429
14:19
04 İyul 2019

Bu il müəllim olmaq istəyənlərin sayı çoxaldı - YENİ NƏLƏR OLACAQ?

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb. Bu il iyunun 24-dən və iyulun 3-dək miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 54 687 namizəd qeydiyyatdan keçib. Elektron ərizələrdəki göstəricilər araşdırıldıqdan sonra 52 638 namizədin ərizəsi qəbul olunub.

Təhsil Nazirliyi məlumat verib ki, bu gün müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanan namizədlərin şəxsi səhifələrinə imtahanların tarixi və keçiriləcəyi yer barədə məlumat göndəriləcək.

Test imtahanlarının iyulun 8-dən Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilməsi nəzərdə tutulub.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib ki, imtahanda təxminən ötənilki sayda namizədin iştirak edərsə, imtahanların iyulun 24-dək bitəcəyini demək olar.

Qeyd edək ki, keçən il 50 min 697 nəfər müsabiqədə iştirak emək üçün qeydiyyatdan keçmişdi. Onlardan təqribən 44 min nəfəri test imtahanında iştirak edəcəyini bildirsə də, 39 min nəfər imtahanda iştirak edib.

M.Camalzadə bildirib ki, bu il ötənikli illərdən fərqli olaraq ilk dəfə imtahan qaydalarında heç bir dəyişiklik olmayacaq: “Test imtahanlarından sonra növbəti seçim mərhələsi olan vakansiya mərhələsi başlayacaq. Namizədlərə 8 vakant yer seçmək imkanı veriləcək və onlar bal yüksəkliyinə uyğun olaraq, seçim ardıcıllığı əsas götürülməklə vakansiya ilə təmin ediləcək. Bu mərhələdən sonra dördüncü-müsahibə mərhələsi olacaq”.

Qeyd edək ki, ötən il 8 minə yaxın vakant yer çıxarılmışdı. Bu il bu barədə hələ ki məlumat verilməyib.

Nazirlik rəsmisi qeyd edib ki, namizədlərin gələcəkdə vakansiyalarla bağlı daha geniş məlumat əldə edə bilmələri üçün texniki imkanların genişləndirilməsi nəzərdə tutulur: “Ötən il 8 minə yaxın vakant yer çıxarılıb. Bu il ona yaxın və ondan az da ola bilər. Hazırda bu işlə bağlı müvafiq araşdırmalar aparılır. Hər hansı rayon təhsil şöbəsi vakansiyanı gizlədərsə, həmin məlumatlar araşdırılacaq. Vakansiyaların gizlədilməsi ilə bağlı məlumatlar daxil olur. Araşdırılan zaman 10 müraciətdən birində gizlədilmə faktı ortaya çıxır”.

Qeyd edək ki, müəllim namizədləri vakansiyaların təqdim olunmasının rayon təhsil şöbəsinə, məktəb direktorlarına həvalə olunmasını narazılıqla qarşılayır.

Nazirlik isə bildirir ki, vakansiyaları yalnız rayon təhsil şöbələri deyil, maliyyə hesablaşma mərkəzləri də həyata keçirir: “Nazirlik vakansiyaların gizlədilməsi ilə bağlı zəruri tədbirlər göürür. Əgər vətəndaş vakansiyanın gizlədilməsi ilə bağlı konkret faktlar bilirsə, nazirliyə müraciət edə bilər”.

M.Camalzadənin sözlərinə görə, ötən il ikinci turun keçirilməsinə təlabat olub, namizədlər bunu istəyib və ikincu tur baş tutub: “Yəqin ki, bu il də ikinci turun keçirilməsi ilə bağlı müraciətlər olacaq və əsas turdan sonra ikinci tur-əlavə yerləşdirmə olacaq. Bu tur da başa çatdıqdan sonra artıq müqavilə ilə işə qəbul həyata keçiriləcək”.

İmtahanın ən çox diqqətdə saxlanılan məsələlərindən biri də suallarla bağlıdır. Nazirlik rəsmisi vurğulayıb ki, sualları fənn ekspertləri bu ildə istifadə olunan tədris proqramlarına uyğun həyata keçirir. Yəni, suallar müəllimin tədris edəcəyi mövzuya uyğun olacaq.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, artıq bir neçə ildir orta məktəblərdə müəllimlərin işə qəbulunun mərkəzləşmiş və müsabiqə yolu ilə şəffaf həyata keçirilməsi orta məktəblərdə müsbət abu-havanın formalaşmasına səbəb olub: “Ümid edirəm ki, hər imtahan saatında fərqli test tapşırıqları olacaq. Çünki səhər saatlarında olan imtahandan çıxanlar onlara düşmüş sualları sosial şəbəkələrdə paylaşır və sonrakı saatlarda imtahan verənlər daha yüksək bal toplayır. Ona görə də təkrar suallar olmamalıdır. İkincisi, imtahan iştirakçılarına imtahan sualları o fənnin imtahanı bitəndən sonra şəxsi kabinetdə yerləşdirilməlidir ki, onlar hansı suallara səhv cavab verdiklərini görsünlər”.