqlara inək südü, süni qidalar verilir və zamanından tez əlavə qidalara keçilir ki, bu da uşaqlarda artıq çəki probleminə yol açır. Bundan başqa un məmulatları, şirniyyat, tez hazırlanan yeməklər, şirin içkilər, azhərəkətli həyat tərzi, televizor və kompüter arxasında çox vaxt keçirmək piylənmə halını daha da artırır”.
Ailədaxili məsələlərin müzakirəsinin, münaqişələrin azyaşlıların yanında qabardılmamasını valideynlərə tövsiyə edən həkim onu da qeyd etdi ki, ailədə baş verən söz-söhbətlər də uşaqlarda artıq çəki yaranmasına gətirib çıxarır:
“Ailədə baş verən söz-söhbətlər uşaqlarda sinir sisteminə təsir edir. Stress, əsəb gərginlik də artıq çəkinin yaranmasına zəmin yaradır".
Qeyd edək ki,Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd edilir ki, əgər müvafiq tədbirlər görülməzsə, 2025-ci ildə piylənmə və köklükdən əziyyət çəkən körpələrin və uşaqların sayı 70 milyona çatacaq. Bu da öz növbəsində on milyonlarla uşağın köklüklə bağlı xəstəliklərdən - şəkərli diabetdən, ürək, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkməsinə səbəb olacaq.