507
11:23
09 İyul 2019

Qanunsuz mikroavtobuslar: sərnişinlər işbazları niyə müdafiə edir? - RƏSMİ AÇIQLAMA

"Dəfələrlə sərnişinlərimizə müntəzəm qanuni daşımalardan istifadə edərək, ancaq avtovağzal və avtostansiyalardan hərəkət edən avtobuslardan istifadə etmələrinin vacib olduğu bildirilib. Lakin təəssüflər olsun ki, sərnişinlər mənzil başına daha tez çatmaq bəhanəsilə bu cür qeyri-qanuni daşımalardan istifadə edirlər".

Bu sözləri Lent.az -a açıqlamasında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib. O bildirib ki, qeyri-qanuni daşımalar zamanı xeyli sayda ağır nəticələr olub, hətta uşaqlar belə dünyasını dəyişib:

"Dəfələrlə qeyri-qanuni daşımalara qarşı Dövlət Yol Polisi ilə birgə keçirdiyimiz monitorinqlər vaxtı qanunsuz mikroavtobuslar təsbit edirik. Lakin sərnişinlər bu cür işbazları müdafiə edirlər. Guya dürücü daşınan sərnişinlərin qohumudur. Bu zaman isə biz heç bir tədbir görə bilmirik.

Hazırda mövsümlə əlaqədar olaraq avtobusların sayı artırılıb. Sərnişinlər respublikanın bütün avtovağzallarında heç bir problem olmadan qanuni daşımalarla səfərini daha təhlükəsiz başa vura bilərlər. Təbii ki, qəza hər iki daşıma halı üçün mümkündür. Ancaq riskləri nəzərə alaraq, övladlarınızı düşünərək ehtiyatlı olmaqda fayda var".