198
12:30
05 İyul 2019

Müəllimlərin işə qəbulu üzrə imtahanların tarixi AÇIQLANDI

İyulun 8-24-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi keçiriləcək.

Bu barədə Lent.az -a Təhsil Nazirliyindən məlumat verilib.

Alman dili və tarix üzrə imtahan iyulun 8-i, fizika, fransız dili və musiqi üzrə iyulun 9-u, informatika və rus dili üzrə iyulun 10-u, ingilis dili üzrə 11-12 iyul, biologiya üzrə 12-13 iyul, coğrafiya üzrə 13 iyul, ibtidai sinif üzrə 15-18 iyul, təsviri incəsənət üzrə 18 iyul, fiziki tərbiyə üzrə 18-19 iyul, riyaziyyat üzrə 19-22 iyul, texnologiya üzrə 22 iyul, kimya üzrə 22-23 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 23-24 iyul, Azərbaycan dili, rus dili və ədəbiyyatı üzrə 23 iyul tarixlərində test imtahanları keçiriləcək.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.