238
13:30
09 İyul 2019

Bu uşaq bağçalarında yoxlama aparılacaq - RƏSMİ

"Son zamanlar mediada uşaq bağçalarında aparılan yoxlamalar zamanı AQTA tərəfindən 1500 manat cərimə yazılması barədə xəbərlər yayılıb. Bu, həqiqətə uyğun deyil".
APA xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurumun səlahiyyətlərinin icrasına başlamasının bir ilinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, respublikada 1600 uşaq bağçasından seçmə yolu ilə 400-də monitorinqlərin keçirilməsini planlaşdırılır: "Məqsədimiz böyüməkdə olan nəslin sağlam qida ilə təmin olunmasıdır. Səhiyyə Nazirliyi tərəfindən məktəbəqədər müəssisələrdə uşaqların qidalanma rasionu işlənib hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Yəqin ki, yaxın vaxtlarda bu sənəd təsdiqini tapacaq. Bağçalarda qidalanma rasionu tətbiq olunmalı və onun qida təhlükəsizliyi təmin edilməlidir".
AQTA sədri qeyd edib ki, Azərbaycanın bütün ərazilərində körpələrə eyni qida verilməməlidir: "Məsələn, bəzi bölgələr var ki, orada dəmir çatışmazlığı var. Nəticədə həmin bölgədə dəmir defisitli anemiya var. Bu, Azərbaycanda qız uşaqlarında daha çox müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Azərbaycanda 2017-ci il dəmir defisitli anemiya qadınlar arasında 44 faiz olub".