899
13:15
05 İyul 2019

Su altında qalanlar: Samux, Moloqa, Bayıl, Feya...

Rusiyanın İrkutsk vilayətində sel fəlakəti yaşanır. Təkcə Tulun şəhərində yağan aramsız yağışlar nəticəsində onlarla evi su basıb.

Lent.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yağıntının bu tempdə davam edəcəyi təqdirdə, şəhərin bütünlüklə su altında qalacağı və yer üzündən silinəcəyi bildirilir.

Bəs görəsən, su basma və sel nəticəsində indiyədək hansı şəhərlər yer üzündən silinib?

2001-ci ildə çinli arxeoloqlar Fuşian şəhəri yaxınlığında tədqiqatlar aparıblar. Həmin vaxt şəhərə yaxın Çin gölünün dərinliklərində çoxlu binalar və tikintilər aşkarlamışdılar.

Heç kimə sirr deyil ki, qədimlərdə Krit adası insan sivilizasiyasının və mədəniyyətinin mərkəzlərindən biri olub. Krit adasının yaşayış məntəqələrindən bir neçəsi suyun altında qalıb. Bu yerlər sonradan həmişə turistlərin maraq dairəsində olub.

Qədim Feya şəhəri Yunanıstanın qərbində baş vermiş güclü zəlzələ nəticəsində Aralıq dənizinin səviyyəsindən beş metr dərinliyə qərq olmuşdu. 1911-ci ildə qazıntılar zamanı Feya şəhərinin qalıqları tapılmışdı.

Arxeoloqlar bir əsrdən çoxdur ki, Polones müharibəsi haqqında ətraflı məlumat əldə etmək üçün Feya şəhərin xarabalıqlarını öyrənirlər.

Yoxa çıxan şəhərlərdən biri də İtildir. 2008-ci ildə rus alimi Dmitri Vasilyev Xəzər dənizinin şimalında VIII əsrə mənsub olan xarabalıqlar aşkar edir. Bu xarabalıqların İtil şəhərinin qalıqları olduğu bəlli olur.

Qədim holland şəhəri Seftingen də daşqının qurbanı olub. Sonradan qurudulması isə cəhdləri uğursuzluqlarla nəticələndi.

Rusiyanın Moloqa şəhəri də su anbarının qurbanı olub. 40-cı illərin sonunda Rıbinsk su anbarının tikintisi nəticəsində Moloqa əhalisi oradan köçürülür. Moloqayla yanaşı Vesyeqonsk şəhəri də eyni aqibəti yaşayır.

1955-ci ildə Qorki adına su anbarının tikintisinə start verilir. 2 ayın içində Puçej şəhərini əhalisi köçürülür. Və su anbarı tikildikdən sonra şəhər büsbütün suyun altında qalır. Rusiyanın digər şəhəri Korçeva isə Moskva-Volqa kanalının tikintisi nəticəsində məhv olur.

Azərbaycanda da su altında qalan məkanlar olub. Onlardan biri Bayıl qalasıdır. Bakının Bayıl burnu yaxınlığında hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi, Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biridir. 13-cü əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur.

Su altında qalan yerlərdən biri də Samux kəndidir. 1948-ci ildən başlayaraq Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə bağlı ərazisinin çox hissəsi su altında qalıb.